Xunta rejiminin “rəhbərləri
Siyasət

Xunta rejiminin “rəhbərləri" layiq olduqları yerdədirlər

"Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü "prezident" adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik". Bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində xalqa müraciəti zamanı söyləyib.

Doğrudan da həyat bir bumeranqdır. Ona görə də insan ona verilən ömrü elə yaşamalıdır ki, sonra peşman olmasın. Çünki günahlar əvvəl-axır geri qayıdır. Elə vaxtikən xalqımıza divan tutan separatçı rejimin nümayəndələrinin bu gün cinayət məsuliyyətinə cəlb edildikləri kimi...

Prezident İlham Əliyevin bu çıxışı qondarma rejimin "rəhbərlərinə" sözün əsl mənasında Osmanlı silləsi oldu. Çünki Azərbaycan dediklərini sözdə deyil, əməldə icra etdi. Məlum olduğu kimi, vaxtikən Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanmışdı. Nəticədə Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni Azərbaycan ərazisində qondarma "Dağlıq Qarabağ Respublikasının prezidentləri" və "prezident vəzifəsinin müvəqqəti icraçısı" və digər adlar altında Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasında təqsirkar bilinərək saxlanılıblar. Onlar, həmçinin idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən qanunsuz silahlı birləşmələrin döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində və terrorçuluğun maliyyələşdirilməsində şübhəli hesab olunurlar. Xatırladaq ki, ölkəmiz qondarma rejimin ləğv olunacağını və onun "rəhbər"lərinin layiqli cəzasını alacağını dəfələrlə açıq şəkildə bildirmişdi. Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan bu gün bir daha söylənənlərin hər birinin yerinə yetirildiyinin şahidi oldu. Vaxtikən Azərbaycanın Qarabağ ərazisində qanunsuz olaraq yaradılan qondarma rejim ilk gündən xalqımızın, dövlətimizin əleyhinə, onun konstitusion hüququnun pozulmasına xidmət edirdi. Xunta rejimi, həmçinin təcavüzkar siyasət nümayiş etdirməklə, regionda sülhə və sabitliyə əngəl yaradırdı. Onların rəhbərlərinə gəldikdə isə bu gün cəzalandırılan hər bir şəxsin əli Azərbaycan xalqının qanına batıb. Özlərini "prezident" kimi qələmə verən bu "məzlumlar" daha çox bölgədəki azərbaycanlıların qətlə yetirilməsi, torpaqların viran edilməsi, talanması ilə məşğul idilər. Bu gün həmin canilərin həbs edilərək ədalət məhkəməsi qarşısına çıxarılması Azərbaycanın bir daha haqq-ədaləti bərpa etdiyinin sübutudur. Ölkə başçımız bundan əvvəlki çıxışlarında da dəfələrlə vurğulamışdı ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq. Xunta rejiminin tör-töküntüləri Qarabağda qətllər törətməklə, insanları münaqişəyə vadar etməklə respublikamızın suverenliyinə xələl gətirmək xülyasında idilər. Bu gün məhz ölkəmizin qətiyyəti nəticəsində qondarma rejimin qatilləri müttəhimlər kürsüsündə əyləşiblər. Ölkəmizə tamah salan xainlər dərk etməlidirlər ki, Azərbaycanın suverenliyinə, xalqına qarşı törədilən heç bir qəsd cavabsız qalmayacaq.

Bu gün bütün Qarabağda Azərbaycan bayrağı dalğalanır. Artıq Xocalı, Xankəndi də daxil olmaqla vaxtikən düşmən tapdağı altında qalan bütün torpaqlarımız işğaldan azad olunub. İndi isə qarşıda yeni bir vəzifə - həmin ərazilərin tez bir zamanda cənnətə çevrilməsi dayanır.

N.BEYDİYEVA,

"Respublika".