Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra bir sıra qlobal güclər ölkəmizin uğurlarını həzm edə bilmədilər. Bu qüvvələrin başında Ermənistana böyük diplomatik dəstək verən, onu silahlandıran, bununla da Cənubi Qafqaza yerləşməyi hədəfləyən Fransa dayanır. Bu ölkənin rəsmi şəxsləri tərəfindən verilən anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin şahidi olmuşuq. Amma bütün bu cəhdlər iflasa uğradı. Yelisey Sarayının səsləndirdiyi tezislər sözdən əmələ keçmədi, havadan asılı qaldı. Bu isə Fransadakı erməni diasporunun, eləcə də ermənipərəst siyasi hakimiyyətin aqressiyasını artırdı. Artıq Fransa ərazisində olan Azərbaycan mədəni irsinə qarşı aqressiyanın yeni formasının şahidi oluruq. Belə ki, Evian-lö Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinin üzəri bağlanılıb, abidənin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar yayılıb.
Xurşidbanu Natəvan bütün Şərqdə görkəmli şairə, rəssam, maarifçi kimi tanınır. Fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi şairə, eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü hesab olunur. Vaxtilə Natəvanın Şuşada büstü ucaldılmışdı, həmin abidə Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətləri Üzeyir Hacıbəyli, Bülbülün abidələri kimi 1992-ci ildə ermənilər tərəfindən güllələnmişdi. Bu gün hər 3 büst Şuşada - doğma torpağındadır. Azərbaycan Prezidenti İlham Əliyev bu milli irsi, tarixi ədaləti bərpa etdi. Natəvanın Ağdamda ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsi də abadlaşdırıldı. Yəni hazırda Natəvan obrazı həm də Şuşa zəfərini, Xankəndi qələbəsini təcəssüm etdirir. Ona görə də Fransada məhz görkəmli Azərbaycan şairəsinin abidəsinin hədəfə alınması təəccüblü deyil. Barbarlıq aktı, həmçinin Avropada mədəniyyətin siyasi alətə çevrildiyini əks etdirir. Halbuki, görkəmli şəxslər məkrli diplomatiyanın, siyasi oyunbazlığın qurbanı olmamalıdır. Bu məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində də toxunub: "Artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var. Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik".
Dövlət başçımızın da dediyi kimi, müəyyən addımlar atılıb ki, bu gün Fransa qərarından daşınmağa məcbur olub. Evian-lö Bən şəhər meriyasının ümumi şöbəsindən bildirilib ki, Xurşidbanu Natəvanın heykəlinin olduğu bağın ləğv olunacağı, heykəlin oradan götürüləcəyi barədə mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Qeyd edilib ki, görkəmli Azərbaycan şairəsinin heykəlinə qarşı vandalizm aktı törədilib, qırmızı boya atılıb və daş lövhələr sındırılıb. Meriya da abidənin təmir edilməsi və təmizlənməsi üçün mütəxəssislər axtarır. Bərpa edildikdən sonra lövhələr də, heykəl də öz yerində qalacaq. Açıqlamanın yekununda vurğulanıb ki, bu heykəl iki xalqın mədəni birliyini əks etdirir və dövlətlər arasında mədəni körpüdür. Lakin reallıq açıqlamanı təkzib edir. Son olaraq, Natəvan heykəlinin üzərinə qırmızı boya atılması heç bir restavrasiya işi kimi göstərilə bilməz. Bu birbaşa təxribata hesablanmış addımdır.
Görünür, Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın heykəlindən çıxmaqla hansı səviyyəyə endiyinin fərqinə varıb. Buna görə də belə bir açıqlama verməyə məcbur olub. Əgər rəsmi Paris səmimiliyini sübut etmək istəyirsə, o zaman azərbaycanlı diplomatların nəyə görə ölkədən çıxarıldığına aydınlıq gətirməli, Parisdəki Azərbaycan səfirliyinə edilmiş hücumu araşdırmalı, günahkarları cəzalandırmalı, ən önəmlisi isə ermənidən artıq erməni olmağa son verməlidir.
Jalə QASIMZADƏ,
"Respublika".