Ermənistan atacağı addımlara uyğun cavab alacaq
Siyasət

Ermənistan atacağı addımlara uyğun cavab alacaq

3+3 formatlı əməkdaşlıq platforması İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən təklif edilib. Əsas məqsəd bölgədə sülhün təmin olunması və təhlükəsizliyin təşkilinə yönəlmiş əməkdaşlığın qurulmasıdır. Ümumilikdə, "Qafqaz sülh evi"nin yaradılması ideyası bu platformanın əsasında dayanır. Keçən il ərzində müxtəlif vaxtlarda İran, Gürcüstan və Ermənistan bu platformada iştirak etməkdə tərəddüd edirdilər.

Belə ki, İran, regional, Ermənistan və Gürcüstan isə bölgə dövlətləri olmaqla müəyyən arqumentlərlə çıxış edirdilər. İranın Qafqazdakı dəyişikliklər fonunda qırmızı xətt siyasətini yeritməsi, Gürcüstanın ərazisinin Rusiya tərəfindən işğal edilməsi və Ermənistanın digər siyasi dairələr tərəfindən idarə olunması kimi faktlar bu dövlətlərin eyni platformada bir araya  gəlməsinə əngəl törədirdi.

Lakin hazırda bölgədə vəziyyət həm keyfiyyət, həm də məzmunca dəyişib. Birincisi, Azərbaycan son antiterror tədbirlərindən sonra suverenliyini təmin edib. Qarabağdakı "qondarma rejim və orada yaşayan ermənilər"dən Azərbaycana təzyiq vasitəsi kimi istifadə şansı artıq aradan qalxıb. İkincisi, İran son zamanlar Qərbin aktiv surətdə Ermənistana nüfuz etməsi səbəbindən Azərbaycanla münasibətləri müsbət yöndə tənzimləmək məcburiyyətində qalıb. Üçüncüsü, Rusiya Qərbin və demək olar ki, bütün dünya ölkələrinin ona qarşı dayandığı bir zamanda regional güc olan Türkiyə ilə yeni müstəvidə əməkdaşlığın qurulmasında olduqca maraqlıdır və bir sıra güzəştlərə getməyə hazır olduğunu sətiraltı olaraq bildirir. Dördüncüsü və nəhayət sonuncusu, Ermənistan yeni yaranmış reallıqlar fonunda Azərbaycan və Türkiyə tandeminin yeni əməkdaşlıq imkanlarından yararlanmaq fikrindədir. Çünki əks təqdirdə, yeni kataklizmlər Ermənistanı öz ağuşuna ala bilər.

Tehran görüşü ölkələr arasında müəyyən ziddiyyətlərin olmasına baxmayaraq, ümumilikdə, müsbət qiymətləndirilə bilər. Rusiya və İran Ermənistanı öz iqtisadi və siyasi asılılıqlarında saxlamaq üçün müvafiq addımlar atacaqlar. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana müvafiq təhlükəsizlik qarantiyası verəcəklər. Rusiya da bu mövzuda maraqlı tərəflərdən biridir. İran Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə və İsrailə qarşı aparılan hərbi kampaniyada pərdəarxasında qalsa da şimaldan təhlükəsizliyin təminatı məsələsini müzakirə edəcək. Ümumilikdə, Tehran görüşünü 1943-cü il Tehran görüşü ilə müqayisə etmək, onu Qafqazda güc balansının qorunub saxlanılması və milli maraqların toxunulmazlığının təmin edilməsi kimi səciyyələndirmək olar.

Növbəti görüşün Türkiyədə keçirilməsi özlüyündə müzakirə olunacaq məsələlərdə Azərbaycanın bir addım öndə olması deməkdir. Buna qədər isə Azərbaycan və Ermənistan arasında növbəti görüşün baş tutması və ya ilin sonuna qədər sülh sazişinin imzalanması ilk növbədə Ermənistanın siyasi rəhbərliyinin ortaya qoyacağı iradədən asılı olacaq. Ermənistan baş naziri və ya digər siyasilər tərəfindən verilən şifahi bəyanatlar nə qədər qulağa xoş gəlsə də bu bəyanatların kağız üzərində rəsmi qaydada təsdiqlənməsi gərəkdir. Odur ki, Ermənistan indiki məqamda ilin sonuna qədər hansı siyasi və ya manipulyativ addımlar atacaqsa ona uyğun da cavab alacaq.

Amid ƏLİYEV,

politoloq.