Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, iki dövlət başçısının regionla bağlı qarşıya qoyulan planların həyata keçirilməsində iradə nümayiş etdirmələri, birgə mətbuat konfransındakı açıqlamaları, Ərdoğanın görüş zamanı Türkiyənin istənilən zaman Şuşada Baş Konsulluq açmağa hazır olduğunu bildirməsi və çox ciddi mesajlar verməsi revanşist qüvvələri təkrar hərəkətə keçirib. Onlar yenidən vəziyyəti gərginləşdirməklə istəyirlər ki, Azərbaycan hansısa ciddi bir addım atsın və bundan istifadə edərək bütün dünyaya bəyan etsinlər ki, burada vəziyyət gərgindir. Belə olan halda isə nə sülh müqaviləsindən, nə Zəngəzur dəhlizindən, nə də digər proseslərdən söz gedə bilər. Onlar həmişə bu cür davranıblar və davranmağa da davam edirlər.
Belə ki, son bir neçə gündür Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət yenidən gərginləşib. 12 iyun tarixindən başlayan bu gərginlik fonunda Ermənistan silahlı birləşmələri müxtəlif istiqamətlərdə atəşkəsi pozaraq ordumuzun mövqelərini atəşə tutublar. 12 iyun - Kəlbəcər, 13 iyun - Şuşa, 14 iyun - Naxçıvan, 15 iyun - Füzuli və Zəngilan istiqamətindəki mövqelərimizin atəşə tutulması heç də təsadüfi deyil. 12 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi, iyunun 13-də isə Prezident İlham Əliyevlə geniş tərkibdə görüş keçirməsi, Ermənistan və onun havadarlarını xeyli narahat edib.
Təbii ki, İrəvanın vəziyyəti gərginləşdirmək, Azərbaycan və Türkiyəni qətiyyətli mövqeyindən döndərmək cəhdi heç bir perspektivi olmayan boş bir addımdır. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib: "Ermənistanın sonuncu təxribatı Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk xarici ölkə səfərini Azərbaycana etməsi, onların səfərdən nə qədər narahat olduğunu göstərən bir reaksiya idi. Şərti sərhəddəki gərginliyin digər bir səbəbi isə 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün tamam olmasıyla bağlıdır.
Ermənistandakı separatçı qüvvələrə, əli qanlı terrorçulara göstəriş verən xarici dövlətlər var. Ermənistan bu cür sifarişlərə reaksiya verərək atəşkəsin sülh sazişi ilə əvəz olunmasını əngəlləmək istəyir.
Şuşada Türkiyə konsulluğunun açılması Ermənistan başda olmaqla, İrana və Fransaya verilən bir mesajdır. Artıq bundan sonra bu bölgədə sülh, sabitlik, əmin-amanlıq olmalıdır. Bunun üçün Şuşa Bəyannaməsində də qeyd olunduğu kimi, Zəngəzur dəhlizi dərhal açılmalıdır. Buna istər Ermənistan, istərsə də onun havadarları qarşı çıxsa belə, Zəngəzur dəhlizi açılmadan Azərbaycan ilə Ermənistan arasında sülh sazişi, eləcə də Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması ola bilməz. Ermənistan bu cür təxribatçı hərəkətləri ilə Azərbaycana heç nə edə bilməz, amma özü çox şey itirə bilər. Ermənistan tərəfi ağıllı və öz milli maraqlarına uyğun şəkildə davranmağı öyrənməlidir.
General vurğulayıb ki, ermənilərin bacardığı "ən gözəl" iş təxribat törətmək və ara qarışdırmaqdan ibarətdir. Onun sözlərinə görə, Ermənistan bu təhlükəli missiyasını israrla həyata keçirməkdədir: "Ermənistana müstəqil bir dövlət kimi yanaşmaq lazım deyil. İrəvanın arxasında güvəndiyi ''böyük qardaşları'' var. Ermənistan bütün addımlarını himayədarlarının onlara verdiyi təlimat və tapşırıq əsasında atır. Məqsəd bölgədə gərginlik yaratmaqla Azərbaycanı nəyəsə təhrik etmək və rəsmi Bakını "günahkar" çıxarmaqdır. Azərbaycanı dünya ictimaiyyətinə "sülh danışıqlarından qaçan" tərəf kimi göstərməyə çalışırlar. Paşinyan hökumətinin də səhər-axşam fərqli fikirlər bəyan etməsi, rəsmilərin ziddiyyətli açıqlamaları bununla bağlıdır. Moskvada bir cür davranır, Brüsseldə, Vaşinqtonda ayrı cür hərəkət edirlər. Bu, ermənilərin klassik variantıdır. Bir yandan Paşinyan Qarabağ Azərbaycan ərazisidir deyir, Türkiyə və Azərbaycanla əməkdaşlıqdan danışır. Digər tərəfdən isə əsassız iddialarla Bakı ittiham olunur. Yaxud da sərhəddə, o cümlədən Qarabağda təxribatlar törədilir".
Y.Karauz vurğulayıb ki, Azərbaycan Ordusu erməni tərəfindən atılan hər bir gülləyə misliylə qarşılıq