Camal Sürəya
"Həyatda göz yaşlarıma layiq insan görmədim. Ya mənim göz yaşlarım dəyərsizdi, ya da uğrunda göz yaşı tökə biləcəyim insanlar mənasızdı". Belə deyərdi türk ədəbiyyatının ən məşhur simalarından biri, sevgi şeirləri ilə adı dillər əzbəri olan Camal Sürəya... Həyatı boyunca 4 dəfə evlənən şair bəlkə də elə bu səbəbdən şeirlərində qadın ruhunu daha yaxşı tərənnüm edə bilirdi...
Əsl adı Cəmaləddin Seber olan Camal Sürəya Ərzincanda dünyaya göz açıb. 7 yaşında anası Gülbəyaz xanımı itirən Camala və bacılarına nənəsi baxıb. Ana sevgisindən məhrum qalan şair atasının evlənməyini istəyirdi: "İstəyirdim evdə bir qadın olsun, ana deyək". Ancaq bu istəyini atasına bildirmir. Bir müddət sonra nənəsi qocaldığı üçün uşaqlara baxa bilməyəndə, əmisinin vasitəçiliyi ilə atası Əsma adlı xanımla evlənir. Ancaq Əsma Camal Sürəyaya həsrətində olduğu ana qayğısı yerinə həyatı boyunca unutmayacağı acılar yaşadır. Ögey anasını "dəli" adlandıran Camal Sürəya onun çox pis insan olmasından xatirələrində bəhs edir. Yeri gəlmişkən qeyd edək ki, sürücülüklə məşğul olan şairin atası Hüseyn bəy avtomobil qəzasında həlak olub. O, atasının ölümünü "faciəvi ölüm" adlandırırdı.
Şair həyatı boyunca 4 dəfə evlənib. Qadınlara olan bağlılığı şeirlərində də özünü büruzə verirdi. Camal Sürəya dəfələrlə qadınlar mövzusunda şeir yazıb.
İlk evliliyi orta məktəbdə sinif yoldaşı olan Seniha Nəmli ilə olub. O, ilk həyat yoldaşına "Bənzəri olmayan yar" deyirdi. Bu nikahdan cütlüyün Ayşə adlı qızı dünyaya gəlib. Sonra anlaşılmazlıq səbəbindən boşanıblar.
Camal Sürəyanın həyatındakı daha bir qadın isə Tomris Uyar olub. O zamanlar Ülkü Tamer adlı adamla evli olan Tomris xanım Camal Sürəyaya aşiq olur və sevgiləri üçün ikisi də boşanır. Bu gün belə onların sevgisi haqda "Türk ədəbiyyatının ən məhsuldar sevgisi" deyilir. Onlar rəsmi olaraq evlənməsələr də 3 il birlikdə yaşayıblar.
Camal Sürəya sevgi və ehtiras dolu ən gözəl şeirlərini Tomris xanıma həsr edib. Daha sonralar isə Camal Sürəya ən uzunmüddətli evli qaldığı Zühal Təkqanada aşiq olub. Bu evlilikdən isə cütlüyün Memo Əmrah adlı oğlu dünyaya gəlib. Onların bir-birlərini hədsiz dərəcədə qısqanması boşanmalarına səbəb olub.
Camal Sürəya üçüncü dəfə evlənir. "Xanım Nəhayət" adlandırdığı Güngör Dəmirayla evliliyi böyük sevgi ilə başlasa da, cəmi bir il davam edir. Camal Sürəyanın qısqanclığından bezən qadın onu tərk edir.
Şair dördüncü dəfə isə Birsən Sağnak adlı xanımla ailə həyatı qurub. Birsən xanım dörd uşağı olan ana, eyni zamanda kitab evinin sahibi idi. Şairin "Xanım Ən Nəhayət" adlandırdığı bu qadın xarakterindəki çətinliklərə rəğmən ona daha çox şəfqətli yanaşırdı. Evliliyi çox yaxşı gedən zamanlarda Camal Sürəya təqaüdünün az olmağı səbəbindən bankda işə başlayır. Ancaq bank iflasa uğrayır. Mühakimə olunan Camal Sürəya qısa müddət sonra bəraət alır. Siqaret vərdişindən bu illərdə xilas olan Camal Sürəya həyatı boyunca spirtli içkidən uzaqlaşa bilmir.
Şair 59 yaşında İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. İkinci həyat yoldaşı Zühal xanım onun ölümü ilə bağlı xatirələrində deyir: "İnsulin ürək döyünməsini sürətləndirib, ürək çatışmazlığı olduğu üçün də vəfat edib. Ölüm kağızında səbəb kimi şəkər, ağciyər şişi və ürək çatışmazlığı yazılıb. Ölümünün səhəri günü cənazəsi əvvəl Zincirlikuyu qəbiristanlığına, sonra isə Qulaqsız qəbiristanlığına aparıldı. Bütün dostları orada idi. Camal məzara qoyulan zaman bir ağ göyərçin oradan uçub getdi. Bunu heç zaman unutmaram"...
Pol Sezan
Fransanın məşhur post impersionist rəssamı Pol Sezan... Həyatının sonuna qədər rəssam kimi qəbul edilməyən bu