Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində ölkəmizdə səhiyyə sistemi də əsaslı inkişaf edib. Ulu Öndərin sosialyönümlü siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir tələblərə uyğun tikilən və yeni tibbi avadanlıqlarla təmin olunan "Şəki RMX" PHŞ-in əməkdaşları dövlətin səhiyyə sistemi üçün yaratdığı geniş şəraitdən bəhrələnərək əhaliyə tibbi xidməti durmadan yüksəltməyə çalışırlar. Həmsöhbət olduğum tibb işçiləri dövlət siyasətinə əməli işlə cavab verməklə gələn ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı mövqelərini də bildirdilər.
Eldəniz İsmayılov (Təcili və təxirəsalınmaz şöbənin müdiri): Xəstəxanamız 190 mindən çox əhali ilə yanaşı, qonaqlar və ətraf rayonlardan müraciət edən xəstələrə də ambulator və stasionar tibbi yardım göstərir. Əhaliyə hər cür tibbi xidmət göstərmək üçün lazımi şəraitimiz var. Çünki dövlət başçımızın uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində yeni tikilən xəstəxanada əlavə şöbələr və müayinə laboratoriyaları açılıb. Bütün bunlar dövlətimiz tərəfindən xalqa göstərilən diqqət və qayğının nümunəsidir. Növbədənkənar prezident seçkilərində biz bunun nəticəsini bir daha görəcəyik. Ümid edirəm ki, 1993-cü ildən bu vaxta qədər keçirilən bütün seçkilərdə olduğu kimi, xalqımız bu seçkidə də mövqeyini qəti və açıq şəkildə nümayiş etdirərək daha yaxşı gələcək naminə səs verəcək.
Yeganə Quliyeva (həkim): Artıq ölkəmizdə qürur hissi ilə yaşayır və istədiyimiz səviyyədə insanlara tibbi xidmət göstərə bilirik. Dövlət başçısının rəhbərliyi ilə ordumuzun qazandığı uğurlar və 30 il ərzində düşmən tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması qürurlu günlərimizə sevinc qatır. Respublikamızda geniş vüsət almış böyük quruculuq işləri bizi ürəkdən sevindirir. Düşmənin vandal siyasəti nəticəsində dağıdılmış yurd yerlərimizdə müasir şəraiti olan kəndlərin və qəsəbələrin tikilməsi istiqamətində görülən işlər düşmənlərimizi narahat edir. Biz isə bu uğurlarımızın davam etdirilməsi üçün seçimimizdə qətiyyət göstərərək gələcəyimiz naminə səs verəcəyik.
Əliheydər Mahmudov (terapevt): Bir həkim kimi ölkəmizdə səhiyyənin böyük sürətlə inkişaf etdiyini görür və yüksək qiymətləndirirəm. Dövlət başçımızın rəhbərliyi sayəsində bütün bölgələrdə olduğu kimi, Şəkidə də müasir tipli xəstəxana tikildi. Bizə tibbi yardım üçün hər gün yüzlərlə sakin müraciət edir və onlarla həmsöhbət oluruq. Görürük ki, səhiyyə sistemimizin inkişafı və digər sahələrdə də əldə olunan irəliləyişlər onlar tərəfindən məmnunluqla qarşılanır. Bir sözlə, bütün bunlar dövlət başçısının xalqa bağlılığının bariz göstəricisidir.
Ülviyyə Sadıqova (koordinasiya bölməsinin müdiri): Bu gün xalqımız növbəti seçim qarşısında olsa da artıq mövqeyini çoxdan dəqiqləşdirib. Çünki hər birimizə yaxşı məlumdur ki, Azərbaycanın inkişaf edərək dünya birliyində yerini möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin siyasi xətti ilə bağlıdır. Kim bu siyasəti dəstəkləyir və xalqımızın rifah halının yüksəldilməsi naminə çalışırsa, xalq da birmənalı olaraq onu dəstəkləyəcək. Bizim ailənin mövqeyi belədir. Çünki Prezident İlham Əliyevin xarici və yerli səfərlərini izləyir və respublikamızın dinamik inkişafı naminə çalışdığını görürük. Müharibənin qələbəmizlə başa çatması isə bütün analar kimi, məni də son dərəcə sevindirir. Bu il 18 yaşı tamam olan oğlum da ilk seçimini qətiləşdirib. Biz bu günümüzdən son dərəcə razı qalmaqla daha firavan gələcəyimizə səs verəcəyik.
Mikayıl NƏRİMANOĞLU,
"Respublika".