1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə silahlı cəhd göstərilmişdir
Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan müasir tarixinin olduqca mürəkkəb, çətin dövrünü yaşayırdı. İqtisadiyyatı tamamilə çökmüş respublikada bir tərəfdən hakimiyyət uğrunda qızğın mübarizələr gedir, vəzifə üstündə qardaş qardaşa silah qaldırır, bir yandan da ölkə daxilində hərc-mərclikdən, qarşıdurmadan sui-istifadə edən Ermənistan torpaqlarımızın işğalını genişləndirirdi.
Tarixi torpaqlarımız bir-birinin ardınca düşmənə təslim edilir, soydaşlarımız öz doğma yurdlarından didərgin salınır, xalqımıza qarşı soyqırımı həyata keçirilirdi. Hakimiyyətdəki boşluqdan istifadə edən, siyasi savadı, idarəçilik bacarığı olmayan müxalifət xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrdən maliyyə dəstəyi alaraq ölkədə çaxnaşma, qarşıdurma yaradırdı. AXC-Müsavat birliyi siyasi hakimiyyəti qanunsuz yolla ələ almışdı. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış xalqımız öz nicat yolunu ulu öndər Heydər Əliyevi ikinci dəfə respublikaya dəvət etməkdə görürdü. Xalqın təkidli dəvətini qəbul edən ümummilli liderin respublikaya rəhbərliyə qayıdışından sonra ölkədaxili vəziyyət stabilləşdi, qardaş qırğınının qarşısı alındı, dövlətimizin parçalanma təhlükəsi aradan qaldırıldı.
Ulu öndər Heydər Əliyevin demokratik yolla Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkəmiz dünya birliyinə inteqrasiya yoluna qədəm qoydu. İlk növbədə, ordu quruculuğu istiqamətində islahatlara başlandı, nizami milli ordu formalaşdırıldı, maddi-texniki bazası möhkəmləndirildi, silahlı qüvvələrin təyinatını, statusunu təsbit edən qanunlar qəbul edildi. Ulu öndərin gərgin əməyi, məqsədyönlü siyasəti sayəsində atəşkəsə nail olundu. Respublikada daxili vəziyyətin stabilləşməsi nəticəsində inkişaf etmiş xarici dövlətlər, nüfuzlu şirkətlər ölkəmizlə ikitərəfli əsasda əlaqələr qurmağa başladılar. 1994-cü il sentyabrın 20-də "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici şirkətlər arasında "Əsrin müqaviləsi" bağlandı. Bununla da müstəqilliyinin ilk illərində Azərbaycanın çökmüş iqtisadiyyatı dirçəlməyə başladı, xarici investisiyaların ölkəmizə axını reallaşdı. Bir vaxtlar respublikamızın iqtisadiyyatına sərmayə yatırmağa risk etməyən ölkələr, artıq hərtərəfli əlaqələrin inkişafına səy göstərdilər.
Azərbaycanın inkişafını, xalqın yaşayış tərzinin yaxşılaşmasını istəməyən, respublikanı parçalamağa, rəhbərliyi ələ keçirməyə cəhd edən daxili və xarici düşmənlər qısa zaman kəsiyində əldə olunan bu nailiyyətlərdən təşvişə düşdülər və Azərbaycanın sürətli tərəqqisinə mane olmaq məqsədilə məkrli planlarını həyata keçirmək üçün hər vasitəyə əl atdılar. Həmin dövrdə ağır cinayətlər üstündə məhkəmə istintaqı altında olan sabiq müdafiə naziri Rəhim Qazıyev, sabiq müdafiə nazirinin müavini Baba Nəzərli, Əlikram Hümbətov, Arif Paşayev Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından ölüm cəzasına məhkum olunmuş digər şəxsləri həbsxanadan qaçırdılar. Həmçinin dövlətin yüksək vəzifəli şəxsləri - Ali Sovet sədrinin birinci müavini Afiyəddin Cəlilov, Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov hakimiyyəti ələ keçirmək istəyən quldur dəstələrinin üzvləri tərəfindən sentyabrın 29-da qətlə yetirildilər. Bütün bu hadisələrin həyata keçirilməsində məqsəd Azərbaycan dövlətçiliyinə zərbə vurmaq, xalqın iradəsi ilə hakimiyyətə gəlmiş hökuməti devirmək idi.
