XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev bu tarixin həm də ən şərəfli səhifələrinin müəllifidir. Ulu öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub. Ümummilli lider Heydər Əliyev unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.
Bu il Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan olunmuşdur. Əlbəttə ki, bu qərar, ilk növbədə, xalqın iradəsinin ifadəsi və öz xilaskar oğluna olan əbədi sevgisinin, əziz xatirəsinə sonsuz ehtiramın ən bariz təcəssümüdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər iki fərqli tarixi dövrə təsadüf edir. Həm də bu dövrlərin fərqliliyi təkcə zaman kəsiyi səbəbilə deyil, eyni zamanda da ölkənin mövcud olduğu müxtəlif, daha dəqiq desək, antoqonist ictimai-siyasi formasiyaların mahiyyətlərindəki ziddiyyətlər əsasında formalaşmışdı. Bununla belə, ulu öndər Heydər Əliyevin fəaliyyəti hər iki dövrdə bilavasitə Azərbaycan xalqının maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. 1969-cu ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Əslində həmin plenumu tarixi önəm kəsb edən hadisə kimi dəyərləndirmək lazımdır. Çünki məhz o gündən sonra Azərbaycan SSR yeni, iqtisadiyyatının bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu bir dövrə qədəm qoydu. Respublikada iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi, texniki və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı. Beləliklə, hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı bünövrə formalaşdıran ulu öndər əlverişli sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi. Birmənalı olaraq vurğulamaq lazımdır ki, məhz 1969-1982-ci illər respublikada ictimai-siyasi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərin miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.
Əlbəttə ki, müstəqillik ideyasının əsasında duran vacib hərəkətverici qüvvələrdən biri də milli ideologiya amilidir. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, itirilməkdən xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm də dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə ən yüksək dəyər verən ulu öndər deyirdi: "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".