Qələmi süngüyə çevirməyi bacarmaq içdən gələn duyğudur
Vətənin sevdalısı, Vətənin daşı, Vətəndaşı... Bəşəriyyət yaranandan, insan özünü dərk edəndən formalaşıb bu məfhumlar bəlkə də. Hiss etmədən, bilmədən. Yaşadıqları dövrlərdə özlərinə binə etdikləri ərazini, torpağı Vətən bilib, onun başı üzərini qara buludlar alanda böyüklü-kiçikli savaşa qalxıblar, ulu əcdadlarımız qılınca, süngüyə, qalxana sarılıblar. Qələm də süngüyə dönüb.
Tariximizin səhifələrində insana qürur yaşadacaq belə anlar o qədər çox olub ki... Şah babamız Xətai bir əldə silah, bir əldə qələm tutub savaşmağın yolunu göstərdi.
Sələflərimiz "Mübarizə bu gün də var, yarın da. Mən də onun ən ön sıralarında", "Müsəlləh əsgərəm mən də bu gündən" deməklə qələm savaşının gücünü anlatdı bizə. 30 illik işğal, Vətən müharibəsi və sonrakı dövrlərin jurnalistikası da o gücə güvənib bir olmağı, çəkici bir nöqtəyə vurmağı, Vətənə tən olmağı bacardı.
"...Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbimizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk...". Bu fikirləri Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Müharibə və döyüş yalnız ön cəbhədə aparılmır. İnformasiya müharibəsi də müharibənin əsas hissəsini təşkil edir. Müasir dövrün müharibələri hibrid və ya assimetrik müharibələr adlanır. Hibrid müharibələrin mənası budur ki, müharibənin bir hissəsi döyüş meydanında gedirsə, digər hissəsi diplomatik və informasiya müstəvisində aparılır. Bu baxımdan, informasiya müharibələri müasir dövrün münaqişələrinin və müharibələrinin mühüm elementlərindən biridir.
Qarabağ müharibəsinin başa çatmasına, Azərbaycanın qələbə qazanmasına və Ermənistanın məğlubiyyətinə baxmayaraq, İrəvan Bakıya qarşı informasiya müharibəsini davam etdirir. Birinci Qarabağ savaşı zamanı Azərbaycanın Qarabağ bölgəsinin erməniləri radikal təşkilatların ideoloji təsiri altına düşüb, qondarma referendumla bu bölgənin Azərbaycandan ayrıldığını elan etdilər. İrəvan bu separatçı qrupları Azərbaycana qarşı silahlandırdı, ölkəmizin bölgələrində terror aktları törədib, öz diasporu vasitəsilə beynəlxalq ictimai rəyi manipulyasiya etməyə nail oldu. Ermənistan Ordusu Azərbaycana qarşı etnik təmizləmə kimi xarakterizə edilə bilən işğal törətdi, təxminən bir milyon insanı yerindən-yurdundan didərgin saldı. 30 il davam edən işğala 2020-ci ilin noyabrında son qoyuldu. İnformasiya müharibəsi isə davam etməkdədir. Azərbaycan mətbuatı bu savaşın önündədir. Milli mətbuatımız öz gücünü 44 günlük Vətən müharibəsində də aydın göstərdi.
Vətən müharibəsi də hibrid müharibə idi, çünki o təkcə döyüş meydanında deyil, həm də informasiya cəbhəsində gedirdi. Və hər iki cəbhənin qəhrəmanı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oldu. Əgər savaş meydanında Ali Baş Komandanımız, Silahlı Qüvvələrimiz və xalqımızla birgə mübarizə aparıb qalib gəlmişdisə, informasiya cəbhəsində təkbaşına döyüşərək Zəfər çaldı. Müharibə dövründə dövlət başçısı 30-dək xarici kütləvi informasiya vasitəsinə müsahibə verdi. Beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanma həmin müsahibələrin məzmununu təşkil edirdi. O, cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq ölkəmizin haqlı mövqeyini dünyaya çatdırdı. Vətən müharibəsinin müzəffər sərkərdəsi kimi öz qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin anti-Azərbaycan mövqeli xarici qüvvələrə ismarıclar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Bu isə media nümayəndələrini daha da cəsarətləndirir, onları daha mübariz edirdi.
Azərbaycan jurnalistləri ümumilikdə götürəndə vətən, torpaq, ölkə, keçmiş Dağlıq Qarabağ probleminin həlli ilə bağlı və dövlətçilik məsələlərində ötən 30 il ərzində daim həmrəylik nümayiş etdirib. Doğrudur, bəzi məsələlərdə fikir ayrılığı olur. Bu isə bütün sahələrdə müşahidə edilir. Bu mənada, fərqli mövqelər də ola bilər. Jurnalistləri, onların peşəsini daim yüksək qiymətləndirən Azərbaycan Prezidentinin ötən il peşə bayramları günündə mətbuat işçilərinə ünvanladığı təbrik məktubunda deyilir: "Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar".
Qürur hissilə deyə bilərik ki, media işçiləri dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın dövlətçilik maraqlarını həmişə uca tutmuş, hətta bu yolda canlarından belə keçmişlər. Şəhid jurnalistlərimiz Alı Mustafayev, Çingiz Mustafayev, Salatın Əsgərova qələmlərini süngüyə çevirərək hələ Birinci Qarabağ savaşında bu ucalığa yüksəlmiş, xalqın qürur mənbəyinə çevrilmişdilər. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarda öz xidməti vəzifələrini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olmuş qələmdaşlarımız da öz sələflərinin yolunu davam etdirdilər.
Azərbaycan mətbuatı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu gün isə o, özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin 2009-cu il aprelin 3-də imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış, sonradan ölkədə media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalamış və fərmana əsasən Medianın İnkişafı Agentliyi (MEDİA) formalaşmışdır. Dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsində Mətbuat Şurasının rolunu da xüsusi qeyd etmək lazımdır.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi də zərurətə çevrilmişdi. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 30-da təsdiq etdiyi Media haqqında Azərbaycan Respublikasının Qanunu 2022-ci il fevralın 9-da ölkənin kütləvi informasiya vasitələrində yayımlandı. Bununla da 147 illik professional Azərbaycan jurnalistikasının fəaliyyətində rəsmi surətdə yeni dövr başladı... Bu isə media işçilərinə beynəlxalq standartlar səviyyəsində işləmək üçün stimul oldu.
Dövlət başçısının Şuşa Media Forumunda söylədiyi bu fikirlər isə jurnalistikamızın bundan sonrakı fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Prezident deyib: "...siz özünüz yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin".
Zümrüd QURBANQIZI,
"Respublika".