"...Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq...".
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri.
"...Məhz 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edibdir...".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan.
Uca Allahın xalqımıza ən böyük inayəti olaraq əta etdiyi, fitri istedadı, davranışı, nəzəri bilikləri, səlis nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilən Heydər Əliyev hələ gənc yaşlarından cəmiyyətdə öz layiqli yerini tutur, bütün bunlarla bərabər istiqanlılıq, mehribanlıq, səmimilik, dürüstlük kimi ali insani keyfiyyətləri isə onu böyükdən-kiçiyə hər kəsə sevdirirdi. Ulu öndər Heydər Əliyevi kamil insan, dəyərli vətəndaş, ziyalı, bir sözlə, əsl şəxsiyyət kimi formalaşdırır və onun cəmiyyətdəki rolunu getdikcə daha da artırırdı. Gənc olmasına baxmayaraq, hərtərəfli püxtələşmiş fenomenal insan Heydər Əliyev 1944-cü ildə çoxlarının arzusunda olduğu, lakin hər insanın müvəffəq ola bilmədiyi, yalnız yüksək intellektli, əzmkar və bacarıqlı şəxslərin əldə edə biləcəyi uğuru qazanmaqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul edilməyə nail olur və şərəfli ömrünün demək olar ki, üçdəbir hissəsini həmin orqanda ləyaqətlə qulluq keçir. Zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, mübarizliyi, prinsipiallığı, peşə biliklərini mükəmməl qavraması və nümunəvi xidməti Heydər Əliyevin uğurlarının davamlılığını şərtləndirir, müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir.
Qürur dolu həyat yolu
Heydər Əliyevin sözügedən vəzifəyə gəlişi bu orqana yeni ab-hava gətirməklə mütərəqqi bir dövrün başlanğıcı oldu. Bu təyinat hər şeydən əvvəl, Azərbaycan SSR DTK-nın uğuru idi, çünki bundan sonra adıçəkilən quruma səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik edəcəkdi. Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin anti-Azərbaycan nümayəndələrinin və ermənilərin kök saldığı, xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin və şərəfli missiyaya ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında məhz Heydər Əliyev başlamışdır. Milli kökə və yaddaşa bağlı olan ümummilli lider əsasını qoyduğu azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da intensivləşdirdi. Məhz onun sayəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı əhəmiyyətli dərəcədə artdı və bununla da, milli əhvali-ruhiyyəli və vətənpərvər ziyalı kadrlar Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul edilməklə, həm orqan milliləşdi, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladları onlara qarşı gözlənilən növbəti təhdidlərdən sığortalandılar. Qeyd etmək lazımdır ki, təhlükəsizlik orqanlarında işlədiyi müddətdə tale onu bir neçə sınağa, o cümlədən şəxsi həyatı ilə bağlı da çətin sınağa çəkmişdir. Belə ki, dilemma qarşısında qalan cəsarətli insan məhəbbəti uğrunda əzmlə mübarizə apararaq sevgisinə qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaq, ən əsası əhdinə sadiq olmaq üçün çalışdığı Dövlət Təhlükəsizlik Orqanlarının rəhbərliyinin mövqeyinə qarşı çıxmaqdan, buna görə hətta tutduğu vəzifəni itirməklə gələcək karyerasını təhlükəyə atmaqdan belə çəkinməyərək, öz haqlı inadından dönməmiş və onun Zərifə xanım ilə nikaha girməsinə heç kim və heç nə maneə ola bilməmişdir. Yeri gəlmişkən, bu il həm də ibrətamiz həyat fəlsəfəsi, zəngin