"AZƏRTAC"ın Fransaya ezam olunan müxbiri Aygün Həsənovanın ölkə polisi tərəfindən qanunazidd şəkildə deportasiya olunması, o cümlədən bir sutkaya yaxın miqrantların saxlanılması üçün nəzərdə tutulmuş xüsusi yerdə saxlanılaraq internet resurslarına əlçatanlığına məhdudiyyətin qoyulması beynəlxalq hüququn normalarına ziddir. Bu, həm də jurnalistika ilə bağlı beynəlxalq konvensiyanın kobud şəkildə pozulmasıdır. Halbuki, Aygün Həsənovanın legitim vizası və ölkəyə girmək üçün tam hüquqları var idi. Bu, bir daha Fransa üçün beynəlxalq hüquq, söz azadlığı və demokratiyanın o qədər də önəm kəsb etmədiyini göstərir.
Rəsmi Parisin uzun illər başqa xalqları istismar etdiyi, onların milli sərvətlərini taladığı və qul satışından pul qazandığı hər kəsə məlumdur. Fransa söz azadlığı və demokratiyadan dərs keçməyə çalışdığı halda XXI əsrdə yenə özünün müstəmləkəçilik siyasətini davam etdirir və bu siyasəti söz azadlığını boğmaqla ört-basdır etməyə çalışır. Azərbaycandan olan jurnalistə belə münasibətin göstərilməsi ölkəmizə qarşı qərəzin nümayişidir. Bu cür addım atan Parisin insan hüquq və azadlıqlarından danışmağa ümumiyyətlə haqqı yoxdur.
Fransanın bu qanunazidd hərəkətinin beynəlxalq məhkəmə üçün mübahisə predmeti olduğunu hesab edirəm. Aygün Həsənova özünün azad mətbuat işçisi hüququndan istifadə edərək Fransanın onun hüquqlarının məhdudlaşdırılması və qeyri-insani addımlarına görə məhkəməyə verməli və müvafiq ədalətli qərar çıxarılmalıdır.
Azər BADAMOV,
Milli Məclisin deputatı.