Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkədə təhsil sektorunun inkişafına, bütün sahələrdə milli kadrların yetişməsinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu, ümummilli liderin rəhbərliyi ilə elm və təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlarda, verdiyi fərman və sərəncamlarda öz təsdiqini tapırdı. Belə ki, 1970-80-ci illərdə Heydər Əliyevin göstərişi ilə hər il yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilirdi. O illərdə dahi liderin bu qayğısından öz nəsibini alan gənclərdən biri olmağımdan qürur duyuram.
Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi və iqtisadi cəhətdən güclü dövlət olaraq nüfuza və söz hüququna malik olmasında xalqın böyük oğlu ümummilli lider Heydər Əliyevin rolu əvəzedilməzdir. Heydər Əliyev hələ Sovet hakimiyyəti dövründə rəhbər vəzifələrdə olarkən və Azərbaycanda 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində planlaşdırılmış, ardıcıl, sistemli islahatlara start verilmişdir. Ulu öndər Azərbaycanın xarici siyasətinin beynəlxalq əməkdaşlığın reallığına uyğunlaşdırılması üçün bir sıra mühüm tədbirlər həyata keçirdi.
Demokratik keçid dövrü hər bir dövlət üçün çətin prosesdir. Lakin Heydər Əliyev qeyri-adi peşəkarlığa və dərin biliyə, geniş dünyagörüşə malik siyasətçi olduğundan bu keçid dövrünü Azərbaycan üçün maksimum səmərəli və təhlükəsiz etməyə nail oldu. O, çox çətin bir siyasi dönəmdə - Sovet hakimiyyəti dağıldıqdan sonra Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin hökm sürdüyü, torpaqlarımızın işğal altında olduğu bir vaxtda üzərinə böyük məsuliyyət götürdü. Heydər Əliyev Azərbaycanın keçid dövrünü uğurla adlaması üçün uzaqgörən siyasət həyata keçirməyə müvəffəq oldu. Ümummilli liderin ən böyük amalı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi. Lakin bu çətin işin həyata keçirilməsi üçün ölkənin xarici siyasətində mühüm islahatlar aparılmalı idi. Ulu öndər 1994-cü ildə Ermənistan ilə atəşkəs imzaladı. Heydər Əliyev həmçinin dünyanın bir sıra böyük şirkətləri ilə Azərbaycanın neft və qaz sektorunun inkişaf etdirilməsi üçün müqavilələr bağladı. Enerji layihələrinin inkişafı ilə yanaşı, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları ilə əlaqələr quruldu.
Geniş əməkdaşlıq əlaqələrinin qurulmasında əsas məqsəd Azərbaycanı dünya dövlətlərinə yalnız zəngin təbii ehtiyatlara malik dövlət kimi deyil, həmçinin Avropanın siyasi və hüquqi mühitinə daxil olmaq istəyən dövlət kimi tanıtmaq idi.
Avropa məkanına səmərəli inteqrasiya üçün beynəlxalq siyasət ilə yanaşı, ölkədə daxili islahatların aparılması zəruri idi. Bunun üçün isə hüquqi baza formalaşmalı idi. İslahatların ilk mərhələsi Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu oldu. 1995-ci ildə müstəqil dövlətin ilk Konstitusiyasının referendum yolu ilə qəbul olunması nəticəsində hüquqi dövlətçiliyin və demokratik dəyərlərin əsası qoyuldu. İnsan hüquq və azadlıqlarını təsbit edərək ən yüksək norma və standartların müəyyən edilməsi Azərbaycanın dünya dövlətləri və xalqları ilə münasibətlərinin qurulmasında əsas prinsipləri bəyan etdi. Beləliklə, Konstitusiya beynəlxalq siyasətin yeni şərtlərinin Azərbaycan reallığına adaptasiyası üçün fundamental rol oynadı. Konstitusiyanın qəbul edilməsi, həmçinin ölkədə seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə, ədalətli məhkəmə hüquq sisteminin yaradılmasına, siyasi plüralizmin inkişafına, din və vicdan azadlığının qorunmasına təkan verdi. Yeni məhkəmə-hüquq sistemi formalaşdırıldı.
8 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq barədə Fərman imzaladı. Bu Fərman Avropa Şurası ilə rəsmi münasibətlərin qurulmasına, eyni zamanda milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına imkan yaratdı. Bu, Azərbaycanın xarici siyasətinin inkişafına dəstək oldu. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etməklə, Azərbaycan Respublikası, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına qoşularaq hər bir vətəndaşının beynəlxalq məhkəməyə müraciət etmək hüququnu tanıdı. Azərbaycan Respublikasında həyata keçirilən köklü hüquq islahatları nəticəsində Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Azərbaycan Respublikasının Avropa