Birinci Dünya müharibəsi və Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni şovinistləri öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.
Ermənilər 1918-1920-ci illərdə Qərbi Azərbaycanın bütün ərazilərində olduğu kimi, Zəngəzur mahalında da amansız qırğınlar törətmiş, şəhər və kəndlər yandırılmış, tarixi abidələrimiz məhv edilmişdir.
Mən Qərbi Azərbaycanda yaşadığım illərdə dəfələrlə yaşlı nəslin nümayəndələrindən eşitmişdim ki, ermənilər zaman-zaman Zəngəzur mahalında terror hadisələri törətmiş, bu ərazidə yaşayan soydaşlarımıza qarşı dövlət səviyyəsində zülm və işgəncələr verilmiş, hətta dağlıq ərazilərdə azərbaycanlılar kütləvi surətdə öldürülmüş, dərin yerlərə doldurulmuş və üstləri basdırılmışdır. Ümumiyyətlə, ermənilərin Zəngəzur mahalında azərbaycanlılara qarşı törətdikləri qanlı terror hadisələri barədə zəngin məlumatım və qeydlərim də var. Mən əslən Zəngəzur mahalının, Qafan rayonunun Xələc kəndindənəm. Qafanın ərazisi 1805-ci ildən Rusiyanın tərkibinə birləşdirildikdən sonra müxtəlif dövrlərdə fərqli inzibati ərazi vahidlərinin tərkibində olmuşdur. 1861-ci ildən 1920-ci ilə kimi Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasına daxil edilmişdir. 1918-1920-ci illərdə Ermənistanda hakimiyyətdə olmuş daşnakçılar Zəngəzur qəzasını Ermənistana birləşdirmək üçün yaratdıqları silahlı dəstələrlə ərazidə türklərə qarşı soyqırımı həyata keçirmişlər. Bu zaman yüzlərlə kənd dağıdılmış və minlərlə insan həlak olmuşdur. Sağ qalanlar isə müxtəlif bölgələrə qaçmağa məcbur olmuşlar. Soyqırımı nəticəsində Qafanın indiki ərazisinə daxil olan kəndlər dağıntılara məruz qalmış, əhali isə qətlə yetirilmişdir.
1920-ci il aprelin 28-də Azərbaycanda, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti quruldu. Yeni qurulmuş sovet Ermənistanının ərazisinin az olması bəhanəsi ilə Moskvanın yeni bolşevik liderləri və RK(B) P-nin Rusiya Kommunist (bolşevik) partiyası Qafqaz Bürosu bütün vasitələrdən istifadə edərək Azərbaycanın ərazisi hesab olunan Zəngəzur qəzasının bir hissəsinin 1920-ci ilin sonunda Ermənistan SSR-ə verilməsinə nail oldular. Elə o vaxtdan da, Zəngəzurun Ermənistan SSR-ə düşən hissəsində 1930-cu ildə Sisyan, Qafan, Gorus və Meğri rayonları, Azərbaycan SSR-ə düşən hissəsində isə Qubadlı və Laçın rayonları yaradıldı.
Qafan rayonu hələ Zəngəzur qəzası dövründə müxtəlif mahallara, yarım rayonlara bölünmüş, Sünik, Ecanan, Qapan mahalları və Besakan dərəsindən ibarət olmuşdur. Ecanan mahalına əsasən türk kəndləri - Xələc, Təcədin, Yemizli, İncəvar və bir neçə kəndlər daxil idi.
Rayonun indiki ərazisində həmişə türk əhalisi üstünlük təşkil etmişdir. Türklərin sayı ermənilərdən iki dəfə çox idi. 1918-1920-ci illərdə Zəngəzurda ermənilər tərəfindən törədilən soyqırımı nəticəsində bir nəfər də olsun türk qalmamış, bu hal 1922-ci ilə kimi davam etmişdir.
Artıq 30-cu illərdə dirçələn türk kəndlərində kolxoz qurulmuş, ibtidai və yeddiillik orta məktəblər, kitabxanalar, səhiyyə müəssisələri fəaliyyət göstərməyə başlamışdır. Bu illərdə repressiya zamanı müxtəlif məsul vəzifələr tutan erməni daşnakları türklərə qarşı mübarizələrini davam etdirmiş, minlərlə zəngəzurlunun güllələnməsinə və Sibirə, Orta Asiyaya sürgünə göndərilməsinə nail olmuşlar. Repressiyadan xilas olanlar isə Türkiyəyə və İrana keçmişdilər.
1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan türklərin (azərbaycanlılar) SSRİ-nin ozamankı rəhbərliyinin birbaşa tələbi ilə Azərbaycan SSR-in aran rayonlarına köçürülməsi prosesi qafanlılara o qədər ziyan vurmasa da, 50-ci illərin sonu 60-cı illərin əvvəllərindən onların Abşeron yarımadasına, xüsusilə də, Bakı şəhərinə axını gücləndi. Buna səbəb ermənilərin həmin illərdən qafanlılara qarşı ayrı-seçkilik siyasəti olmuşdur.
Bu proses, nəhayət 1988-ci il noyabrın sonunda başa çatdı, yəni Qərbi azərbaycanlıların bir nəfər kimi öz ata-baba torpaqlarından zorla qovulması zamanı qafanlılar da doğma yerlərindən məhrum oldular.
Ümumiyyətlə, Qafan rayonunun ərazisində tarixən, yəni