Erməni şirkətləri hər zaman terrorçuluğu təbliğ edir
Digər xəbərlər

Erməni şirkətləri hər zaman terrorçuluğu təbliğ edir

44 günlük Vətən müharibəsindən sonra ikinci ən böyük uğurumuz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdırdı.

Bu barədə hərbi ekspert Emin HƏsƏnli bildirib ki, ermənilər indi şou göstərirlər. Məqsəd odur ki, özlərini məzlum kimi qələmə verib, Azərbaycan dövlətinə müxtəlif təzyiqlər göstərsinlər: "Ancaq buna nail ola bilməyəcəklər. Heç kim Azərbaycan dövlətinin iradəsinə qarşı addım ata bilmir. Dünyanın hansısa ölkəsinin ərazisinə başqa bir ölkədən yüklərin belə istənilən kimi daşınması qeyri-mümkündür. Azərbaycan dövlətindən humanitar yardım istəyirlərsə, Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər. Amma bunu qəbul etmirlər. Bununla bağlı fikir bildirən bəzi dırnaqarası humanist insan haqları müdafiəçiləri Azərbaycan torpaqları işğal olunanda səslərini belə çıxarmırdılar, Xocalı faciəsi ilə bağlı fikirlərini bildirmirdilər. Qarabağda yaşayan ermənilərin indi iki yolu var, ya Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq, Xankəndidə Azərbaycan bayrağını qaldırmaq, ya da ki, oradan istədikləri yerə köçmək. Kənar qüvvələr var ki, onlar münaqişəni uzatmaq istəyir, separatçılara dəstək olurlar. Onlar imkan vermirlər ki, bu münaqişə yekunlaşsın".

Ekspert həmçinin keçid məntəqəsinə toplaşan yük maşınlarının sahibi olan Spayk şirkəti barədə də danışıb: "Ermənistan öz iradəsi ilə hərəkət edə bilən dövlət olmadığına görə oradakı hansısa bir şirkət də müstəqil addım ata bilməz. Aydın məsələdir ki, bu şirkət xarici qüvvələr tərəfindən idarə edilir. Spayk şirkətinin dırnaqarası vətənpərvərliyi barədə söhbət də boş söhbətdir. Onlar hamısı vaxtında terrorçuluğu təbliğ edib və ya həmişə cinayətlərin içində olublar. Bu hərbi sursat daşımaqda ad çıxaran şirkət də Ermənistanın arxasında duran qüvvələr tərəfindən idarə edilir. Onların həftələrlə keçid məntəqəsində toplanıb qalan yük avtomobillərinin humanitar yardım daşıması da şübhə doğurur".

Röya RÜSTƏMLİ,

"Respublika".