Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 32-ci gün ötən 31 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.
1 avqust
- Xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Azərbaycan Respublikasının Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan Respublikası tərəfindən əngəllənməsi haqqında bəyanat yayıb.
- Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub.
2 avqust
- Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib.
- Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının "Əş-Şarg əl-Avsat" qəzetinə müsahibə verib.
3 avqust
- Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.
- "Qarabağ İtkin Ailələri" İctimai Birliyi BMT-yə müraciət ünvanlayıb.
- Fransa portalı Şuşa ilə bağlı reportaj yayımlayıb.
4 avqust
- Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında "Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi" mövzusunda açıq debatda çıxış edib.
5 avqust
- Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib.
- Özbəkistan mədəniyyət günləri möhtəşəm konsert proqramı ilə yekunlaşıb.
7 avqust
- Azərbaycan Prezidenti İlham Əliyev Bərdə, Samux, Şəmkir və Qazax rayonlarına səfər edib.
- Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.
8 avqust
- Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə "İstiqlal" ordenini təqdim edib.
- "Le Monde" qəzeti Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsini yayıb.
9 avqust
- Qərbi Azərbaycan İcması Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa, diqqəti özündə milli azlıqlarla bağlı problemlərin həllinə yönəltməyə çağırıb.
10 avqust
- Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
11 avqust
- Azərbaycan XİN Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara cavab verib.
12 avqust
- Qərbi Azərbaycan İcması Ermənistanı regionda vəziyyəti qəsdən gərginləşdirən əməllərə son qoymağa çağırıb.
14 avqust
- Akif İslamzadə "Şöhrət" ordeni, R.A.Məlik "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
- Türkiyənin media nümayəndələri işğaldan azad edilmiş Ağdamda olublar.
15 avqust
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə və Dağıstan Respublikasının rəhbəri cənab Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.
- Şuşada növbəti kütləvi məzarlıq aşkarlanıb.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda "Diamed" dərman istehsalı zavodunun açılışında iştirak edib.
16 avqust
- Kəlbəcərdə erməni diversant qrupunun üzvü saxlanılıb.
- Azərbaycandakı diplomatik korpusun üzvləri Ağdama səfər edib.
- Laçının daha 65 sakini doğma yurda qayıdıb.
- BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirib.
17 avqust
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalanıb.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qabon Respublikasının Prezidenti Zati-aliləri cənab Ali Bonqo Ondimbaya və İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya təbrik məktubu ünvanlayıb.
18 avqust
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kolumbiyanın, Tacikistanın, Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.
- Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə edilib.
- Füzuli şəhərinə köç başlayıb.
Füzuliyə qayıdış gerçəkliyə çevrildi
Qüdrətli Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır. Böyük Qayıdışın yeni ünvanı isə Füzulidir.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin 51 kəndi və rayon mərkəzi 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlillik qazanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb. İşğal illərində belə geniş miqyasda dağıntılara məruz qalan Füzuli şəhəri 2020-ci il oktyabrın 17-də öz azadlığına qovuşub. Dövlət başçımız İlham Əliyev də müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib.
İndiyədək görülən və yaxın dövrdə həyata keçirilməsi planlaşdırılan tədbirlərin nəticəsində avqustun 18-də Füzuli şəhərinə ilk köç baş tutub. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailənin doğma şəhərə qayıtması təmin edilib. Son olaraq, avqustun 22-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərin açarlarının təqdimat mərasimi keçirilib. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar. Bu mərhələdə Füzuli şəhərinə daha 23 ailə - 89 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.
19 avqust
- Azərbaycan dənizçiləri Panamadakı dənizçilik şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparıb.
- Şamaxıda növbəti toxum sərgi-satış yarmarkası keçirilib.
20 avqust
- Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Macarıstana səfər edib.
- Laçın şəhərinə daha 13 məcburi köçkün ailəsi yola salınıb.
- Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmağa cəhdinin qarşısı alınıb.
21 avqust
- Qanunsuz erməni silahlıları Xocalı rayonu istiqamətində fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
- Bakıda Azərbaycan-Özbəkistan biznes forumu təşkil olunub.
