Müasir Azərbaycanın otuz ilə yaxın müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan Respublikası müstəqilliyinin bərpasından sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində nail olmuşdur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli xahişi ilə yenidən respublika rəhbərliyinə qayıdışı ölkəmizin müqəddəratını tənəzzüldən tərəqqiyə dəyişərək, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasına imkan yaradıb. Ulu öndər Heydər Əliyev milli iqtisadiyyatın sağlam əsaslar üzərində dirçəlməsi və tərəqqisini təmin edən iqtisadi inkişaf strategiyasını formalaşdırmaqla, əhalinin rifah halının, vətəndaş məmnunluğunun təminatını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edib. Bunun nəticəsi kimi, 1995-2003-cü illərdə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox, pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artıb, əhalinin məşğulluq imkanları ildən-ilə genişlənib. MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi və Demoqrafik İnkişaf Konsepsiyası, 2001-ci ildə "Məşğulluq haqqında" qanun qəbul edilib. Eyni zamanda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin qurulmasına, həmin şəxslər üçün inteqrasiya məqsədli tədbirlərin həyata keçirilməsinə başlanıb. Xüsusilə də şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatına da start verilib. Bu mühüm sosial proqramlar ildən-ilə genişlənib. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər milli-strateji hədəflərə çatmağa imkan verməklə yanaşı, yeni Azərbaycanın parlaq gələcəyini inşa edib.
Qeyd edək ki, hər bir dövlətin sosial siyasəti onun iqtisadiyyatının inkişafı və dövlət idarəçiliyinin ədalətliliyi ilə qiymətləndirilir. Bu mənada, ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə humanist və ədalətli sosial siyasətin yürüdülməsi üçün ən qısa zamanda iqtisadi sahədə stabil dövlət siyasətini formalaşdırmağa nail olub. Bu barədə Ulu öndər çıxışlarında deyib: "...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla, ədalətli və humanist sosial siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir". Bu mənada, Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi. Heydər Əliyevin sosial siyasətinin prioritetləri əsasən pensiya islahatları, güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi, yoxsulluğun azaldılması, sosial müdafiənin gücləndirilməsi, regional idarəetmənin təkmilləşdirilməsi, məqsədli Dövlət proqramlarının inkişafının stimullaşdırılması və sosial problemləri yaradan səbəblərin aşkarlanaraq aradan qaldırılması idi. Bununla bərabər, bu prioritetlərə uyğun olaraq, Milli Qanunvericiliyimizdə güclü hüquqi baza quruldu, sosial siyasət sahəsində beynəlxalq konvensiya və qətnamələr ratifikasiya olundu. Konstitusiyamız da daxil olmaqla, mövcud qanunlarımız təkmilləşdirildi. Heydər Əliyevin müəllifi olduğu və həyata keçirdiyi sosial siyasət bir model kimi elmi-nəzəri əsaslara söykənirdi.
Ulu öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətlərində uğurlu tədbirlər həyata keçirilib. Heydər Əliyevin rəhbərliyi zamanında pensiya təminatının yaxşılaşdırılmasına xidmət edən bir sıra vacib normativ-hüquqi aktlar qəbul olunub. "Vətəndaşların pensiya təminatı haqqında" qanuna əlavə və dəyişikliklər, "Sosial sığorta haqqında" qanun, "Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında" Azərbaycan Respublikasının Sərəncamı, "Minumum aylıq əməkhaqqının artırılması haqqında" və "Pensiyaların artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanları qəbul edilib.
Eyni zamanda ulu öndər əlillərin, aztəminatlı ailələrin də sosial müdafiəsinə xüsusi diqqət yetirib. Onun rəhbərliyi dövründə əlillərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb. Əlil probleminin kompleks həlli məqsədilə görkəmli şəxsiyyət Heydər Əliyevin 14 may 1998-ci il tarixli sərəncamı ilə "1998-2001-ci illər üçün əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi üzrə Dövlət Proqramı" təsdiqlənib. Bundan əlavə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Əli Bayramlı (indiki Şirvan) şəhərlərində əlillər üçün reabilitasiya mərkəzi açılıb. Dövlətin aztəminatlı vətəndaşların sosial müdafiəsi üçün apardığı tədbirlərin effektivliyi həm də onların konkretliyindən və ünvanlılığından asılıdır. Sosial müdafiənin ünvanlılıq prinsipi müasir model sayılır. Ulu öndər respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmiş, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur.
Azərbaycanda sosial dövlətin möhkəm təməlinin formalaşması həm də artıq 2000-ci ildə ölkəmizin qlobal səviyyədə yoxsulluğunun kəskin şəkildə azaldılmasını nəzərdə tutan beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulmasına imkan verdi. BMT-nin 2000-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Minilliyin sammitində 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından imzalayan ümummilli liderimiz Heydər Əliyev bu mühüm sənəddən irəli gələn öhdəliklərin ökəmizdə uğurla yerinə yetirilməsi üçün dövlət siyasətinin də formalaşmasını təmin edib. Bəyannamədə 8 qlobal məqsəddən birincisi - ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması idi. Ulu öndərimizin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən Dövlət proqramları bu sahədə mühüm irəliləyişlərə şərait yaratdı. Bütün bunlar belə deməyə əsas verir ki, Heydər Əliyevin strateji inkişaf kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və ölkəmizin daha da inkişaf edəcəyinə əmindir. Bunun üçün möhkəm sosial-iqtisadi bazanı isə ümummilli liderimiz yaradıb.
Mustafa KAMAL,
"Respublika".