Türkiyənin regionla bağlı müzakirələrdə iştirak etməyə daha çox haqqı çatır
Gündəm

Türkiyənin regionla bağlı müzakirələrdə iştirak etməyə daha çox haqqı çatır

Məlum olduğu kimi, ölkəmiz İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Çünki Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunun vacibliyini diqqətə çatdırmışdı. Amma bu məsələyə də qulp qoyanlar tapıldı. Belə ki, Fransa və Almaniya canfəşanlıq edərək prosesin baş tutmasına imkan vermədi. Əslində, Fransa və Almaniyanın bu cür mövqe nümayiş etdirməsi onların nəzərdə tutulan beşli formatda anti-Azərbaycan ab-havası yaratmaq istəməsi ilə xarakterizə olunur. Onların son dövrlərdə ölkəmizə qarşı beynəlxalq platformalarda sərgilədikləri mövqe də hər kəsə məlumdur. Bununla yanaşı, Fransa XİN başçısının İrəvana səfəri, Azərbaycana qarşı qərəzli münasibətləri gərginləşdirməyə xidmət edən iddiaları da görüşün baş tutmasına maneə yaradıb.

Katrin Kolonnanın rəsmi İrəvana hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı, Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması da görüşün reallaşmasının qarşısını alıb. Başqa sözlə, Qranada görüşündən imtina birbaşa digər iştirakçıların Azərbaycanı "çevrəyə" almaq xülyasını da məhv etdi. Bu siyasi fiqurlar unudurlar ki, Azərbaycan Cənubi Qafqazla bağlı müzakirələrdə region ölkələrinin, xüsusilə Türkiyənin iştirakını vacib hesab edir. Ölkəmizin bu cür mövqe sərgiləməsi, region ölkələrinin maraqlarını təmin etməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığını da bir daha göz önünə gətirir. Kənar güclərin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirir və destabilizasiya yaradır. Bu baxımdan, Türkiyə kimi sülh tərəfdarı olan dövlətin bu cür görüşlərdə iştirakı mühüm əhəmiyyət  kəsb edir. Bu gün həm Azərbaycan, həm də Türkiyə nəinki yerləşdikləri coğrafiyanın, hətta dünyanın əsas güc mərkəzlərindən, söz-nüfuz sahiblərindən birinə çevrilmişdir. Ölkələrimizin birgə razılığı və iştirakı olmadan heç bir beynəlxalq və regional məsələ həll edilmir. Prezident İlham Əliyev hər zaman olduğu kimi, qətiyyət və prinsipiallıq nümayiş etdirərək ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən ölkələrin liderləri ilə bir masa arxasında oturmayacaqdı. Bir məqamı da qeyd edək ki, Cənubi Qafqazla bağlı məsələlərə dair müzakirələrdə iştirak etməyə regionun əsas  güclərindən biri Türkiyənin daha çox haqqı çatır, nəinki rəsmi Paris və Berlinin.

Türkiyə Avropa dünyasının əhəmiyyətli hissəsidir və bu gün regionda onun iştirakı olmadan hansısa məsələnin həlli mümkünsüzdür. Türkiyə keçmiş Dağlıq Qarabağ məsələsində də ədalətli mövqe tutan dövlətlərdən biri idi. Bu baxımdan, Azərbaycan Türkiyənin iştirakında israrlı idi. Təbii ki, rəsmi Bakının bu istəyi nəzərə alınmasa hansısa görüşdən söhbət gedə bilməzdi. Amma Azərbaycan və Ermənistan təklikdə görüşə və bütün məsələləri müzakirə edə bilərlər. Avropa liderləri bu görüşdə iştirak etməklə sadəcə öz maraqlarını təmin etmək xəyalındadırlar. Onların maraqları isə birbaşa Azərbaycanın, eləcə də Türkiyənin mövqeyinə ziddir. 

Bütün bunlar bir daha Türkiyə və Azərbaycanın birgə hərəkət etdiyini və ölkə  liderlərinin kənar gücləri regiona buraxmaq niyyətində olmadığını söyləməyə əsas verir. Daha bir maraqlı məqam isə hadisə ilə bağlı Türkiyə mediasında yayımlanan xəbərlərdir. "Azərbaycan rest çəkdi: Türkiyə yoxdursa, biz də yoxuq", "Qardaşlar birlikdə hərəkət edir",  "Azərbaycan Türkiyəsiz toplantını rədd etdi" və s. kimi başlıqlar altında paylaşılan xəbərlərdə "bir millət, iki dövlət" prinsipi bir daha öz təsdiqini tapır. Bundan başqa, qardaş ölkənin mediasında Azərbaycanın atdığı addım çox yüksək qiymətləndirilib. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edir. Çelik, həmçinin Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazlarının qəbuledilməz olduğunu da diqqətə çatdırıb.

Xüsusi vurğulamaq lazımdır ki, bu Azərbaycanın ilk belə addımı deyil. Dövlətimizin başçısı daim qardaş sözünün haqqını verib. Hələ 2014-cü ilin aprelində də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit zamanı Türkiyə nümayəndə heyətinin olmamasından istifadə edən Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan Ankaranın ünvanına ittihamlarla çıxış etmişdi. "Türkiyə burada yoxdursa, mən varam", - deyən Prezident İlham Əliyev layiqli cavab verməklə onu susdurmuşdu.

Bir məsələni də qeyd edək ki, Almaniya Kansleri Olaf Şolts Prezident İlham Əliyevə zəng edib və deyib ki, Berlin Azərbaycanla Ermənistan arasındakı problemin danışıqlar yolu ilə həllində israrlıdır. Dövlətimizin başçısı isə bildirib ki, Azərbaycan regional sülh gündəliyinə sadiqdir və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini (Azərbaycan və Ermənistan arasında sülh danışıqları) dəstəkləyir. Azərbaycanın görüşdən imtina etməsinə Moskvadan da münasibət bildirilib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 4-də keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Ermənistan və Avropa İttifaqı nümayəndələri ilə planlaşdırılmış görüşdən imtina etməsi rəsmi Bakının suveren haqqıdır.

Sonda isə demək yerinə düşər ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazdakı siyasi məsələlərin, eləcə də regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki ölkə özünün iqtisadi və enerji imkanlarından, həmçinin geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi üçün istifadə edir. Ən çətin anlarda belə iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, dünya üçün nümunə olmaqla, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəzrin ELDARQIZI,

"Respublika".