DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KUBADA 30 ILDƏN SONRA ILK ETIRAZ AKSIYALARI KEÇIRILIR

Kubanın bir sıra şəhərlərində kommunistlərin hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilir. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı “Röyters” agentliyi yayıb.

Bildirilir ki, Kuba paytaxtı Havanada pulemyotlar quraşdırılan avtomobillər də görünüb. Kuba prezidenti Miqel Dias-Kanel iğtişaşları qızışdırmaqda ABŞ-ı ittiham edib. Onun sözlərinə görə, inqilabı müdafiə etməyin vaxtı çatıb və tərəfdarlarını küçələrə axışmağa çağırıb.

Eyni zamanda, Kuba hökuməti kütləvi etirazlar fonunda ölkədə fövqəladə vəziyyət elan edib. Belə ki, müxtəlif qoşun növləri və Kuba təhlükəsizlik qüvvələrinin əlavə bölmələri ölkənin paytaxtı Havanaya yerləşdirilib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan nümayişçiləri dəstəklədiklərini bildirib. ABŞ-da yaşayan Kuba əsilli bir sıra siyasətçilər isə prezident Cozef Baydeni “Azadlıq adası”ndakı etirazlara müdaxilə etməyə çağırıblar.

Məlumat üçün qeyd edək ki, Kubada sonuncu dəfə etiraz aksiyaları təxminən 30 il əvvəl keçirilib.

HAITI PREZIDENTINƏ SUI-QƏSDDƏ ŞÜBHƏLI BILINƏN ƏSAS ŞƏXS SAXLANILIB

Haiti prezidenti Jovenel Moizə qarşı sui-qəsdin əsas təşkilatçılarından biri olduğu iddia edilən şübhəli həbs edilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Verilən xəbərə görə, təhlükəsizlik qüvvələri hadisəni araşdırmağa davam edir.

Haitinin polis rəisi istintaq çərçivəsində ABŞ-ın Florida ştatında yaşayan Kristian Emmanuel Sanon adlı bir həkimin nəzarətə alındığını və bu şəxsin qətlin əsas təşkilatçılarından biri olduğunu bildirib.

Haiti polisi əməliyyatlar zamanı prezident Jovenel Moizə qarşı sui-qəsddə şübhəli bilinən 17 kolumbiyalı və Haiti mənşəli 2 şübhəlinin tutulduğunu bildirib.

Bununla yanaşı, Haiti polisi ictimaiyyətdən qalan cinayətkarları tapmaq üçün polislə əməkdaşlıq etmələrini istəyib.

İRANIN NÜVƏ PROQRAMIYLA BAĞLI MÜZAKIRƏLƏR SONA YAXINLAŞIR

İranın nüvə proqramı ilə əlaqədar Avstriyanın Vyana şəhərində davam edən müzakirələr prosesinin sona yaxınlaşdığını demək olar. “Trend” agentliyinin İranın Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu qurumun mətbuat katibi Səid Xətibzadə bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, bəzi həll olunmayan məsələlər hələ də qalmaqdadır, lakin həll edilən məsələlər daha çoxdur.

“Bu məsələlərin həlli uzun bir prosesdən keçib və heç də asan olmayıb. Tərəflərin qarşılıqlı şəkildə öz qərarlarını verəcəyinə ümid edilir. Belə olan halda, hamı üçün münasib anlaşma əldə olunacaq”, - deyə XİN-nin mətbuat katibi vurğulayıb.

Səid Xətibazadə əlavə edib ki, Vyana müzakirələrində bir çox mətnlərin hazırlanması irəliləyişdir. Bu məsələ tərəflərə prosesi tam şəkildə dərk etmək imkanı yaradır.

İran XİN rəsmisi qeyd edib ki, nüvə müzakirələri ilə əlaqədar anlaşmanın tez bir zamanda əldə olunması İranın xeyrinədir.

HINDISTANDA ILDIRIM 49 NƏFƏRIN HƏYATINA SON QOYUB

Hindistanın şimalında yerləşən Uttar-Pradeş və Racastxan əyalətlərində ildırım vurması nəticəsində 49 nəfər dünyasını dəyişib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “Times of India” nəşri yayıb.

