Təhsili millətin gələcəyi adlandıran müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti elm və təhsil istiqamətlərini kompleks şəkildə əhatə etmişdir. Ümummilli Liderin bütövlükdə elmin, o cümlədən hüquq elminin və təhsilinin inkişafında rolunu bir sıra istiqamətlər üzrə şərh etmək olar: Hüquq sistemində islahatların hüquq elminə və təhsilinə müsbət təsiri; Təhsil sisteminin yeni standartlar əsasında təkmilləşdirilməsi nəticəsində hüquq təhsilinin inkişafı; Hüquq elminin və təhsilinin inkişafında beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və dünya elm məkanına inteqrasiya.
Ulu Öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyətinin yaradılması, hakimiyyətlər bölgüsü prinsipinin bərqərar olması hüquq elminin inkişafında dönüş nöqtəsi yaratmış və yeni mərhələnin başlanğıcı olmuşdur. Bu, həm aparılan hüquqi tədqiqatların məzmununu köklü dəyişdirmiş, həm də hüquqşünas kadrların yetişdirilməsi prosesinə öz əsaslı və əhəmiyyətli təsirini göstərmişdir. İlk dəfə olaraq yeni Konstitusiyamızda demokratik-hüquqi dövlətlərin əsasını təşkil edən hakimiyyətlər bölgüsü prinsipi təsbit olunmuşdur ki, bu da Hüquq fakültəsində əsas və vacib fənn kimi "Konstitusiya hüququ" fənninin predmet və obyektinin yenilənməsini şərtləndirmişdir. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu olan bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır ki, bu da Hüquq fakültəsində yeni bir fənn olan bələdiyyə hüququnun tədrisi ilə nəticələnmişdir.
Tam əminliklə deyə bilərik ki, Heydər Əliyev müasir Azərbaycanda insan hüquqları elmi məktəbinin banisidir. Konstitusiyada bəyan olunmuş insan hüquq və azadlıqlarının təminatı Ulu Öndər siyasətinin başlıca istiqamətini təşkil etmişdir. Bu da ölkəmizdə insan hüquqlarının tədrisinə xüsusi diqqət ayrılmasına səbəb olmuşdur. Belə ki, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə insan hüquqlarına dair beynəlxalq aktların öyrənilməsi məqsədilə respublikanın ali, orta ixtisas və orta məktəbləri üçün insan hüquq və azadlıqlarına dair dərsliklərin hazırlanması tapşırılmışdı. Ölkəmizdə insan hüquqlarına həsr olunmuş dərslik, dərs vəsaiti və monoqrafiyaların yazılması məhz bu Fərmandan sonrakı dövrə təsadüf edir.
Bundan əlavə, Ulu Öndərin beynəlxalq sferada gördüyü işlər Azərbaycanın dünyaya tanıdılması ilə yanaşı, hüquq elminin inkişaf perspektivlərinə də öz təsirini göstərmişdir. Belə ki, beynəlxalq təşkilatlara üzvlüyə qəbul, bir çox konvensiyaların təsdiqi Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edildi, Avropa İnsan Hüquqları Konvensiyasına qoşuldu və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını tanıdı. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni mütərəqqi qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi. Respublikamızın Avropa Şurasına üzvlüyə qəbul edilməsi Hüquqşünaslıq üzrə yeni magistratura ixtisaslaşmalarının, eləcə də bütün ixtisaslaşmalar üzrə tədris edilən "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ" kimi fənlərin yaradılmasına zəmin yaratdı.
