İyunun 2-si ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın mülki aviasiyası çətinliklər, nailiyyətlərlə dolu keşməkeşli yol keçərək özünün bugünkü inkişaf mərhələsinə yüksəlmişdir. Milli mülki aviasiyanın yaranma tarixi ilk uçuşların həyata keçirildiyi XX əsrin əvvəllərinə, 1938-ci il iyunun 2-nə təsadüf edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə 7 aprel 1992-ci ildə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" Dövlət Konserninin (AZAL) yaradılması ilə aviasiya sənayesinin inkişafı, o cümlədən müasir standartlara tam cavab verməsi istiqamətində böyük işlərə imza atıldı. Azərbaycan aviasiya infrastrukturuna böyük sərmayələr yatırmaqla müasir hava limanları, geniş daxili və beynəlxalq hava marşrutları şəbəkəsi yaratdı.
Aviaşirkətin baza hava limanı, əsas giriş qapısı Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" konsaltinq şirkəti tərəfindən ən yüksək "5 ulduz"la təltif edilib. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarında yüksək səviyyəli xidmətlər təklif etməklə uçuş imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. Bundan əlavə, ölkənin bu sahədə müxtəlif dövlətlərlə müqavilələri sərnişin və yükdaşımalarının həcmini və trayektoriyasını genişləndirmişdir. Həmçinin müasir hava gəmiləri parkına sahib olan, təhlükəsizliyə və müştəri məmnuniyyətinə böyük önəm verən aviaşirkətin beynəlxalq alyans və tərəfdaşlıqlarda iştirakı "Azərbaycan Hava Yolları"na böyük nüfuz qazandırmışdır.
Strateji mövqedə yerləşməsi ölkəmizin regionda həm də mühüm aviasiya mərkəzi kimi çıxış etməsinə imkan yaradır. Bu baxımdan Azərbaycan regional əməkdaşlığı inkişaf etdirmək, qonşu xalqlarla əlaqələri daha da möhkəmləndirmək, turizm və ticarəti təşviq etməkdə səy göstərir. Tarixi İpək Yolu boyunca hava əlaqələrinin gücləndirilməsinə yönəlmiş "İpək küləyi" layihəsi kimi təşəbbüslər Azərbaycanın regional aviasiya və iqtisadi inteqrasiyada rolunu gücləndirib.
AZAL qabaqcıl naviqasiya sistemlərinin, müasir təyyarələrə texniki qulluq təcrübələrinin və sərnişinlərin rahatlığı üçün rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyat səmərəliliyini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ötən ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlamış, Rusiya və Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılmışdır. Perspektivdə 36 istiqamətdə həyata keçirilən uçuşların sayının cari ildə 62-yə çatdırılması planlaşdırılır. Artıq bu ilin mart ayından AZAL tərəfindən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılıb. Barselona, Vyana və Parisə də uçuşlar reallaşdırılır. AZAL marşrut şəbəkəsini genişləndirməklə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyir.
Aviasiya əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas prioritetdir. Belə ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) kimi təşkilatlar tərəfindən təhlükəsizlik qaydalarının tətbiqi nəticəsində müəyyən edilmiş beynəlxalq standartlara riayət edilir, davamlı təlim proqramları, ciddi yoxlamalar və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq vasitəsilə Azərbaycan sərnişin daşımalarında həm də yüksək təhlükəsizlik standartlarını qoruyur.
AZAL-ın təhlükəsizliyinin təminatında "Azəraeronaviqasiya" Hava Hərəkətinə Nəzarət İdarəsinin (AZANS) də xüsusi rolu var. Ötən il AZANS "CANSO Global Safety Achievement" nominasiyasında qalib gələrək, dünyada aeronaviqasiya xidmətlərinin Top-5 ən etibarlı təchizatçıları siyahısında yer alıb. Həmçinin, 2022-ci ildə növbəti dəfə IOSA-nın (Beynəlxalq İstismar Təhlükəsizliyinin Audit Proqramı) əməliyyat təhlükəsizliyi auditindən uğurla keçməsi "Azərbaycan Hava Yolları"nın ciddi beynəlxalq mülki aviasiya təhlükəsizliyi tələblərinə cavab verən etibarlı aviaşirkət olduğunun göstəricisidir.
Strateji İnkişaf Planına əsasən Azərbaycan Hava Yolları QSC-nin 2030-cu ilə qədər inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Plana uyğun olaraq köhnə təyyarələrin tədricən istismardan çıxarılması, yeni geniş gövdəli "Boeing 787 Dreamliner" və dar gövdəli "Airbus A320 Neo" sinfi hava