- Daha 24 ailə Füzulidə məskunlaşıb.
22 avqust
- Füzuli şəhərində daha 23 ailəyə mənzillərin açarları təqdim edilib.
- Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib.
Mərkəzi Asiyadakı önəmli tərəfdaş
Azərbaycan türk xalqları arasında siyasi-iqtisadi, coğrafi, mədəni-mənəvi birləşdirici körpü rolunu oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-si Bakıya səfəri bu tarixi missiyanın uğurla həyata keçirildiyini bir daha sübut edir.
Prezident İlham Əliyevin dəvəti ilə Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. İkitərəfli əlaqələrin inkişafı ilə bağlı alınan qərarlar tək iki ölkənin münasibətlərini yox, həm də bütövlükdə Cənubi Qafqaz-Mərkəzi Asiya regionunun gələcəyini ifadə edəcək.
Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlər tarixən çox yüksək səviyyədə olub, hər iki ölkə beynəlxalq platformalarda bir-birilərini daim dəstəkləyiblər. Özbəkistan 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi idi. Bu həmrəyliyin ən gözəl nümunəsi işğaldan azad edilən Füzuli şəhərində Özbəkistanın maliyyəsi ilə inşa edilən məktəbdir. Prezident İlham Əliyev Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə tikilən və səfər çərçivəsində açılışı olan məktəbi Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi kimi dəyərləndirib.
Şavkat Mirziyoyevin Füzuli və Şuşaya səfəri, keçmiş məcburi köçkünləri qayıdış münasibətilə şəxsən təbrik etməsi isə xüsusilə diqqətəlayiqdir. Prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana edən Şavkat Mirziyoyev həm də Rəcəb Tayyib Ərdoğandan sonra işğaldan azad edilmiş rayonlara gedən ikinci xarici ölkə başçısıdır.
23 avqust
- Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
- Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər.
- Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə humanitar yüklərin çatdırılması barədə bəyanat yayımlayıb.
- Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb.
24 avqust
- Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
- ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən aksiya təşkil olunub.
25 avqust
- Azərbaycan və Belçika XİN rəhbərləri çoxtərəfli formatlarda əməkdaşlıq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
- BMT-dəki daimi nümayəndəliyimiz Ermənistan nümayəndəliyinin təşkilatın mənzil-qərargahında keçirdiyi gizli iclası pisləyib.
- Zabux kəndinə ilk köç karvanı yola salınıb.
26 avqust
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən "Laçın Şəhəri Günü" bayram şənliklərində iştirak ediblər.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçının Zabux kəndində görülmüş işlərlə tanış olub və sakinlərlə görüşüblər.
Doğma yurdda ilk bayram sevinci
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində olublar. Qeyd edək ki, doğma yurdda bu gün ilk dəfə bayram edilib. Bu münasibətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən şənliklərdə iştirak ediblər. Prezident və birinci xanım təşkil olunmuş sərgilərlə tanış olub, sənətkarlıq nümunələrinə baxıb, tamaşaları izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər.
İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Laçında nəhəng bərpa və yenidənqurma işlərinə başlanıldı. Baş plana əsasən şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda 71 inzibati bina yenidən qurulur. Bununla yanaşı, 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq, Laçın rayonunun şəhər mərkəzindən, Zabux və Susdan keçməklə Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişlərini təmin edən yolun olması Laçın rayonunun strateji əhəmiyyətini artırır.
Bayram tədbirində nitq söyləyən Prezident İlham Əliyev şəhər günü münasibətilə laçınlıları təbrik edib. Qeyd edib ki, Laçında ilk şəhər günü böyük təntənə, coşqu ilə keçirilir. "Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz", - deyə dövlətimizin başçısı vurğulayıb.
27 avqust
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib.
- Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib.
28 avqust
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib.
29 avqust
- Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
- Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.
30 avqust
- Dünyanın müxtəlif ölkələrini təmsil edən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi haqqında beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
31 avqust
- Azərbaycanın Livandakı səfirliyinə erməni əsilli şəxslər hücum edib.
- Diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlər Ağdam-Xankəndi yoluna gəliblər.
“Respublika”.