Ümummilli Liderin təşəbbüsü ilə qəbul edilmiş prosessual və maddi hüquq normaları sahəvi hüquq elmlərinin inkişaf tendensiyasını müsbət istiqamətdə dəyişmişdir. Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, "Notariat haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" və digər qanunlar qəbul edilmişdir. Bütün bunlar ayrı-ayrı hüquq sahələrinə, bütövlükdə hüquq elminə öz müsbət xarakterizə olunan təsirini göstərmişdir. Belə ki, yeni Cinayət Məcəlləsinin, Mülki Məcəllənin qəbul edilməsi cinayət hüquq və mülki hüquq elmlərinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının mütərəqqi formada qurulmasına səbəb olmuşdur. Burada xüsusilə 1998-ci ildə ölüm hökmünün ləğv edilməsini misal göstərə bilərik. Azərbaycan həm Şərqdə, həm də MDB məkanında ölüm hökmünü ləğv edən ilk dövlət olmuşdur. Eyni zamanda, yeni prosessual məcəllələrin (Cinayət-Prosessual Məcəllə, Mülki-Prosessual Məcəllə) qəbulu prosessual hüquq elminin yeni demokratik və humanist prinsipləri rəhbər tutaraq inkişafına zəmin yaratmışdır.
Yeni məcəllə və qanunlarda hüquqi qaydada təsbit olunan və tənzimlənən müasir hüquq institutları ilə bağlı formalaşan yeni münasibətlər, onların məzmununun genişliyi ənənəvi hüquq sahələrindən müstəqil hüquq sahələrinin meydana çıxmasına gətirib çıxarmışdır. Bütün bu qeyd olunanlar kommersiya hüququ, vergi hüququ, gömrük hüququ, iqtisadi hüquq, tibb hüququ, idman hüququ, mediasiya hüququ bu kimi yeni müasir sahəvi və tətbiqi hüquq elmlərinin yaranması deməkdir.
Bununla yanaşı, gender bərabərliyinin konstitusion qaydada bəyan olunması, bu sahədə qanunvericilik aktlarının qəbul edilməsi və tətbiqi sayəsində Hüquq fakültəsində azlıq təşkil edən qızların sayı əhəmiyyətli dərəcədə artmışdır.
Hüquq sisteminin modernləşdirilməsi istiqamətində dünyəvi təhsil sisteminə keçid xüsusi qeyd olunmalıdır. Dövlətin təhsil sisteminin dünyəvi xarakter daşıması konstitusion qaydada təsbit edilmişdir. Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsi olaraq, bu günə qədər Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr vermişdir. Bütün bunlar müasir hüquq məktəblərinin inkişaf tendensiyalarına öz təsirini göstərmişdir. Təsadüfi deyil ki, respublikamızda aparılan elmi hüquqi tədqiqatlar humanistlik, demokratiklik, inteqrasiya və dünyəvilik kimi əsaslara istinad edir və onlar eyni zamanda təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə daxildir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülmüşdür. Ali məktəblər üçün çox sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdir. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, yüzlərlə yeni ixtisaslar açılmış, kafedralar, tədqiqat laboratoriyaları fəaliyyətə başlamışdır.
Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmişdir. Belə ki, 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, onlara universitet statusu verilmişdir. 1993-1994-cü tədris ilindən ödənişli təhsil tətbiq edilmişdir ki, bu, həmin dövr üçün xarakterik olan çətin iqtisadi şəraitdə ali təhsil müəssisələrinin maliyyə imkanlarını xeyli yaxşılaşdırmışdır. Məhz bütün bu qeyd olunanlar Ulu Öndərin təhsil siyasətində elm, təhsil və iqtisadiyyatın vəhdətini ifadə edir.
1997-ci ildə bakalavriat təhsilini başa vuran məzunlar ilk dəfə olaraq magistratura səviyyəsində təhsilə başladılar ki, bu da respublikamızda hüquq sahəsində də azad tədqiqatçıların sayının artmasına təkan vermişdir.
Hər zaman qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Bakı Dövlət Universitetinin məzunu olmuşdur. O, Universitetin fəaliyyətini, xüsusilə Azərbaycanın milli dəyərlərində rolunu hər zaman yüksək qiymətləndirmişdir. Bakı Dövlət Universitetinin tarixinə nəzər salarkən məlum olur ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi 34 ildə o, həmişə universitetin fəaliyyəti ilə maraqlanmış, onu diqqətdə saxlamış, inkişaf istiqamətini müəyyənləşdirmişdir. 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubiley mərasimindəki çıxışı zamanı Ümummilli Liderimiz universiteti həqiqəti axtaran, milli ruhu inkişaf etdirən bir ocaq və mənbə kimi qiymətləndirərək söyləmişdir: "...Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda mübarizə aparan insanların da çoxu burada təhsil almış, universitet divarları arasında işləmiş, fəaliyyət göstərmişlər və bu gün də göstərirlər. Ona görə də Bakı Dövlət Universitetinin Azərbaycan dilinin inkişafında, milli ruhun, milli şüurun inkişafında, vətənpərvərlik ruhunun inkişafında olan xidmətlərini bir daha xüsusi qeyd edirəm və bu gün - müstəqil Azərbaycan dövlətində, belə insanlara, belə axtarışlara öz hörmət və ehtiramımı bildirirəm".
