2023-cü il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev İli" elan edilib. Qürurvericidir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini Zəfər ruhunda qeyd edir, Onun yaratdığı möhkəm təməlin ölkəmizin qarşısında açdığı imkanlar fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən danışırıq. Dahi şəxsiyyətin ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik".
Artıq 3 ildir ki, bütün tarixi günlərimizi, bayramları qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edirik. 2020-ci ilin 8 noyabr tarixini salnaməsinə Zəfər Günü kimi yazan ölkəmiz bir daha hansı imkanlara malik olduğunu, sözün əsl mənasında müstəqil siyasət yürütdüyünü, milli maraqların hər şeydən öndə dayandığını dünyaya nümayiş etdirdi. Təbii ki, möhkəm təməl uğurların başlanğıcı, yeni-yeni hədəflərə doğru stimulverici amildir. Bu təməli Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev yaratdı. Dövlət başçısı İlham Əliyevin Ümummilli Liderin yaradıcısı olduğu, hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının VII qurultayında səsləndirdiyi çağırışı bir daha xatırlatmaq istərdim: "O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur".
Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etsə də, həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından hansı problemlərlə, təhlükələrlə üz-üzə qaldığı xalqımızın yaddaşındadır. Həmin illəri tariximizin qara səhifəsi kimi vərəqləyərək Azərbaycanın həmin dövrün çətinliklərindən necə xilas olduğunu gənc nəslə çatdırmalıyıq. Müstəqilliyinin bərpasının ilk illərində respublikada yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini azaltdı, xalq vəziyyətdən çıxmağın yollarını axtarmağa başladı. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan Ulu Öndər Heydər Əliyev oldu. Böyük inam və qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoydu. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Onun həyat amalının təntənəsidir.
Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciətində həmin illərin reallıqlarının doğurduğu fəsadlar - iqtisadiyyatın tənəzzülü, təbii sərvətlərimizin talan edilməsi, vəziyyətin ağırlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalının tərk etməsi öz əksini tapmışdır. Həmçinin müraciətdə xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı və digər faciələri törədənlərin cəzasız qalması xüsusi qeyd olunaraq bu məsələlərin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu diqqətə çatdırılmışdır. Qeyd edilirdi ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Ulu Öndər Heydər Əliyevin həmin müraciətə "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı o dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıcı oldu. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" imzalandı. Bununla da, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin əsası qoyuldu. İqtisadi və maliyyə imkanlarımızın artması ordu quruculuğu sahəsində mühüm addımlara yol açdı. 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya səs salan tarixi Zəfərimiz rəşadətli Ordumuzun möhkəm təməl üzərində daha da möhkəmlənərək, döyüş qabiliyyətini artıraraq dünyanın ən güclü orduları sırasında qərarlaşdığını, üzərinə düşən missiyanı şərəflə yerinə yetirdiyini nümayiş etdirdi. Həmçinin Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan və bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapdı. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, deyə bilərik ki, Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı.
Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti bu siyasətin uğurlu davamı oldu. Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək zirvələri fəth edir. 2003-cü ildən başlanan yolun davamının Azərbaycana qazandırdığı ən böyük uğur 30 ilin işğalına, torpaq həsrətinə son qoyulması, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasıdır. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər Xiyabanından Azərbaycan xalqına: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm" müraciəti ilə bildirən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbənin döyüş meydanında qazanıldığını qalib Sərkərdə kimi də qürurla bəyan etdi. Xalqımızın tarixinə yazılan 2020-ci il noyabrın 8-i Azərbaycanın qəhrəmanlıq salnaməsində əbədi yaşam haqqı qazandı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlarsız geri qaytarmaq məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix - 27 Sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təsis edildi.
Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamı Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dirçələn Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadi və siyasi gücünün təqdimatıdır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanıldı. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə, Zabux kəndinə, Füzuli rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Qarşıdakı dövrdə qayıdış ünvanlarının sıralanmasının daha da artacağının şahidi olacağıq. Gələn il üçün kəlbəcərlilərin qayıdışı nəzərdə tutulur.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş Planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya, işğaldan azad edilmiş bütün torpaqlarımıza səfərləri tarixi hadisə kimi dəyərləndirilir, mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. Şuşa bu gün, eyni zamanda iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu məkanda keçirilən tədbirlər tarixi Zəfərimizin yaratdığı reallıqların dünyaya təqdimatında öz sözünü deyir. Həmçinin bir daha təsdiqləyir ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.
Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Prezident İlham Əliyev son 20 ilə yaxın dövrdə gördüyü işlərlə Ümummilli Liderin inamını doğrultdu, Onun bütün arzularını reallığa çevirdi. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işlərin Onun axıra çatdıracağına əminliyini ifadə etmişdir. Təbii ki, burada əsas amal Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə xalqa müraciətində "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!". Dövlət başçısı İlham Əliyev bu il keçirilən Şuşa Qlobal Media Forumunda səsləndirdiyi "Hər dəfə yeni bir inkişaf layihəsini görəndə, yaxud da ki, təməl mərasimində iştirak edəndə sanki, necə deyərlər, damarıma qan vurulur, yəni, o qədər müsbət enerji verir ki, bu müsbət mənəvi enerji insanı fiziki cəhətdən də gücləndirir... Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur" fikirləri ilə möhkəm təməlin, uğurlu siyasətin yol açdığı reallıqların yaratdığı xoşbəxtlik hissini diqqətə çatdırdı. Bütün bunlar ümumilikdə inkaredilməz olan bir həqiqətin təsdiqidir ki, Azərbaycan xalqı Heydər Əliyev kimi Ümummilli Liderinin, İlham Əliyev kimi Prezidentinin, Müzəffər Ali Baş Komandanının olduğu üçün xoşbəxtdir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan qarşıdakı illərdə daha möhtəşəm uğurları ilə dünyanı heyrətləndirəcək.
Təvəkkül ƏLİYEV,
YAP Şuşa rayon təşkilatının sədri.