Qarabağ cənnətə dönür
Siyasət

Qarabağ cənnətə dönür

Bölgədə 9 şəhər, 300-dən artıq yaşayış məntəqəsi bərpa ediləcək

Torpaq halallıq sevər, qayğı, nəvaziş istər. Ona doğma olanların, onu sevənlərin əllərinin, ürəklərinin hərarətindən dirçələr, laləzara, gülüstana çevrilər... Otuz il bu doğmalığa həsrət qalan, sinəsi yad ayaqlar altında tapdanan torpaqlarımız, suyu quruyan bulaqlarımız, sönmüş ocaqlarımız azadlığın dadını çıxarır indi. Nəhəng-nəhəng maşınların, qurğuların gurultusu axar çayların səsinə qarışıb dağlara, dərələrə yayılır, sanki: "Biz qayıtmışıq, biz əbədi qayıtmışıq", - deyir. Bu torpağın yaraları sağalır, düşmənin ayaq izləri silinir yavaş-yavaş. Dağıdılmış tarixi, mədəni abidələr bərpa olunur, yeni yollar, elektrik, su xətləri çəkilir, işıq gəlir, həyat gəlir. Sevinir bu torpağın hər bir övladı. Dədəmiz Qorqud demişkən: "Bu torpağı əkib-becərmədinsə, onu heç qorumağa dəyməz". Onu qorudu, xilas etdi, azadlığa qovuşdurdu bu yurdun igid oğulları. İndi əkib-becərir, qurub-yaradır.

Yenilməz sərkərdəmiz torpaqlarımız erməni tapdağından xilas edilər-edilməz, öz planlarını açıqlamışdı: "Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin...".

Dövlət başçısı İlham Əliyev 2021-ci il aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya Sakit okean üçün İqtisadi Sosial Komissiyanın "Asiya Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında videoformatda təqdim olunan çıxışında Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işlərinin həcminin kifayət qədər böyük olduğuna diqqət çəkərək bildirmişdi: "Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər kəndlərin, bütün mədəni dini abidələrin bərpası kimi nəhəng vəzifə durur".

Bəli, vəzifə nəhəng, məsuliyyətli, taleyüklüdür. Söhbət 9 şəhər 300-dən artıq yaşayış məntəqəsinin bərpasından gedir. Özü Prezidentin dediyi kimi, hər şey sıfırdan başlayır... İndi bir tərəfdən, torpağın bağrını dəlib düşmənin basdırdığı partlayıcı silah-sursat çıxarılıb zərərsizləşdirilir, digər tərəfdən, orada yol, körpü salınır, evlər, sosial obyektlər, tikintilər, müvafiq struktur yaradılır.

İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində beynəlxalq səviyyəli üç hava limanının inşasının da sosial-iqtisadi önəmi kifayət qədər böyükdür. Ötən il Zəngilanın Ağalı kəndi yenidən tikilib sakinlərin ixtiyarına verildi. Mərhələli şəkildə köç karvanları Ağalıya döndü, Qarabağda 30 ildən sonra ilk dərsin zəngləri çalındı. Bir qədər sonra isə Tərtərin Talış kəndi təzə görkəmdə öz sakinlərini qoynuna aldı... Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü rəhbərliyilə 2020-ci il dekabrın 8-dən Heydər Əliyev Fondu işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir.

Mədəniyyət paytaxtımız Şuşa indi daha qürurludur, çünki onun da tarixi görkəmi özünə qaytarılır. Məscidlər bərpa olunur, azan səsi eşidilir. Yaradıcılıq Mərkəzi, Rəsm Xalçaçılıq qalereyaları bərpa edilib. Şuşanın əvvəlki ənənələri qayıdır. Artıq iki ildir ki, "Xarıbülbül" musiqi festivalı musiqi, şuşasevərləri bir araya yığır, Cıdır düzündən nəğmələr dörd bir yana yayılır: "Biz azad