Anti-Azərbaycan bloku hərbi-siyasi müstəvidəki fəaliyyətini artıq milli, dini, etnik və mədəni zəmində intensivləşdirir. Hər vəchlə sülh prosesinə mane olmağa çalışanlar artıq çarəsizliyin pik həddini yaşayırlar.
Belə ki, atılan hər addım - kağız parçasından ibarət olan bəyanatlar, silah alveri, qeyri-obyektiv yanaşmalar belə qüdrətli Azərbaycan dövlətinin qətiyyətli mövqeyinə təsir edə bilmir. Məhz bunun nəticəsidir ki, Qərb bloku müxtəlif rıçaqlara əl atır. Möhtəkirlikdə sərhəd tanımayanlar törətdikləri əməllə bir daha dünyaya sübut edirlər ki, "ədalət qoruyucusu", "demokratiyanın beşiyi" kimi ifadələr sadəcə mifdir.
Azərbaycan ilə Ermənistan arasında sülh prosesində qərəzli mövqe sərgiləyən Fransa Cənubi Qafqaza müdaxilə cəhdlərində uğursuz olduğundan vurnuxmalarını artırır. Son olaraq Fransanın Evian-lö Bən şəhər meriyası şəhərdəki "Azərbaycan Parkı" adı ilə bağlı bütün lövhələrin yığışdırılmasına və parkdan Xurşidbanu Natəvanın heykəlinin sökülməsinə dair qərar qəbul edib. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq "Azərbaycan parkı" ilə bağlı bütün istinadlar silinib. Bunun ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura ötən il dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-lö Bən şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı şəhər mərkəzi parkına Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunur. Bütün hadisələrə paralel olaraq rəsmi Paris sükutunu qoruyur. Bununla yanaşı, mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan, Fransanın ev sahibliyi etdiyi UNESCO-nun məsələyə münasibət bildirməməsi təəssübkeşliyin əyani göstəricisidir.
Xurşidbanu Natəvanın heykəlinə qarşı edilmiş vandallıq Yelisey sarayının revanşizm siyasətini büruzə verir. Əsrlər boyu türkofob, islamofob ritorika ilə aqressiv yanaşma sərgiləyən vandalların hədəfi sivil cəmiyyətdə birmənalı qarşılanmayıb.
Dünya ictimaiyyəti Fransadan bu cür yanaşma görməyə artıq alışıb. 6.7 milyon müsəlmanın yaşadığı bu ölkədə insanlar demək olar ki, hər gün islamofobiya, ksenofobiya, irqçiliklə üzləşirlər. Lakin Fransa qazdığı bu quyuya elə özü düşəcək. Etnik və dini zəmində dözümsüzlüyə yol açan bu yanaşma artıq Paris başda olmaqla digər ərazilərdə də özünü göstərir. Ölkədaxili iğtişaşlar, Prezident Emmanuel Makrona qarşı olan inamsızlıq xaosu da bərabərində gətirir. Fransanın dünya ictimaiyyətinə süni şəkildə təlqin etdiyi "bərabərlik", "qardaşlıq", "dünyəvilik" şüarlarının əksinə, ölkədə irqi və dini azlıqların problemlərinə məhəl qoyulmaması, daxili siyasətdə onlara qarşı ayrı-seçkilik və təcridetmə, xarici siyasətdə isə "şərq xristianlarının müdafiəsi" bəhanəsi ilə müsəlman çoxluqların yaşadığı ölkələrin hədəfə alınması əslində məhz tarixi müstəmləkəçilik və neokolonializm siyasətinin təzahürləridir. Fransanın növbəti addımının nə olacağı bəlli deyil. Ancaq istənilən halda bu, düşünülməmiş və sırf emosiyalara istinad edən bir siyasətdir.
Fransanın bütün məsələlərdə Ermənistanın piar kampaniyasını yürütməsi, beynəlxalq ictimaiyyəti aldatma cəhdləri regiona sülh və əmin-amanlıq gətirməyəcək. Məhz Natəvanın abidəsinin sökülməsi cəhdi erməni lobbisinə yarınmağın bir başqa yoludur. Xatırladaq ki, vaxtilə Natəvanın abidəsini erməni separatçıları Şuşada gülləbaran etmişdilər. Azərbaycanın səyi nəticəsində abidə Bakıya gətirilmişdi. Ermənistanın 30 il ərzində tarixi Azərbaycan torpaqlarında törətdiyi vandalizmi bu gün Fransa öz torpaqlarında həyata keçirməyə çalışır. Sirr deyil ki, lobbiçilərin, erməni milyarderlərin maliyyə vəsaitindən Yelisey sarayı yaxşıca faydalanır. Məhz prezident seçkiləri ərəfəsində də Fransada yaşayan erməni əsilli vətəndaşlara xüsusi olaraq diqqət ayrılır. Təsadüfi deyil ki, ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra separatizmin Azərbaycanın suveren ərazilərindən kökünün kəsilməsi nəticəsində milyarder, özünü "nazir" adlandıran Ruben Vardanyanın həbsi Fransada əks-səda doğurmuşdu. Üstəlik öz istəyi ilə Qarabağı tərk edən ermənilərin situasiyasından faydalanaraq Yelisey sarayı Azərbaycanı etnik təmizləmə, urbisid və digər çirkin, əsassız iddialarla ittiham etmişdi. Qeyd edək ki, bu proses hələ də davam etməkdədir. Son olaraq, Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi sosial şəbəkə profillərində erməniləri Milad bayramı münasibətilə erməni dilində təbrik edib: "Sizi müqəddəs Milad münasibətilə təbrik edirəm. Ürəyim torpaqlarından qovulmuş, bayramı evlərindən uzaqda qarşılayan qarabağlı erməni qaçqınlarladır", - səfir təbrikində qeyd edib. Bu təbrik Fransanın Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olmasını istəmədiyinin sübutudur.
Xurşidbanu Natəvanın heykəlinə qarşı edilən qisas aksiyası Fransanın regionda mövqelərinin zəiflədiyinin bariz göstəricisidir. Ötən müddət ərzində vasitəçilik missiyasını yerinə yetirmək əvəzinə, "hay" havası çalan rəsmi Paris yalnız qərəzli mövqeyi ilə yadda qaldı. Bununla yanaşı, hazırda tarixin arxivinə atılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətləri 27 illik fəaliyyətləri dövründə ədalətsizliyə yol verdilər. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 8-də Xankəndidə keçirilən hərbi paraddakı çıxışında da bu məqama xüsusi diqqət yönəltdi ki, münaqişənin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar. Hesab edirdilər ki, xalqımız bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı bu fikirdə deyildi.
Nurlan ABDALOV,
"Respublika".