NATO-nun BAŞ KATİBİNDƏN ÇİNƏ XƏBƏRDARLIQ
“Çin Ukraynaya qarşı müharibədə kömək üçün Rusiyaya silah tədarükünə başlayarsa, böyük səhv etmiş olacaq”. “Report” agenliyinin məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında bəyan edib.
Baş katibin sözlərinə görə, NATO xarici işlər nazirlərinin növbəti görüşündə Rusiya və Çin arasında artan yaxınlaşmanın müzakirəsi planlaşdırılır. “Rusiya və Çinin beynəlxalq nizama və demokratik dəyərlərə meydan oxuduğu bir vaxtda həmrəy olmağımız vacibdir”, - deyə Stoltenberq əlavə edib.
Xatırladaq ki, daha öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin Rusiyaya silah ötürməyəcəyinə dair vəd verdiyini bildirmişdi.
Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müzakirələrdə iştirak edir. Aprelin 4-5-də isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.
SƏUDİYYƏ ƏRƏBİSTANINDAN BƏŞƏR ƏSƏDƏ GÖZLƏNİLMƏZ TƏKLİF
Səudiyyə Ərəbistanı may ayında Ər-Riyadın ev sahibliyi edəcəyi Ərəb Dövlətləri Liqasının sammitinə Suriya prezidenti Bəşər Əsədi dəvət etməyi planlaşdırır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, səfər reallaşarsa, bu, Dəməşqə və Əsəd rejiminə qarşı regional təcridin rəsmən sona çatması demək olacaq.
Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Fərhan Al Saudun Suriya prezidenti Bəşər Əsədə mayın 19-da keçirilməsi planlaşdırılan sammitlə bağlı rəsmi dəvətnamə təqdim etmək üçün yaxın həftələrdə Dəməşqə gedəcəyi bildirilir.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı hökuməti və hər iki ölkənin xarici işlər nazirlikləri iddiaya münasibət bildirməyib.
Qeyd edək ki, Bəşər Əsədin Ərəb Dövlətləri Liqasının sammitində iştirakı Suriyanın 2011-ci ildə təşkilatdan çıxarılmasından sonra ərəb dünyasında reputasiyasını bərpa etməsi baxımından ən mühüm gəlişmə kimi qiymətləndirilir.
“G7” ÖLKƏLƏRİ İSTİXANA QAZLARI İLƏ BAĞLI ÇAĞIRIŞ EDƏCƏKLƏR
“G7” ölkələrinin energetika və ətraf mühit nazirlərinin birgə bəyanatı beynəlxalq birliyi orta temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün karbon dioksid emissiyalarını azaltmağa davam etməyə çağıracaq. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Nikkei” qəzeti xəbər verib.
Bildirilir ki, birgə bəyanat layihəsinə görə, “G7” nazirləri orta temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artmasının qarşısını almaq üçün 2035-ci ilə qədər istixana qazları tullantılarının azaldılması fikrini dəstəkləyəcəklər. Nazirlərin görüşü aprelin 15-16-da Yaponiyanın Sapporo şəhərində keçiriləcək.
Xatırladaq ki, 2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üçün Paris sazişi imzalanıb. Saziş çərçivəsində iştirakçı ölkələr orta temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon dioksid emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürüblər.
25 MİN İNSANIN HƏYATINA SON QOYMUŞ VULKAN YENİDƏN FƏALLAŞIB
Alimlər Kolumbiyanın Nevado del Ruiz vulkanında baş verən aktivliyə görə partlayış riskinə qarşı xəbərdarlıq ediblər. “Teleqraf.com”un verdiyi xəbərə görə, Kolumbiya Geoloji Xidmətinin açıqlamasında vulkanda təkcə aprelin 2-də 9600 təkanın qeydə alındığı bildirilib.
Bununla yanaşı, ekspertlər aidiyyəti qurumlardan mümkün partlayış riskinə qarşı “narıncı siqnal”a keçməyi tələb ediblər. Geoloji Xidmət püskürmə baş verəcəyi təqdirdə, vulkanik reaksiyanın şiddətli olacağını da açıqlayıb.
Məlumata əsasən, sözügedən vulkanik fəaliyyət davam edərsə, ölkədə uçuşların dayandırılacağını xatırladan qurum paytaxt Boqota da daxil olmaqla bir çox bölgənin təsirlənəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, 1985-ci il noyabrın 13-də Nevado del Ruiz vulkanında püskürmə nəticəsində əmələ gələn lava nəticəsində 25 min insan həyatını itirmişdi. “Armero” faciəsi adlandırılan təbii fəlakət səbəbiylə bu gün