İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...
Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Türkiyənin İstiqlaliyyət müharibəsi"ni oxuculara təqdim edirik.
"Respublika".
Türkiyənin İstiqlaliyyət müharibəsi (Qurtuluş savaşı)
Dünya tarixində elə hadisələr var ki, hələ də indiki dövrdə təsirləri davam edir. Bunlardan bəziləri isə XX əsrdə baş vermiş və günümüzə qədər gəlib çıxmış, bəşəriyyətin təkamülünə səbəb olaraq tarixin gedişatını dəyişdirmişdir. Belə hadisələrdən biri də bütövlükdə türk dünyasının böyük zəfəri hesab edilən Türkiyənin İstiqlaliyyət müharibəsidir. XX yüzilliyin ən böyük hərbi və siyasi xadimlərindən olan Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türk Milli Hərəkatının qələbəsi ilə nəticələnən bu savaş, Osmanlı İmperiyasının süqutu, Lozanna müqaviləsinin imzalanması və nəhayət, Türkiyə Cümhuriyyətinin bütün dünyada müstəqil dövlət kimi qəbul edilməsinə səbəb olmuşdur. Qurtuluş savaşı həmçinin, bütün dünyada hüquqları istismar olunan dövlətlərə nümunə olmaqla bəşəriyyətin formalaşmasında böyük rol oynamışdır. Osmanlı imperiyasının xarabalıqları üzərində müasir Türkiyə Respublikasını inşa edən Mustafa Kamal öncə Çanaqqala, daha sonra isə Qurtuluş savaşında göstərdiyi böyük şücaəti, ağlı və cəsarəti ilə yüz milyonlarla insanın dərin ehtiramını qazanmış, bütün dünyaya türkün gücünü göstərərək tarixə düşmüşdür.
30 avqust zəfəri Türkiyənin və qəhrəman Türk Ordusunun tarixində milli Qurtuluş savaşının dönüş nöqtəsi hesab olunur. 1919-cu ildə böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan mücadilə məhz 1922-ci ilin avqust ayında özünün ən parlaq zirvəsinə yüksəlmişdi. Elə bir zirvəyə ki, bütün dünyanı heyrətə salmışdı. Bu zəfər türk millətinin XX yüzillikdə dünya tarixində yazdığı ən böyük qəhrəmanlıq səhifəsidir.
Bu səhifələri vərəqlədikcə, qəhrəman türk millətinin vətənpərvərliyi, yurduna və torpağına olan bağlılığı, sevgisi açıq-aydın görünür. Lakin zəfərə aparan yol o qədər də hamar olmayıb...
Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edərək müharibəyə qoşuldu. Bu qanlı müharibə Türkiyəni zəif saldı. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratdı. 1918-ci il oktyabrın 30-da Antanta dövlətləri ilə Türkiyə arasında "Mudros" adlı təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya əsasən, Türkiyə parçalanırdı. Bununla da işğalçı ölkələr istədiyi şəkildə böyük türk torpaqlarında hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. Bu planları həyata keçirmək üçün Yunanıstan istilasından bəhrələnirdilər. 1919-cu il mayın 15-də yunan qoşunları imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi. İngilis qoşunları isə İstanbulun içərilərinə doğru irəliləyirdi.
İzmirin işğalından sonra işğalçı dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı başladı. Artıq müharibədən yorulmuş Osmanlı türkləri yenidən özlərində güc taparaq düşmənə müqavimət göstərirdi. Beləliklə,