Bu gün dünyada cərəyan edən hadisələrdə, alovlanan münaqişələrdə ABŞ-ın izini aydın görmək mümkündür. Son dövrlər Ağ Ev müxtəlif regionlarda vəziyyəti gərginləşdirməklə həmin ərazilərə müdaxilə etmək məqsədi güdür. Baş verən proseslərə gəldikdə isə Ermənistanı rəsmi Vaşinqtonun növbəti qurbanı adlandıra bilərik. ABŞ-ın Ermənistan üzərindən həyata keçirdiyi oyunlar hər kəsə məlumdur. Başqa sözlə, ABŞ Paşinyandan marionet kimi istifadə etməklə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır. Təsadüfi deyil ki, rəsmi Vaşinqton bu planını ancaq regionun "ən zəif bəndi" Ermənistan vasitəsilə reallaşdıra bilər.
Son günlərdə ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımdan imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Sözügedən layihə ABŞ Prezidentinə 907-ci düzəlişi dayandırmağa icazə vermir. Xatırladaq ki, "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişdə ABŞ hökumətinin dövlətimizə yardım göstərməsinin qadağası nəzərdə tutulub. Bir məqamı da xatırladaq ki, 907-ci düzəliş 2002-ci ildən etibarən ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Hələ o dövrdə Nümayəndələr Palatası həmin qərar qüvvəyə minməzdən əvvəl bunu təsdiq etməli, daha sonra isə prezident tərəfindən qanun imzalanmalı idi. Bütün bunlar ABŞ-ın məqsədinin Cənubi Qafqazı gərginlik ocağına çevirmək olduğunu söyləməyə əsas verir. ABŞ-ın sərgilədiyi mövqedən bəlli olur ki, bu gün Azərbaycanın regionda yaratdığı reallıqlar Ermənistandan çox rəsmi Vaşinqtonu narahat edir.
Yeri gəlmişkən, ABŞ Konqresinin Nümayəndələr Palatası "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr də keçirib. Həmin dinləmələr bir daha keçmiş Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və 27 il ərzində bu istiqamətdə heç bir konstruktiv addım atmayan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Vaşinqtonun müstəqil siyasətimizi qısqanclıqla qarşıladığını sübut etdi. Maraqlıdır, ABŞ bu günədək nə üçün 30 illik işğaldan narahat olmayıb. Əslində Ağ Ev 907-ci düzəlişin bərpasını nəzərdə tutan bu addımı atmaqla öz çirkin xislətini bir daha təsdiqləyib.
Yada salaq ki, hələ 907-ci düzəliş qəbul edilən zaman nəinki beynəlxalq ədalət prinsipləri nəzərə alınmadı, hətta işğala məruz qalanla, işğalçı dövlət arasında fərq də qoyulmadı. Sözügedən qərarın qəbul edilməsində əsas məqsəd ondan ibarət idi ki, Azərbaycan təzyiqlərə baş əysin, ikinci erməni dövlətinin yaradılmasına göz yumsun. Şübhəsiz, Ağ Evin bu planı fiaskoya uğradı və Azərbaycanın adı regionda separatizmə son qoyan ilk ölkə kimi tarixə həkk olundu. Halbuki, zamanında ABŞ Qarabağdakı separatçılara 10 milyon dollar dəyərində vəsait də ayırmışdı.
Sonda isə deyə bilərik ki, ABŞ mövcud reallığı unudur. Çünki Azərbaycan artıq donor bir dövlətə çevrilib, digər ölkələrə yardım edir. Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində ehtiyacı olan ölkələrə vaksin dəstəyi, müxtəlif müharibə zonalarına humanitar yardımı da bunun əyani sübutudur. Görünür, ABŞ rəsmi Bakının hər zaman dövlət və regional maraqlardan çıxış etdiyini dərk etmir.
Nəzrin ELDARQIZI,
"Respublika".