Bu il may ayının 10-da Azərbaycan xalqı müstəqil dövlətimizin qurucusu və xilaskarı, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd etdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncam imzalamışdır. Bu müdrik qərar birmənalı olaraq bütün xalqımızın iradəsini əks etdirir və Ulu Öndərimizə olan sonsuz ümumxalq sevgisinin bariz təzahürüdür.
Dünya tarixi sübut edir ki, hər bir xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Onların missiyaları xilaskarlıq olur - tarixin, dövlətin və millətin xilaskarı missiyası. Bu dahi şəxsiyyətlər yüksək mənəviyyatları, ali bəşəri və milli ideyalara, ümummilli mənafelərə bağlılıqları ilə milyonların qəlbində özlərinə möhtəşəm abidə ucaldırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.
Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Zəngin ensiklopedik biliklərə və dərin təfəkkürə sahib olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və onların icrasını məharətlə həyata keçirmişdir. Ümummilli Liderimizin gücü dərin, universal biliyində, qətiyyətində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, mahir diplomat olmasında idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində həmişə xalqa arxalanmış, qədirbilən Azərbaycan xalqı da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.
Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bu nadir şəxsiyyət XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuş, yalnız ona xas olan bənzərsizlik və təkrarsızlıq, spesifik fenomenlik xüsusiyyətləti ilə həm özü dünya diplomatiyasının ön sıralarına ucalaraq bəşərilik qazanmış, həm də Azərbaycanın dünyada günəş kimi parlaması üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir. Heydər Əliyev siyasi fəaliyyətə başladığı dövrdən liderlik ömrü yaşamaqla, böyük siyasətçi, qüdrətli dövlət başçısı kimi tarixə düşmüş və onun sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu baxımdan Heydər Əliyev şəxsiyyəti, onun siyasi fəaliyyətinin ayrı-ayrı aspektləri tədqiqatçıların diqqətini həmişə cəlb etməkdədir.
Ümummilli Lider Heydər Əliyev müasir dövrün ən aktual çağırışlarına uyğun qərarlar qəbul edə bilmək bacarığını özündə formalaşdıra bilmişdir. Ulu Öndər qlobal proseslər fonunda tam fərqli - xalqın demokratik ideallarını əks etdirən, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirirdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycan sabitlik və tolerantlıq məkanı kimi dünyada tanınır. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafı və tərəqqisini təmin edəcək əsas amillərdir.
Heydər Əliyev XX əsrin ən böyük siyasi liderlərindəndir. Ümumiyyətlə, alman filosofu Maks Veberin təsnifatına görə, siyasi liderlər malik olduqları 3 əsas xarakterik xüsusiyyət ilə fərqlənirlər: rasional, legitim və xarizmatik. Heydər Əliyev nadir şəxsiyyətlərdən idi ki, özündə bu 3 xüsusiyyətin hər birini cəmləyə bilmişdi.