Yeni bir tarix yazıldı
Digər xəbərlər

Yeni bir tarix yazıldı

Vətən müharibəsinin başlanmasından 3 il ötür. Cəmi 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Ermənistan kapitulyasiya aktını imzalamaqla məğlubiyyətini etiraf etdi və üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyi öhdəsinə götürdü.

Lakin sonralar Ermənistan hakimiyyəti müxtəlif bəhanələr və siyasi oyunbazlıqla Bəyanatın şərtlərinə əməl etməkdən boyun qaçırdı. Vətən müharibəsindən keçən dövr ərzində Qarabağ iqtisadi rayonuna qanunsuz yolla silah və hərbi sursat gətirilməsi davam edirdi, silahlı erməni terrorçuları tərəfindən təxribatların ardı-arası kəsilmirdi. Azərbaycan beynəlxalq kürsülərdə Ermənistanın törətdiyi əməllər barədə geniş məlumat versə də, buna əhəmiyyət vermir, hətta erməni terroruna göz yumurdular. Fransa prezidenti Makron erməniləri revanşizmə sürükləyir, onlara bol vədlər verir, qondarma rejimə kömək edəcəklərini bildirirdi. Ermənistanın Qarabağdakı qanunsuz ordusunun birləşmələri yolları minalayır, dinc insanlar və hərbçilərimiz həlak olurdu. Şərti sərhəddə və Qarabağda gizlənmiş erməni silahlı dəstələri mövqelərimizi atəşə tutur, gərginlik yaradırdılar. Ona görə də Azərbaycan Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbiri keçirməyə məcbur oldu. Peşəkar ordumuzun sayəsində 23 saat ərzində terrorçu separatçılar ağ bayraq qaldıraraq təslim oldular.

Ölkə Prezidenti cənab İlham Əliyev baş verən proseslərlə əlaqədar xalqa müraciətində qeyd etdiyi kimi, bu gün əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun tarixi ənənələri yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. Bu, ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaradıldı, onun gələcəkdə daha da möhkəmlənməsinə əsaslı zəmin qoyuldu.

Ermənistan tərəfinin törətdiyi hərbi təxribatlar, xüsusən də son günlərdə həyata keçirdiyi terror aktları Azərbaycan Ordusunu antiterror tədbirləri keçirməyə məcbur etdi. Bununla belə, ordumuz mülki əhaliyə atəş açmadı, hərbi nöqtələri hədəf alaraq müvəffəqiyyətlə onları məhv etdi. Ermənistan mediası isə saxta məlumatlar yayaraq dünya arenasında Azərbaycan Ordusunun nüfuzunu aşağı salmağa cəhd edir. Lakin bütün dünya bilir ki, Azərbaycan Ordusu öz işini məsuliyyətli və professional şəkildə həyata keçirmiş, yalnız hərbi nöqtələri nişan almışdır. Bəli, cəmi bir günə Azərbaycan Ordusu yeni bir tarix yazdı.

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini.