ŞƏMKİRDƏ KÖRPƏLƏRƏ QAYĞI YARITMAZDIR
Region

ŞƏMKİRDƏ KÖRPƏLƏRƏ QAYĞI YARITMAZDIR

Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili siyasətində uşaqların sağlam böyüməsi, hüquqlarının qorunması, onlara sonsuz qayğı prioritet təşkil edir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara həssas yanaşması, mütəmadi olaraq kimsəsiz uşaq evlərinə baş çəkməsi, eyni zamanda hər il respublikada Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni, müasir tələblərə cavab verən məktəbəqədər və ümumtəhsil müəssisələrinin inşa və ya təmir olunması uşaqlara göstərilən qayğının bariz nümunəsidir.

Ancaq bəzi aidiyyəti qurumların səhlənkarlığı ucbatından Şəmkir rayonunun Təzəkənd kəndində fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçasının (əgər buraya uşaq bağçası demək mümkündürsə) qara bəxti açılmır.

İnkişaf etmiş bir respublikada bu cür şəraitsiz yerdə körpələrin tərbiyə olunmasına söz tapmaq çətindir.  Tövləni xatırladan uşaq bağçası adlanan bina 1960-cı illərdə tamamilə başqa məqsədlər üçün daş və palçıqdan istifadə olunmaqla tikilmişdir. Bina istismar müddətini çoxdan başa vurmuş və qəzalı vəziyyətdədir. Əgər 2-3 bal gücündə zəlzələ baş verərsə, kiminsə binadan sağ çıxması qeyri-mümkündür.

Körpələr evi-uşaq bağçasında 3 qrup fəaliyyət göstərir. Müəssisədə sanitar qovşaq, isti və soyuq su yoxdur. Mətbəx tamamilə şəraitsizdir. Bağçanın həyətindən şəxsi evlərə avtomobil və piyada yolu kimi istifadə olunur. Bu səbəbdən uşaqlar üçün oyun meydançası, ümumiyyətlə, heç bir şərait mövcud deyil.

Gələcəyimiz olan körpələrə bu cür laqeyd münasibət ürək ağrıdır. Ümid etmək olar ki, çox qısa zamanda bu işə cavabdeh olan qurumlar insafa gələrək körpələri real təhlükədən xilas edəcəklər.

Vəli VƏLİYEV,

"Respublika".