Məlumata əsasən, Uttar-Pradeşdə 30 nəfər, Racastxan da isə 19 nəfər vəfat edib. Qeyd edilib ki, Racastxanın Caypur şəhərində 11 nəfər XII əsrdən qalma Amber qülləsində şəkil çəkdirərkən ildırım onları vurub.

Verilən xəbərə görə, ölənlər arasında 4 uşaq da var.  Həmçinin xeyli sayda adamın xəsarət aldığı bildirilir.

Hindistanın baş naziri Narendra Modi ildım vurması nəticəsində xəsarət alanlara maliyyə yardımı ediləcəyini vurğulayıb.

TÜRKMƏNISTAN SƏRHƏD BÖLGƏSINƏ AĞIR HƏRBI TEXNIKA CƏMLƏŞDIRIB

Türkmənistan Əfqanıstanla sərhəddə yerləşən Sərhədabad şəhərinə ağır hərbi texnikalar göndərib. “Report”un məlumatına görə, bu barədə “Turkmen.news” portalı bir neçə məlumatlı mənbəyə istinadən xəbər verib.

Bildirilir ki, xüsusilə tanklar, müxtəlif növ silahlar və zirehli nəqliyyat vasitələri sərhəd bölgəsinə yerləşdirilib. Redaksiyada müvafiq fotolar olsa da, nəşr çəkiliş müəlliflərinin təhlükəsizliyi naminə onları yayımlamayıb.

Mənbənin verdiyi məlumata əsasən, cənub sərhəd bölmələrinə son üç gündə bir neçə dəfə döyüş həyəcanı siqnalı verilib. Bundan əlavə, Əfqanıstan ərazisindən güclü partlayış səsləri eşidildiyi də qeyd olunur.

RƏSMI PEKIN: ABŞ-IN ADDIMLARINA QARŞILIQ VERILƏCƏK

Çin 34 şirkətinin ABŞ tərəfindən qara siyahıya salınmasına qarşı lazımlı tədbirlər görəcək. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib.

Nazirlikdən verilən məlumata görə, ABŞ-ın Çin şirkətlərini qara siyahıya salması əslində “çinli təşəbbüskarların məntiqsiz olaraq çəçivəyə salınmasıdır ki”, bu da beynəlxalq iqtisadi və ticarət şərtlərinin pozulmasıdır.

Açıqlamada həmçinin qeyd olunur ki, Çin şirkətlərinin qanuni haqlarını və maraqlarını qəti şəkildə qorumaq üçün tədbirlər görüləcək.

Xatırladaq ki, ABŞ-ın Ticarət Nazirliyi iyulun 9-da ölkənin xarici siyasəti və təhlükəsizlik maraqlarına əks fəaliyyət göstərdiyini əsas gətirərək Çinin 34 şirkətini qara siyahıya salındığını açıqlayıb.

TÜRKIYƏDƏ İŞİD-Ə QARŞI ƏMƏLIYYAT KEÇIRILIB

Türkiyənin Mersin, Adana və Antalya şəhərlərində İŞİD terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar keçirilib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Xəbər verilir ki, Mersin Baş Prokurorluğunda terror təşkilatı daxilində müxtəlif bölmələrdə fəaliyyət göstərdiyi müəyyənləşdirilən şəxslərin yaxalanması istiqamətində cinayət işi başlanılıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı 5 nəfər şübhəli səxs qismində saxlanılıb.

Barələrində cinayət işi açılan şəxslərin eyni zamanda ölkə ərazisinə qanunsuz giriş etdiyi də məlum olub.

FRANSA YOLLARINDA 1100 KILOMETRLIK TIXAC YARANIB

Fransanın avtomobil yollarında tıxacların ümumi uzunluğu 1100 kilometrə çatıb. “Report” agentliyinin “France Info” nəşrinə istinadən verdiyi xəbərə görə, tixacın 200 kilometrlik hissəsi Paris və ətrafının payına düşür.

Bununla yanaşı, yollarda uzun tıxacların yaranmasının səbəbi kimi əhalinin kütləvi şəkildə tətil üçün dəniz kənarlarına üz tutması göstərilir.

Ekspertlər iri şəhərlərin sakinlərinə şəxsi avtomobillə saat 16:00-dan sonra yola çıxmağı tövsiyə ediblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.