Azərbaycanın dövlət müstəqilliyinin bərpasından (18 oktyabr 1991-ci il) keçən qısa zaman kəsiyində xalqımız və dövlətimiz bir sıra nailiyyətlər qazanmışdır ki, bu nailiyyətlərin ilk onillikdə əldə edilməsində ümummilli lider, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, azərbaycançılıq milli dövlət ideologiyasının banisi, milli-mənəvi və maddi dəyərlərimizin qoruyucusu və böyük təbliğatçısı Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Qeyd edək ki, heç bir xalqın tarixi taleyini şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. Şəxsiyyətlərin xalqın taleyindəki rolunu isə onların fərdi xüsusiyyətləri və üzərinə götürdükləri missiya müəyyən edir. Bəşəriyyətin tarixi təkamül prosesi sübut edir ki, xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya, onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bilavasitə bağlıdır. Belə şəxsiyyətlərdən biri də dünyaşöhrətli siyasətçi Heydər Əliyevdir.
Böyük şəxsiyyət, türk dünyasının fenomen liderlərindən biri olan Heydər Əliyev ixtisasca tarixçi olduğuna görə, xalqımızın möhtəşəm tarixinə, bu elmin köməkçi sahələrinə, xüsusilə də xalqımızın milli-mənəvi və maddi dəyərlərinə həmişə qayğıkeşliklə yanaşmış, onların bütöv şəkildə gələcək nəsillərə çatdırılmasında öz qayğı və məsləhətlərini əsirgəməmişdir. Ulu öndər Heydər Əliyev özünün bütün fəaliyyəti dövründə xalqımızın mənəvi dünyasına çıraq tutmuşdur. Çoxsahəli elmimizin, zəngin mədəniyyətimizin, çoxəsrlik ədəbiyyatımızın inkişafına böyük qayğı göstərmişdir. Məhz onun Azərbaycana rəhbərlik etdiyi illərdə yeni-yeni elm ocaqları yaradılmış və inkişaf etdirilmişdir. Azərbaycan Elmlər Akademiyasının inkişafı, xalqımızın tarixinin əsaslı şəkildə yenidən obyektiv yazılması alimlərimizin qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin böyük qayğıkeşliklə yanaşdığı, daim elmi nailiyyətlərinə dəstək göstərdiyi elm sahələrindən biri də etnoqrafiya elmidir.
Xalqımızın qədim və çoxçalarlı maddi və mənəvi mədəniyyətinin, təsərrüfat, ailə və məişətinin, eləcə də etnik proseslərin öyrənilməsi etnoqrafiya elmi qarşısında duran ən vacib və aktual problemlərdən biridir. Azərbaycan etnoqrafiya elminin bütün bu sadaladığımız problemləri xalqımızın milli-mənəvi dəyərləri sistemində əsas yerlərdən birini tutur. Milli-mənəvi sərvətlərimiz isə azərbaycançılıq milli ideologiyasının əsas hissəsi kimi dövləti səviyyədə dəyərləndirilir.
Bu gün müstəqil Azərbaycan Respublikasının milli-mənəvi və maddi dəyərlərinin daha çox diqqət mərkəzinə çəkildiyi, milli-mənəvi irsə dövlət səviyyəsində qiymət verildiyi, milli-mənəvi şüura qayıdışın çağdaş milli varlığın təsdiqi kimi reallaşdığı azərbaycançılıq ideologiyasının artıq formalaşma prosesi keçirdiyi bir tarixi zaman kəsiyində hər bir azərbaycanlının qarşısında özünün tarixi keçmişinə, soykökünə, maddi və mənəvi dəyərlərinə daha diqqətlə və vicdanla yanaşmaq, onları xüsusi bir yanğı ilə öyrənmək vəzifəsi durur. Ulu öndərimiz Heydər Əliyev öz çıxış və nitqlərində daim milli-mənəvi dəyərlərimizə vətəndaşlıq mövqeyindən yanaşmış, onların həqiqi elmi qiymətini vermişdir: "Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".
Milli-mənəvi və maddi dəyərlərimizi elmi əsaslarla öyrəndiyinə görə ümummilli lider Heydər Əliyev Azərbaycan etnoqrafiyası elminin nailiyyətləri ilə daim maraqlanmış, onun inkişafını diqqətində saxlamışdır. 1993-cü il sentyabrın 21-də, 1997-ci il yanvarın 31-də AMEA alimləri ilə görüşlərində Azərbaycan tarixinin aktual problemləri haqqında irəli sürdüyü fikirləri və tövsiyələri bütünlüklə etnoqrafiya elmimizə də şamil etmək olar. 2001-ci il mayın 15-də Prezident Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Milli Elmlər Akademiyası haqqında" fərmanda, eləcə də 2002-ci il avqustun 7-də "AMEA-nın Naxçıvan filialının təsis edilməsi haqqında" sərəncamda Azərbaycan elminin inkişaf strategiyası müəyyənləşdirilmiş