Aprel döyüşləri ordumuzun gücünü, dövlətimizin qüdrətini və xalqımızın həmrəyliyini nümayiş etdirdi
Hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan Aprel döyüşlərindən yeddi il keçir. Prezident İlham Əliyev rəsmi "Facebook" səhifəsində Aprel döyüşləri ilə əlaqəli paylaşımında qeyd edib: "Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi".
2016-cı il aprelin ilk günlərində cəbhə xəttində vəziyyətin kəskinləşməsi nəticəsində atəşkəs pozuldu. Atəşkəs imzalandığı 24 il ərzində atışmalar baş versə də, gərginlik bu səviyyəyə çatmamışdı. Ermənistan silahlı birləşmələrinin martın sonlarında ordumuzun mövqelərinə, kənd və qəsəbələrimizə artilleriya silahlarından ağır zərbələr endirməsi cavabsız qala bilməzdi. Yaşayış məntəqələrimizi atəş altında saxlayan yüksəkliklərdəki düşmən mövqelərini birdəfəlik susdurmaq üçün ordumuzun bölmələri aprelin ilk günlərində hərəkətə keçdi. Cəsur Azərbaycan oğulları Tərtər, Goranboy və Füzuli rayonları istiqamətində düşmənin işğal etdiyi ərazilərimizdə atəşkəs dövründə durmadan möhkəmləndirdiyi və keçilməz hesab etdiyi ön xətt mövqelərini qısa bir vaxtda yarmağı bacardılar və erməni hərbi birləşmələrini qaçmağa vadar etdilər. Müasir və qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaqla strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini, o cümlədən Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımızı tam azad etdi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Ordumuzun nəzarəti altına keçdi. Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilmiş ərazilərin, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi.
Bu döyüşlərdə Azərbaycanın zabit, gizir və əsgərləri əsl cəsarət və igidlik nümunələri göstərdilər. Zabit və əsgərlərimizin hər biri cəbhədə, sözün həqiqi mənasında, mətanət, dözümlülük, qələbə əzmi nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşərkən demişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir".
Döyüşlərdən sonra Silahlı Qüvvələrimizin bölmələri azad etdikləri yüksəkliklərdə qısa zamanda möhkəmlənməyi bacardılar. Düşmən həmin əraziləri qaytarmağa nə qədər cəhd göstərsə də, buna nail ola bilmədi, itkilər verərək geri çəkilməyə məcbur oldu. Döyüşçülərimizin apardığı mühəndis-istehkam işləri həmin mövqeləri alınmaz qalaya çevirdi.
Aprel döyüşləri beynəlxalq ictimaiyyət üçün də bir mesaj oldu ki, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq. Sübut etdik ki, Azərbaycan öz torpaqlarını qaytarmağa qadirdir. Aprel döyüşləri qəhrəman Azərbaycan əsgərinin öz torpaqlarını işğaldan azad etmək üçün hər zaman döyüşə hazır olduğunu göstərdi. Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu.
4 günlük Aprel döyüşləri 44 günlük müharibənin, Ermənistan ordusunun darmadağın edilməsinin əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı. Bu döyüşlər xalqımızın ürəyinin Qarabağ ilə bir vurduğunu dünyaya bir daha bəyan edərək, bütün xalqımızın savaşa hər an hazır olduğunu göstərdi. Nəhayət, 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Silahlı Qüvvələrin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli