Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş şahmat turniri
Digər xəbərlər

Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş şahmat turniri

Respublikanın 76 şəhər və rayonunun təmsil olunduğu turnirdə ümumilikdə 80-i kişi və 80-i qadın olmaqla 160 nəfər gənc iştirak edir. 10 qrupda təşkil olunan görüşlər Bakı, Xaçmaz, İmişli, Ucar, Gəncə, Yevlax, İsmayıllı, Şirvanda keçirilib.

Yevlaxda Yevlax, Mingəçevir, Naftalan şəhərlərinin, Göygöl, Goranboy, Xocalı, Samux və Zərdab rayonlarından olan 8 komandanın iştirakı ilə şahmat turnirinin qrup mərhələsi start götürüb.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət ediblər.

Sonra yarış Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində başlayıb. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova və YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev çıxış edərək YAP-ın ölkəmizin həyatında oynadığı roldan danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiqlər Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyiblər. Qeyd edilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin idmanın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran natiqlər dövlət başçısının respublikamızda şahmatın inkişaf etdirilməsinə xüsusi diqqət göstərdiyini və bütün bunların Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratdığını vurğulayıblar. Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 7-də Ucar rayonunda keçiriləcək "play-off" mərhələsinə vəsiqə qazanıblar.

Zabit XƏLİLOV,

"Respublika".