“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
ƏLİ DAŞQIN
1955-ci ildə Ucan-Bostanoba bölgəsinin Xalaç kəndində anadan olub. 5 yaşından etibarən kənddəki dini məktəbə gedib, ilk lisey təhsilini isə yeni üsullu məktəbdə alıb. Tam orta təhsilini Təbrizdəki Xətai adına orta məktəbdə davam etdirmək istəsə də, 8-ci sinifdə yazdığı "Ana dili" adlı inşaya görə məktəbdən qovulub Mahabada göndərilməsinə səbəb olub.
Ən böyük arzusu ana dili və ədəbiyyatı üzrə ali təhsil almaq olsa da, türkcə təhsil verən ali məktəb olmadığından elektronika mühəndisliyi üzrə diplom alıb.
"Qoçaq Babək", "Soldurdu xəzan", "Kömürü gözlər", "Cəbhəyə doğru", "Xəbər al bizdən", "Qalmadı", "El bağçası", "Getdim", "Əllərin", "Gecələr", "Sara", "Azərbaycan", "Sevək dünyanı", "Dəli gönlüm", "Sər qızılgülü" və s. şeirlərinə bəstələnmiş mahnılar müxtəlif ölkələrdə səsləndirilib.
Əli Daşqın bir sıra səhnə əsərləri də qələmə alıb. "Kənd gəlini" və "Aşiq öyrətmən" Türkiyənin Tarsus, "Dilənçi ölü" Mersin, "Yağmur duası" isə Adana bələdiyyə teatrlarında tamaşaya qoyulub.
Azərbaycan
Sözümsən mənim,
Gözümsən mənim,
Elə bil ki, lap
Özümsən mənim.
Yaşıl yaprağım,
Azərbaycanım!
Dağlarında çən,
Düzlərin çimən,
Çiləyir yağış,
Açır yasəmən.
Əziz toprağım,
Azərbaycanım!
Ey qutsal nənə,
İlham ver mənə,
Daşqın ellərin,
Qurbandır sənə.
Sönməz ocağım,
Azərbaycanım!
RÜQƏYYƏ ƏLİQULİAN (LALƏ)
1960-cı ildə Təbriz şəhərində anadan olub. Gənc yaşlarından şeir yazmağa maraq göstərib. Bir çox qəzet və dərgilərdə şeirləri yayılıb. Təbriz radiosunun "Şəhidlər" şeir yarışmasında üçüncü yeri qazanıb. Təbriz şeir dərnəyinin yarışmasında isə birinci olub. "Bayatı qumaşı", "Layla çaldım yatınca", "Yağmurlu duyğular", "Çiçəklər nəğməsi (3 cilddə)", "Bayatı çələngi" adlı kitabların müəllifidir.
Bahar
Mənim adım bahardı,
Üç aylıq ömrüm vardı.
Apararam dağın qarın,
Gətirərəm bağın barın.
Yer üzünü bəzərəm,
Dağı-daşı gəzərəm.
Qarı, buzu yeyərəm,
Yaşıl donu geyərəm.
Bağa çiçək səpərəm,
Ətək-ətək səpərəm.
Laləyə al don verib,
Yanağından öpərəm.
Ağaclara ağ örpək,
Gül çiçəkdən çəkərəm.
Coşar çeşmə gözündən,
Şirin sular içərəm.
Yer üzünə bir təzə,
Çiçəkli don biçərəm.