Ölkədə qarşıdurma yaratmaq, vəziyyəti gərginləşdirməklə öz maraqlarına xidmət edən Ayaz Mütəllibov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Vaqif Hüseynov kimi vətən xainləri sabiq baş nazir Surət Hüseynovu, daxili işlər nazirinin sabiq müavini Rövşən Cavadovu dövlət çevrilişi etməyə sövq etdilər. Bu, Surət Hüseynovun növbəti xain əməli idi. Belə ki, o vaxtkı ölkə başçısı Əbülfəz Elçibəy Ermənistanın işğalının genişlənməsinə, Birinci Qarabağ müharibəsində hərbi uğursuzluqlara görə 1993-cü ilin fevral ayında korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzalamışdır. Surət Hüseynov isə sərəncamı icra etməmiş və vəzifəsindən kənarlaşdırıldığına görə Gəncədə bir qrup dəstələri silahlandıraraq 1993-cü ilin iyununda hökumətə qarşı qiyam qaldırmışdır. Bundan sonra keçmiş müdafiə naziri Dadaş Rzayev 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı qərar vermiş, Gəncəyə qoşun yeridilmişdi. Beləliklə, Surət Hüseynovun rəhbərlik etdiyi silahlı birləşmələr ilə onları tərk-silah etmək üçün göndərilən hökumət qüvvələri arasında qarşıdurma nəticəsində qardaş qırğını başlamış, iyunun 4-də Gəncədə baş verən hadisələr zamanı 35 nəfər həlak olmuşdu. Ölkədə hökm sürən hərbi-siyasi böhran get-gedə daha da dərinləşirdi. Surət Hüseynovun silahlı dəstəsi Gəncədə yerli hakimiyyət strukturlarını məğlub edərək Bakıya doğru irəliləməyə başlamışdır. Üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə öz çirkin məqsədlərinə çatmaq üçün hətta qanunsuz silahlı dəstələr saxlayan Surət Hüseynov ölkə qanunlarına zidd hərəkətlər edirdi. Surət Hüseynovla yanaşı, bir vaxtlar ərazi bütövlüyümüz uğrunda Qarabağda qəhrəmanlıqlar göstərən, erməni yaraqlılarının canına vəlvələ salan, torpaq, vətən naminə canlarından keçən Daxili İşlər Nazirliyinin tabeliyində yaradılmış Xüsusi Təyinatlı Polis Dəstələrinin (XTPD) üzvlərini cinayətkar dəstəyə çevirən Rövşən Cavadovun rəhbərliyi ilə XTPD-nin üzvləri müstəqil Azərbaycanın qanunlara tabe olmaq istəmir, soyğunçuluq, quldurluq əməllərini davam etdirir, hegemonluqlarını qoruyub saxlamağa çalışırdılar. O, qardaşı Mahir Cavadovla birlikdə tabeliyində olan xüsusi təyinatlı polis dəstəsinin şəxsi heyətindən, döyüş texnikası və bazasından qeyri-qanuni surətdə istifadə edərək öz məqsədlərini həyata keçirməyə, hakimiyyətə qarşı sui-qəsd törətməyə, qanuni hakimiyyəti sarsıtmağa və devirməyə çalışırdı.
Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə oktyabrın 4-də dövlət çevrilişinə silahlı cəhd göstərildi, Mahir Cavadovun rəhbərliyi ilə XTPD-nin cinayətkar qüvvələri respublika prokurorluğuna silahlı basqın törədərək vəzifəli şəxslərə zorakılıq tətbiq etdilər, dövlət əmlakına ziyan vurdular. Surət Hüseynovun Gəncədə yerləşən qanunsuz dəstəsi isə onun göstərişi əsasında silahlı basqın yolu ilə icra hakimiyyətini, hüquq-mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdi və bu hərəkətlərini digər rayonlarda da davam etdirməyə çalışdılar.
Dahi lider Heydər Əliyevin yüksək idarəçilik bacarığı, müdrik siyasəti, xalqın öz liderinə dəstəyi sayəsində dövlət çevrilişinə cəhd edən qüvvələr məhv edildi. Azərbaycan xalqı etibar etdiyi, güvəndiyi liderinin ətrafında sıx birləşərək dövlətçiliyinə, müstəqilliyinə xor baxan xainlərin məkrli planlarını həyata keçirməyə imkan vermədi. Xalqın iradəsi, ölkə başçısının düşünülmüş siyasəti Surət Hüseynovu, Rövşən Cavadovu cinayət əməllərini dayandırmağa məcbur etdi. Rövşən Cavadov məsuliyyətdən yaxa qurtarmaq üçün xalq qarşısında peşmançılığını bildirdi. Surət Hüseynovun silahlı qüvvələri tərk-silah edildi, onun cinayət yoldaşları və müxtəlif dövlət vəzifələrində oturan məsləkdaşları həbs edildi, 1994-cü il 4 oktyabrda həyata keçirilməsi planlaşdırılan dövlət çevrilişinin qarşısı qətiyyətlə alındı. Müdrik siyasətçi, dahi lider Heydər Əliyevin yüksək idarəçilik bacarığı sayəsində Azərbaycan tarixində daha bir sınaqdan qətiyyətlə çıxdı.
Mehparə ƏLİYEVA,
"Respublika".