Türk birliyinin möhkəmlənməsi üçün atılan uğurlu addım
Siyasət

Türk birliyinin möhkəmlənməsi üçün atılan uğurlu addım

2007-ci il noyabrın 17-19-da Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayından 16 il ötür

Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Türk xalqlarını bir-birinə tarixi, dini, etnik bağlar bağlayır. Çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, dahilər, ziyalılar bəxş edib. Türk dünyası 11 milyon kvadratkilometrdir. Yəni üç Avropa böyüklüyündəki bir sahədə türk dillərində danışan, mən türkəm deyən, əfsanəsi, qəhrəmanı, dili və tarixi bir olan insanların dünyasıdır. Bu, bir ulu çinardır, ulu çinarın budaqları vardır. Türkə görə 21 qol bu çinarın budaqlarıdır. Amma hamısı eyni çinarın budaqlarıdır. Tarixin enişi və yoxuşunda bəzən bu çinarın budaqları qurumuş, amma zamanı gəldikdə yenidən yaşıllaşmışdı.

2006-cı ilin sentyabrında Antalyada Türk Dövlət və Cəmiyyətlərinin X qurultayı keçirildi. Həmin qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə növbəti qurultayın Bakıda keçirilməsi qərara alınmışdı. Bununla da o vaxtadək yalnız Türkiyədə keçirilən qurultay ilk dəfə kənarda baş tutdu.

Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Monqolustanın, Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaş, Dağıstan, Kabarda-Balkar, Tatarıstan, Qaraçay-Çərkəz Respublikasında, Krım, Rumıniya, Bolqarıstan, Kosova və Yunanıstanda yaşayan türkdilli xalqların, Şimali Kipr, Qaqauz, Ahıska türklərinin, Amerika, Yaxın Şərq ölkələri və Əfqanıstandakı türk cəmiyyətlərinin nümayəndələri, deputatlar, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmalarının rəhbərləri, tanınmış elm və incəsənət xadimləri, yerli və xarici KİV təmsilçiləri iştirak edirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri açılış mərasimi türk dünyasının görkəmli şəxsiyyətlərinin - Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, Əhməd Yəsəvinin, Ərtoğrul Qazinin, Əlişir Nəvainin, Alparslan Türkeşin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbiri açaraq, türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının təşkilinə daim dəstək vermiş Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəli qurultay iştirakçıları adından salamlamışdır.

Sonra çıxış edən Türkiyənin dövlət naziri Sait Yazıçıoğlu qurultayın yüksək səviyyədə təşkilinə görə, öz adından və iştirakçılar adından Azərbaycan Prezidentinə minnətdarlıq etmişdir. O demişdir ki, qurultayda bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edən çox vacib məsələlər müzakirə olunmuşdur. Qurultayın komissiyalarında türkdilli dövlətlərin iş adamlarının birliyinin, vahid gömrük sisteminin yaradılması, viza rejiminin aradan qaldırılması, Türkdilli Dövlətlərin Parlament Assambleyasının, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin birgə assosiasiyalarının, qadın təşkilatlarının vahid quhrumunun yaradılması barədə təkliflər səslənmişdir.

"Erməniləri tez-tez dünyanın iri dövlətlərinin bəzi riyakar siyasətçiləri də müdafiə edirlər. Buna qarşı durmaq üçün birlik zəruridir". Bu fikirləri Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında çıxışı zamanı ölkə başçımız İlham Əliyev söyləyib.

İstər 2006-cı ilin sentyabrında Antalyada, istərsə də 2007-ci ilin dekabrında Bakıda keçirilmiş Türkdilli Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı türk dövlətləri arasında birliyin və qarşılıqlı anlaşmanın əldə olunmasına təkan verdi. Məhz bu qurultaylarda əldə edilən qərarların nəticəsi olaraq 2009-cu ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının I sammitinin Bakıda keçirilməsi və baş katibliyin Bakıda yerləşməsi, daha sonra 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü türk dövlətlərinin birliyi istiqamətində mühüm addım oldu. Məhz bu zirvə görüşündə əldə olunan razılıq əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı və Qazaxıstanda 2011-ci ildə birinci zirvə görüşü keçirildi. Bütün bunlar türk birliyi yönündə atılmış addımların nə qədər sistemli xarakter aldığını sübut etməkdədir.

Röya RÜSTƏMLİ,

"Respublika".