2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapan Zəngəzur dəhlizi artıq regionun qaçılmaz reallığına çevrilib. Ötən il iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb".
Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin əsas hissəsinin - ümumi uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunun tikintisinin birinci mərhələsində artıq işlərin böyük hissəsi başa çatıb. 2021-ci ilin fevralında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 3 kilometrlik hissəsi, həmçinin Horadiz, Mərcanlı və Mahmudlu stansiyaları yenidən qurulur. İşlərin ikinci mərhələsi Soltanlı və Qumlaq stansiyaları ilə birlikdə 55 kilometrlik hissənin tikintisini əhatə edəcək. Nəhayət, işlərin üçüncü, sonuncu mərhələsində isə dəmir yolunun 25,4 kilometrlik hissəsinin və Mincivan, Bartaz və Ağbənd stansiyalarının təməli qoyulub. Ümumilikdə, dəmir yolunun uzunluğu boyunca 8 stansiya, 3 tunel, 41 körpü, 4 yol ötürücüsü və 300-ə yaxın süni mühəndislik strukturu nəzərdə tutulur. Birinci mərhələdə isə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, dəmir yolunun 23 kilometrlik hissəsində 9 körpü, 2 keçid, 52 qəza keçidi yenidən qurulub, relsin yuxarı konstruksiyasının elementləri döşənib.
Bu kontekstdə Zəngəzur dəhlizi region ölkələri arasında siyasi yaxınlaşma baxımından da əhəmiyyətlidir. Qarabağın investisiya cəlbediciliyində də Zəngəzur dəhlizinin imkanları əsas amildir. Artıq dünya mediası da mütəmadi olaraq dəhlizlə bağlı yazılar verir, onun reallığa çevrildiyini təsdiqləyir.
Dünyaca məşhur "Eurasi Review" nəşri yazır ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya və İran da daxil olmaqla bölgə ölkələrinin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətlidir. Dəhlizin əhəmiyyəti Amerika Birləşmiş Ştatlarının Zəngəzur dəhlizi ilə bağlı mövqeyində də açıqlanıb. ABŞ rəsmiləri önəmli mesajlar veriblər: "ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq". Bunu ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib. O qeyd edib ki, ölkəsi özəl şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir. Amerikalı rəsmi həmçinin bildirib ki, ABŞ şirkətləri Azərbaycanın "yaşıl enerji" ilə bağlı layihələrində iştirakçı olmağa da həvəs göstərirlər.
Zəngəzur dəhlizinin yaradılması günümüzün reallığıdır və bu prosesdə Çin, Avropa İttifaqı da maraqlıdır. Bu da onu göstərir ki, dəhlizin açılmasını istəməyən İrəvan və Tehran Çindən ABŞ-a, Avropa İttifaqından Rusiyaya qədər maraqların cəmləndiyi bu kommunikasiya xəttinə maneə törədəcək gücə sahib deyildirlər.
44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulması kimi dəyərləndirilir. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji layihənin reallaşmasında maraqlıdır. Lakin bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır.
Azərbaycan Prezidenti hər zaman hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu bəyan edir, həmçinin Zəngəzur dəhlizinin açılacağını əminliklə bildirir. Məlumdur ki, 2020-ci il 10 noyabr Bəyanatında regional kommunikasiyaların bərpası ilə bağlı məsələ də əksini tapıb.