Müxtəlif beynəlxalq təşkilatlarda respublikamızı təmsil etmək üçün kadr hazırlığı Ulu Öndərin həm hüquq elminə, həm də Hüquq fakültəsinə xüsusi diqqətinin başlıca göstəricisidir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin ən başlıca məqsədi milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş və müasir dünyagörüşünə malik olan, yenilikləri qiymətləndirməyi bacaran və rəqabətqabiliyyətli kadrların hazırlanmasından ibarət olmaqla yanaşı, eyni zamanda bu kadrların Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk etməsinə, milli dəyərlərimizə və demokratik prinsiplərə hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı şəxsiyyət kimi yetişməsinə xidmət etmişdir.
Onu da qeyd etmək lazımdır ki, Ulu Öndərin humanist siyasətinin nəticəsi olaraq, məcburi köçkün statusu olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, şəhid ailəsi statusu almış ailənin üzvlərinin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərcləri büdcə hesabına ödənilir. Məhz bu sosialyönümlü siyasət respublikamızda elmə və təhsilə olan sonsuz qayğının bariz nümunəsidir və elm-təhsil sisteminin əlçatanlığının təminatına xidmət edir. Məhz belə humanist siyasətin nəticəsi olaraq, Hüquq fakültəsində təhsil alan sosial həssas qrupların uşaqlarının sayı artmışdır.
Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasında ali təhsil müəssisələrində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün lazımi şərait yaradılmasına xüsusi diqqət ayrılmışdır. 1998-ci ildən bu günə qədər elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin 1500-dən artıq əməkdaşı müxtəlif ölkələrdə - ABŞ, Böyük Britaniya, Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan, Fransa, Litva və başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə olmuş, Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişlər. Nəzərə alsaq ki, istənilən sahədə, o cümlədən elmdə sürətli inkişafın başlıca amillərindən biri də çevik inteqrasiya və beynəlxalq əməkdaşlıqdır, onda yuxarıda qeyd edilənlər də Azərbaycan elminin inkişafı istiqamətində atılmış mühüm addım kimi qəbul edilə bilər.
Bu istiqamətdə hüquqşünaslara dəstək göstərilməsi hər zaman göz önündə olmuşdur. Müxtəlif beynəlxalq təşkilatlarda respublikamızı təmsil etmək üçün kadr hazırlığı Ulu Öndərin həm hüquq elminə, həm də Hüquq fakültəsinə xüsusi diqqətinin başlıca göstəricisidir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin ən başlıca məqsədi milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş və müasir dünyagörüşünə malik olan, yenilikləri qiymətləndirməyi bacaran və rəqabətqabiliyyətli kadrların hazırlanmasından ibarət olmaqla yanaşı, eyni zamanda bu kadrların Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk etməsinə, milli dəyərlərimizə və demokratik prinsiplərə hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı şəxsiyyət kimi yetişməsinə xidmət etmişdir.
