Xocavənddəki kütləvi məzarlıqda ayaqları bağlanmış azərbaycanlı hərbçilərin skeletlərinin tapılması erməni faşizminin növbəti təsdiqidir
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi Zəfərlə torpaqlarımızı azad etməklə yanaşı, həm də barbar ermənilərin əsl simasını ortaya qoydu. Bütün dünya işğaldan azad edilmiş ərazilərdə ağlasığmaz erməni vandalizminin şahidi oldu. Beynəlxalq ictimaiyyət ilk dəfə yox edilmiş şəhər və kəndlərə, dağıdılmış qəbiristanlıqlara, təhqir edilmiş məscidlərə şahidlik etdi. Belə ki, hərbi sursatlarla bərabər, həm də təpədən dırnağa qədər nasizm, faşist ideologiyası ilə silahlanan Ermənistan ordusu 30 ilə yaxın müddətdə işğal altında saxladığı əraziləri talayıb, dağıdıb və məhv edib. Dövlət başçısı cənab İlham Əliyev Qarabağa səfərlərinin birində düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etmişdi: "Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın".
Oktyabrın 4-ü isə erməni faşistlərinin insanlığa qarşı daha bir cinayətinin izləri tapılıb. Söhbət Xocavəndin Edilli kəndində növbəti kütləvi məzarlığın aşkarlanmasından gedir. Belə ki, burada 12 nəfərin qalıqları üzə çıxıb. Bu, Xocavənd rayonunun Edilli kəndində aşkar edilən artıq üçüncü məzarlıqdır. Qeyd edək ki, cari ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.
Əşyaları ilə birlikdə tapılan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Məsələ burasındadır ki, onların əyinlərində hərbçi forması olub. Bununla yanaşı, kütləvi məzarlığa gömülmüş şəxslərin əlləri və ayaqlarının məftil, kəndirlə bağlandığı müəyyən edilib.
Birinci Qarabağ müharibəsi zamanı erməni faşistləri kənd və şəhərlərimizə hücumlar edir, mülki əhalini əsir götürüb, güllələyirdilər. Onlar əsir götürülən soyaşlarımızın arasından daha cavan və sağlam insanları seçməklə onların daxili orqanlarını çıxarır, orta yaşlı əsirləri isə işlədirdilər. Mütəxəssislərin bildirdiyinə görə, Laçın rayonunu işğal etdikdən sonra oradakı xəstəxanada qanunsuz olaraq insan orqanlarının transplantasiyasını həyata keçiriblər. Yəni azərbaycanlı əsirlərin orqanlarını çıxarıb digər dövlətlərə satırdılar. Təkcə Xocavənd rayonunun Edilli kəndində deyil, həmçinin Qaradağlı kəndində də belə məzarlıq aşkar edilib. Qeyd olunur ki, burada 20-dən çox insanın öldürüldüyü məlumdur.
Bütün bu vəhşiliklərlə bərabər, bu gün Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq kütləvi məzarlıqların xəritəsini təqdim etməkdən yayınır. Kütləvi qırğınlar təkcə Xocavənd rayonunun Edilli kəndində deyil, eyni zamanda, digər işğaldan azad edilmiş ərazilərdə də törədilib. Xocalıda, Ağdamda, Füzulidə də belə kütləvi məzarlıqlara rast gəlinir. İşğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə, bu cür məzarlıqların aşkarlanması mümkündür. Belə kütləvi qətllərin törədilməsi həm Beynəlxalq Hərbi Tribunalın nizamnaməsinə, həm də Cenevrə Konvensiyasına uyğun olaraq beynəlxalq hüquq normalarının pozulması və müharibə cinayətinin törədilməsi deməkdir.
Sözügedən ərazidə Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İstintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub. Həmçinin iş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Emin QASIMOV,
"Respublika".