“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
OXTAY VƏTƏNXAH
Oxtay Vətənxah adı ilə tanınan Adil Vətənxah 1989-cu ildə Təbriz şəhərində dünyaya göz açıb. Azərbaycançılıq ruhu güclü olan vətənsevər bir ailədə böyüyüb boya-başa çatıb. İlk və orta təhsilini bitirdikdən sonra Təbriz Universitetinə daxil olub və 2011-ci ildə inşaat mühəndisliyi ixtisasına yiyələnib. Şeir, poeziya və bütövlükdə ədəbiyyatla yaxından maraqlanan Oxtayın bu günədək yazdığı sərbəst-azad-modern şeirlərindən ibarət "Biz tarixin alzaymeriyik" və "Bilməzkən utanmamaq" adlı iki kitabı çap edilərək yayılıb. Şair hazırda Təbrizdə yaşayır.
Ölümsüz arzuları sevərəm...
İyirmi bir yaşımda doğulmuşam,
Neçə yaşım olduğunu bilmirəm...
Kiçik bir ehtimalla Təbrizdən sovuşsan, səni də sevə bilərəm.
Burda bütün girilməz
küçələrin adı həyəcan,
Çıxılmaz küçələrin adı qocalıq,
Biz getdikcə yaxınlaşar,
Hər yerə getsək ordadır,
Yalqızlığı deyirəm...
Heç kimsə yuxusunda ölməyib,
Öldüyümüz an yuxudan oyanarıq,
Kim nə bilir, bir axşamüstü öldüyümüzdə
hanki yuxudan oyanacağıq?!
İnsan bir vücud,
bir də fikirləşməkdən yaranar,
Bunlardan üstün bir şeydən danışıram.
Yalqızlığın ikinci sekansı yoxdur,
Ölüm yaşamağın eşantiyonu ,
Sevinc toplumun şans oyunu.
Kədər içimizdə hər nə varsa,
Bu bermodanın üç qolu var:
Mən,
Sən,
Vətən...
ŞƏBNƏM FƏRZİZADƏ ƏRDƏBİLİ
1986-cı ildə Ərdəbil şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini Ərdəbildə bitirib. "Fars dili və ədəbiyyatı", "Ticari yönətim" ixtisasları üzrə ali təhsil alıb. 2015-ci ildə şeir yarışının qalibi olub. Bu günə kimi altı şeir toplusu (beşi farsca, biri türkcə) və xeyli məqaləsi yayımlanıb.
Oxunmamış vaylar
Vüqarlı dalğalar boy atıb səndə,
Ucaman qamətin səlabətimdir.
Müqəddəs toprağın bir çıraq kimi,
Tarixdə bəslənən hüviyyətimdir.
Çəkilən haraylar yazılacaqdır,
Oxunmamış vaylar yazılacaqdır,
Boğulan saraylar yazılacaqdır,
Qələmin söhbəti şəhadətimdir.
Səndən qanad alıb göyə ucalmaq,
Adını daşımaq, adınla qalmaq,
Sən ilə yaşayıb, səndə qocalmaq,
Həyat sərgisində səadətimdir.
Savalan qızıyam yaşmağım yaşıl,
Saçlarım qaradır, darağım yaşıl,
Qeyrətlə doludur ocağım, yaşıl,
Sənin nəcabətin nəcabətimdir.
Folklor xalq həyatının əks-sədasıdır
(əvvəli 7 mart tarixli sayımızda)
Qoyunçuluqla bağlı yaranmış nəğmələrdə - sayaçı sözlərdə kəndlinin həyatında qoyunçuluğun nə qədər böyük əhəmiyyət daşıdığı vəsf edilir. Qoyuna müraciətlə oxunan sayaçı sözlərdə kəndlinin güzəranını yaxşılaşdırdığına görə, bu heyvana sevgi və diqqət özünü göstərir. Özəlliklə nazını çəkdiyi, hətta aclıq gələndə başına dolandığı heyvandan zəhmət adamının xeyir