Hüquq fakültəsinin inkişaf tarixinə nəzər salsaq, ən mühüm mərhələ əlbəttə ki, Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbər təyin olunduğu dövrdən başlayır. Belə ki, 1969-cu ilə qədər Hüquq fakültəsinə yalnız yüksəkvəzifəli şəxslərin övladları daxil ola bilirdilər. Ancaq ulu öndərimiz 1969-cu ildə respublikaya rəhbər təyin olunandan sonra bu bürokratik əngəli aradan qaldırdı və Hüquq fakültəsini xalqın ixtiyarına verdi. Bu, o zaman çox böyük inqilabi addım idi. Yəni sadə ailələrdən olan uşaqlar da artıq Hüquq fakültəsinə daxil olmağa başladılar. Ulu öndərimiz o vaxt milli kadrlarımızın hazırlanması ilə həm də müstəqilliyimizin təməlini qoyurdu. Ona qədər hüquq üzrə kadrlar əsasən rus, ukraynalı və digər millətlərdən idi. Ancaq ulu öndərimizin göstərişi ilə azərbaycanlı tələbələr ittifaqın müxtəlif ölkələrində hüquq təhsili almağa göndərildi. Onlar sonra vətənə döndülər və bizim milli kadrlarımız formalaşmağa başladı. Bundan başqa o vaxt beynəlxalq hüquq üzrə iki mərkəz vardı - biri Moskvada, digəri isə Kiyevdə. Ulu Öndərimizin təşəbbüsü ilə bir mərkəz də - Beynəlxalq Hüquq Məktəbi Bakıda yaradıldı və beynəlxalq hüquqşünas kadrların hazırlanılmasına başlanıldı. Bu gün müxtəlif beynəlxalq statuslu təhsil müəssisələrində və elmi fəaliyyət göstərən təşkilatlarda hüquqşünas alimlərimizin əldə etdiyi nailiyyətlər, Hüquq fakültəsinin məzunları olmuş və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışan kadrlarımızın dövlətçiliyimizin qorunması yolunda gördüyü işlər, eləcə də Azərbaycanın hüquqşünas alimlərinin ölkəmizin qlobal informasiya məkanında tanınması üzrə həyata keçirdiyi fəaliyyətin müsbət nəticələri Ulu Öndər islahatlarının öz bəhrəsini verdiyini göstərir.
Beynəlxalq səviyyəyə uyğunluq elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan Respublikasının elmi-texniki siyasətinin dünya elmi məkanında layiqincə təmsil olunması və təbliğ edilməsi bu siyasətin qarşısında dayanan əsas məqsədlərdəndir. Ulu Öndərin Azərbaycan elmi və təhsili ilə bağlı apardığı islahatlarda bu məqsəd və prinsip hər zaman rəhbər tutulmuşdur. Belə ki, Ümummilli Lider tərəfindən xaricdə təhsil ənənəsinin əsası qoyulmuş və bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilmişdir ki, həmin proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanmışdır. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır. Bu siyasətin davamı kimi "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi və xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi nəzərdə tutulmuşdur. Elm və təhsil sahəsində beynəlxalq əlaqələrin bu istiqamətdə inkişafı, həmçinin BMT tərəfindən xalqlar arasında şəbəkə qurmaq üçün vasitələrdən biri kimi çıxış edir. Eyni zamanda, ölkələr və regionlar arasında akademik mobilliyi asanlaşdırmaq məqsədilə 2019-cu ilin noyabrında UNESCO-nun Baş Konfransının 40-cı sessiyasında "Ali Təhsilə dair İxtisasların Tanınması haqqında Qlobal Konvensiya" qəbul edilmişdir ki, bu, Birləşmiş Millətlər Təşkilatının ali təhsillə bağlı qlobal əhatəli ilk hüquqi qüvvəyə malik müqaviləsidir. Konvensiya ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi prinsiplərini özündə ehtiva edir. Məhz bu baxımdan da, xaricdə təhsil ənənəsi, ikili diplom layihələrinin tətbiqi Konvensiyada təşviq olunan beynəlxalq mobilliyin və elmi əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir. Məlumat üçün qeyd etmək istərdik ki, belə perspektivli təhsil siyasəti Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üçün də öz uğurlu nəticəsini vermişdir. Fakültədə hazırda iki xarici universitetlə ikili diplom layihəsi üzrə təhsil davam etdirilir: Bakı Dövlət Universiteti və Qazaxıstanın Əl-Fərabi adına Milli Universiteti arasında imzalanmış ikili diplom proqramı haqqında müqavilə əsasında həyata keçirilən "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı və Bakı Dövlət Universiteti və Fransanın Lion-2 Universiteti ilə birgə "Əqli mülkiyyət hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı. Belə layihələr iki fərqli dövlətdə təhsil almaq imkanı təqdim etdiyi üçün müəyyən bir mövzu haqqında daha geniş bilik və bacarıq əldə etməyə şərait yaradır.
