İki il yarımdır ki, işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqram əsasında aparılır. İşğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin sürəti və miqyası gündən-günə artır, ermənilər tərəfindən viran edilmiş yurd yerlərinə həyat yenidən qayıdır, keçmiş məcburi köçkünlər dövlət tərəfindən inşa edilən modern evlərə köçməyin sevincini yaşayırlar.
Şanlı qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsindən dərhal sonra azad edilmiş ərazilərin bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yolların yenidən qurulması onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası gələcək, inkişafı, yüz minlərlə keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə təhlükəsiz qayıdışı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altında, tövsiyə və tapşırıqları əsasında, dünyanın ən müasir şəhərsalma təcrübəsi ilə müasir və modern yaşayış məntəqələri salınır. Qarabağa və Şərqi Zəngəzura səfər edən əcnəbi diplomatlar, jurnalistlər, blogerlər, səyyahlar bu ərazilərdə aparılan quruculuq işlərinə heyran qalır, qısa müddət ərzində həyata keçirilən layihələr onlarda xoş təəssürat yaradır, azərbaycanlıların nə qədər dinc, sülhsevər və qurucu bir xalq olduğuna şahidlik edirlər. Rəsmi məlumata görə, bu günədək 1500-ə yaxın investor Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib və qeyd edək ki, onların arasında xarici investorlar da var. Azad edilmiş ərazilər minalardan təmizləndikcə həmin investorlara lazımi şərait yaradılır. Artıq işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda 100-ə yaxın sahibkar fəaliyyətə başlayıb. Ümumiyyətlə, investorlarda maraq çox böyükdür. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ərazilər minalardan təmizləndikdən sonra keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qaytarılsın və orada yaradılan istehsal sahələrində işləyə bilsinlər. Əlbəttə, bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Qeyd etmək lazımdır ki, quruculuq işləri çox yüksək templə aparılır və bunu Prezident İlham Əliyevin kəndlərin, istehsal və xidmət müəssisələrinin təməlinin qoyulduğu Laçına sonuncu səfəri də bir daha təsdiq edir. Son iki il yarım ərzində Qarabağda və Şərqi Zəngəzurda infrastrukturun bərpasına 6,5 milyard manatdan çox büdcə vəsaiti yönəldilib. Bu il isə xərclər daha 2,26 milyard manat (daha əvvəl 3 milyard manat nəzərdə tutulmuşdu) artırılıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət üçün həm yerli, həm də xarici investorlar 10 il müddətinə bütün vergilərdən azad edilir. Əlbəttə, bu investorlar üçün böyük üstünlükdür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa edilən sənaye parkları, aqroparklar həmin zonaların sürətli inkişafı və xoşbəxt gələcəyi olacaq.
Qarabağ iqtisadi rayonuna daxil olan Füzulidə su anbarlarında təmir-bərpa işləri bu il başa çatdırılacaq. Qeyd edək ki, rayon ərazisindəki Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının layihə üzrə ümumi həcmi 15,5 milyon kubmetrdir. Su anbarlarının təmir-bərpa işləri başa çatdırılandan sonra Füzuli rayonunun 6,2 min hektar torpaq sahəsinin su təminatı daha da yaxşılaşacaq. Xatırladaq ki, su anbarlarının təmir-bərpa işlərinə 2022-ci ilin noyabrında başlanılıb və görülən işlərin bu ilin noyabrında yekunlaşdırılması nəzərdə tutulur. Hazırda podratçı şirkət tərəfindən işlər 62 faiz yerinə yetirilib. Qeyd edək ki, Köndələnçay-1 Su Anbarının tutumu 3,9 mln. kubmetr, Köndələnçay-2 su anbarının tutumu 2,1 mln. kubmetr, Aşağı Köndələnçay su anbarının tutumu isə 9,5 mln. kubmetrdir. Ermənistan tərəfindən tamamilə dağıdılmış və xarabalığa çevrilmiş Füzulu şəhərinin Baş Planına əsasən quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Şəhərdə Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə geniş istirahət parkı salınacaq. Füzuli Mərkəzi Parkının konsept-layihəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək. Qeyd edək ki, parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübədən istifadə olunub. Ümumi sahəsi 22,47 hektar olan Füzuli Mərkəzi Parkında istirahət və əyləncə zonaları, amfiteatr, kafe-restoranlar və digər ictimai-iaşə obyektlərin yaradılması nəzərdə tutulub. Parkda, həmçinin ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq Eldar şamı, Şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun ağacları, müxtəlif dekorativ gül və kollar əkiləcək. Xatırladaq ki, təsdiq olunmuş Baş Planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilir. 2030-cu ilədək dayanıqlı inkişaf üçün 4 əsas istiqamət - idarəetmə, iqtisadiyyat, sosial rifah, ətraf mühit seçilib.
Füzuli və Ağdam şəhərlərində həm içməli, həm kanalizasiya, həm də yağış sularının idarə olunması sistemlərinin qurulması nəzərdə tutulur. Yenidən salınan və qurulan Ağdam şəhərində yağış suları anbarlarda təmizlənib həm texniki, həm də yaşıllıqların suvarılması üçün istifadə olunacaq. Mütəxəssislərin qənaətinə görə, ilk dəfədir ki, ölkəmizdə Ağdam şəhərini belə bir sistem tamamilə əhatə edəcək. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə hər bir yaşayış məntəqəsində bu sistemin yaradılması nəzərdə tutulur. Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan Cəbrayılda, Zəngilanda, Qubadlıda, eyni zamanda Kəlbəcərdə bununla bağlı layihələndirmə işləri həyata keçirilir. Artıq Cəbrayılda bu layihə hazırdır və orada yeraltı sulardan istifadə olunacaq. Eyni zamanda rayon ərazisində anbarlar, paylayıcı şəbəkələr qurulacaq. Bu gün tikintisi davam edən Şuşa və Kəlbəcərdə ilkin olaraq yerüstü mənbələrdən, Laçın, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlıda isə yeraltı mənbələrdən istifadə olunması nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan Ağdamda, Füzulidə, Qubadlıda, Hadrutda və Şuşada aparılan tikinti, bərpa və yenidənqurma işlərinin miqyası çox genişdir. Zaman Azərbaycanın xeyrinə işləyir, xalqımız Prezident İlham Əliyevin siyasi iradəsini, fədakar fəaliyyətini yüksək qiymətləndirir, birmənalı şəkildə onu müdafiə edir. Qarabağ və Şərqi Zəngəzur dağ silsiləsinin yamacları heyrətamiz gözəlliyə qərq olub, alp çəmənliklərində milyonlarla çiçək boylanır, dağ çaylarının keçdiyi yerlərdə isə dərin və sıldırımlı, duman çökmüş dərələr uzanır, təbiətin simfoniyası çox cəlbedicidir. İndi bu dağların zirvələrində üçrəngli bayrağımız qürurla dalğalanır, dünyanın ən güclü ordularından olan Silahlı Qüvvələrimizin zabit və əsgərləri sərhədlərimizi göz bəbəyi kimi qoruyur, düşmənə gözdağı verirlər. Bir sözlə, cənnət görmək istəyən Qarabağa və Şərqi Zəngəzura gəlsin...
Salman ALIOĞLU,
"Respublika".