Ümummilli Lider Heydər Əliyevin respublikamızın hüquq sistemində başladığı köklü hüquqi islahatların nəticəsidir ki, bu gün müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən imzalanmış fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.
Bu sahədə Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək kimi məqsədləri daşıyan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi müxtəlif layihələr məhz təhsilin inkişafına xidmət edir.
Fakültədə son bir il ərzində görülən tədbirlər fakültənin əsas prioritet istiqamətlərinə uyğun olaraq onun inkişafına və tədris prosesinin təkmilləşdirilməsinə xidmət edir. Fakültə üzrə tədris sahəsində beynəlxalq əlaqələrin inkişafı nəticə etibarilə təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır. Belə ki, BMT, onun müxtəlif təsisatları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Dünya Bankı və digər təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi və bu təşkilatların nümayəndələri tərəfindən mühazirələrin keçirilməsinin təşkili, eləcə də beynəlxalq təşkilatların respublikamızda olan nümayəndəliklərinin təcrübəsindən yararlanmaq fakültənin başlıca fəaliyyət istiqamətlərindən birini təşkil edir. Əldə olunmuş nəticəyə görə, Hüquq fakültəsinin tələbələri üçün BMT-nin resurs mərkəzindən istifadə etmək imkanı yaradılmışdır. Bundan əlavə, magistratura səviyyəsi üzrə bir neçə tələbəmizin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında elmi-tədqiqat təcrübəsi keçməsi barədə razılığa gəlinmişdir. Bununla da həmin tələbələrə dissertasiya işlərinin yazılması və elmi tədqiqatın aparılmasında təcrübi biliklərdən istifadə etmək imkanı yaradılmışdır.
Hüquq fakültəsində tələbələrin cəlb olunması ilə tədris prosesinin təkmilləşdirilməsi ən başlıca məqsədlərdən birini təşkil edir. Bu məqsədin yerinə yetirilməsi zamanı Magna Charta Universitatum (Universitetlərin Böyük Xartiyasının) müddəaları rəhbər tutulur. Xartiyada bəyan olunan ikinci prinsipə əsasən, tədris və tədqiqat bir-birindən ayrılmaz olmalı və tələbələr bilik axtarışında aktiv iştirak etməlidirlər. Bu baxımdan, tələbələrin aktiv iştirakını təmin edən bir çox fakültədaxili tədbirlər tədris prosesinin mühüm hissəsini təşkil edir. Tələbələrin tədris prosesinə cəlb olunması "Tələbə tərəfindən tələbə üçün" layihəsi, hüququn müxtəlif sahələri üzrə dərnəklərin təşkili, müxtəlif dövlət orqanları, məhkəmələrin fəaliyyəti ilə tanışlıq səfərlərinin təşkili, müxtəlif simulyasiyaların təşkili, tələbələrə debatlarda, yarışlarda və müsabiqələrdə iştirak üçün dəstək göstərilməsi kimi istiqamətləri əhatə etmişdir.
Fakültənin tarixində ilk dəfə olaraq həyata keçirilən "Tələbə tərəfindən tələbə üçün" layihəsi xüsusi qeyd olunmalıdır ki, layihənin icrasına 2022-ci ilin dekabrından etibarən başlanılmışdır. Layihənin əsas məqsədi təlimçi tələbənin öz biliklərini tələbə yoldaşları ilə bölüşmək və qarşılıqlı şəkildə öyrənməkdir.
Eyni zamanda tədrisin keyfiyyətinin artırılması, tədris prosesinin təcrübə ilə əlaqələndirilməsi, tələbələrə nəzəri və empirik biliklərin vəhdətdə təqdim olunması məqsədilə Hüquq fakültəsi müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Bu məqsədlə Hüquq fakültəsi və Ədliyyə Nazirliyi arasında Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, Hüquq fakültəsinin tələbələri müntəzəm olaraq məhkəmələrin, habelə Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların işi ilə yerində tanış olur, ədliyyə orqanları işçilərinin praktiki mühazirələrini dinləyirlər. Ədliyyə Nazirliyi ilə həyata keçirilən tədbirlər çərçivəsində tələbələr məhkəmələrin fəaliyyəti, məhkəmə-hüquq islahatları, Azərbaycanın hüquq sistemində həyata keçirilən fundamental dəyişikliklər, məhkəmə-hüquq sisteminin beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumatlandırılır, habelə məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlükləri, hakimlərin fəaliyyəti, müvafiq infrastrukturun yenilənməsi istiqamətində görülən işlərlə tanış olurlar.
Hüquq fakültəsi ilə Ədliyyə Nazirliyi arasında razılıq əsasında "Heydər Əliyev İli" çərçivəsində əməkdaşlıq həyata keçirilir. Belə ki, "Ulu Öndər Heydər Əliyev və ədliyyənin inkişafı", "Ulu Öndər Heydər Əliyev və məhkəmə-hüquq islahatları", "Ulu Öndər Heydər Əliyevin humanizm siyasəti", "Ulu Öndər Heydər Əliyev və insan hüquqlarının inkişafı" və sair bu kimi mövzularda təlimlər, konfranslar, dəyirmi masalar təşkil edilir və başqa silsilə tədbirlərin icrası planlaşdırılmışdır.
Bütün bunlar məhz hüquq elminin və təhsilinin müasir standartlara uyğun təşkilinə xidmət edərək, təcrübi biliklərin əldə olunmasına, gənclərimizin hüquq düçüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir.
Dövlət orqanları və digər qurumlarla, o cümlədən Vəkillər Kollegiyası ilə tədris sahəsində əməkdaşlıq çərçivəsində tələbələrin müxtəlif vəkil bürolarında təcrübə keçmələri xüsusi qeyd olunmalıdır. Belə təcrübələr nəzəri biliklərin empirik biliklərlə əlaqələndirilməsi məqsədi daşıyır. Bundan əlavə, Vəkillər Kollegiyası tərəfindən tələbələrin "Philip C.Jessup" Beynəlxalq Məhkəmə Müsabiqəsində, "Willem C.Vis" Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak xərclərinin ödənilməsi tələbələrin hüquqi biliklərinin inkişaf etdirilməsinə mühüm dəstək olmuşdur.
Hüquq fakültəsinin elmi bazasının müasir tələblərə cavab verən vəsaitlərlə zənginləşdirilməsi qarşıya qoyulan əsas məqsədlərdən biri kimi çıxış edir. Bu məqsədin yerinə yetirilməsi üçün yeni dərslik, dərs vəsaiti və tədris proqramlarının nəşr olunmasına dəstək göstərilir. Yeni, müasir hüquq sahələri üzrə tədris və dərs vəsaitlərinin hazırlanması fəaliyyətimizin prioritet istiqamətlərindən birini təşkil edir. Beynəlxalq idman sferasını tənzimləyən ilk "Beynəlxalq idman hüququ" adlı dərsliyin, həmçinin respublikamızda ilk dəfə nəşr olunan "Beynəlxalq tibb hüququ haqqında ümumi müddəalar" adlı vəsaitin çapdan çıxması, ilk dəfə olaraq "Mediasiya hüququ" adlı dərsliyin çapa hazırlanması, eləcə də müxtəlif fənlər üzrə dərs vəsaitlərinin yazılması tədris prosesində müasir ədəbiyyatlardan istifadə üçün zəmin yaradır.
Bütün bu qeyd olunlar Hüquq fakültəsinin fəaliyyətində inkişaf dinamikasının yüksək olduğunu və fakültənin Ulu Öndər Heydər Əliyevin ənənəsinə sadiq qaldığını bir daha təsdiq edir.
Zaur ƏLİYEV,
Bakı Dövlət Universiteti
Hüquq fakültəsinin dekanı,
hüquq üzrə fəlsəfə doktoru, dosent.