"Mənə böyük Atatürkün adını daşıyan "Beynəlxalq Sülh Mükafatı" təqdim olunubdur. Bu, mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq qalacağam". Bu fikirləri ümummilli lider Heydər Əliyev 1999-cu il aprelin 13-də "Beynəlxalq Atatürk Mükafatı"nın təqdimolunma mərasimində bildirib.
Türk dünyasının fəxri olan ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi böyük dühalardan biridir. Qeyri-adi zəkaya, yüksək təşkilatçılıq bacarığı, hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik olması ulu öndəri digər şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlərdir.
34 illik siyasi və dövlətçilik fəaliyyəti dövründə ulu öndər Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan, əzmlə çalışmış və buna nail olmuşdur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli liderin siyasi-ideoloji fəaliyyəti təkcə ölkəmizlə məhdudlaşmır, bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edir. Məhz bu baxımdan, Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.
Türkiyə və türk dünyası ilə əlaqələrin qurulub və inkişaf etdirilməsi ulu öndərin fəaliyyətində xüsusi yer tuturdu. O, öz çoxşaxəli fəaliyyətində Türkiyəyə, türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görürdü. Heydər Əliyev bu məsələdə özünün mükəmməl nəzəri biliyi və nəhəng praktik işilə seçilir, türk və müsəlman xalqları arasında mədəni əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verir və bu istiqamətdə fəaliyyət göstərirdi.
1993-cü ildən xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olan Heydər Əliyev bu istiqamətdə mühüm məsələlərin həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirmişdir. Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri əbədi və dönməz xarakter almışdır.
Ümummilli lider Heydər Əliyev dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər vermiş, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab etmiş, söyləmişdir ki, Atatürk yalnız proqressiv ideyaları irəli sürməklə kifayətlənməmiş, bu ideyaları həyata keçirmiş, qurmuş olduğu dövləti möhkəmləndirmək üçün tarixi stimullar müəyyənləşdirmiş, zəngin ideya qaynaqları aşkara çıxarmışdır. Ulu öndər qeyd edirdi ki, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün yalnız fəaliyyəti nəticəsində deyil, həm də qəhrəmanlığı sayəsində yaranmışdır. 1999-cu ildə ümummilli lider Heydər Əliyevə sülh uğrunda apardığı mübarizəyə görə "Beynəlxalq Atatürk Sülh Mükafatı" təqdim olunmuşdur. Atatürkün irsini öyrənmək və təbliğ etmək üçün 2001-ci ildə Bakıda görkəmli dövlət xadimi Heydər Əliyevin sərəncamı ilə Atatürk Mərkəzi yaradılmışdır. Həmin mərkəzin açılışında çıxış edən Heydər Əliyev demişdir: "Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətləri aşkara çıxaracaqdır... Atatürkün ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider və Prezident kimi mənim fəaliyyətimdə çox böyük yer tutur".
Görkəmli dövlət xadimi Heydər Əliyev türk dövlətlərinin, ümumən türk dünyasının birliyinə sadəcə, etnik köklərin ümumiliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmaqla kifayətlənməmiş, bu birliyin perspektivlərinə xüsusi diqqət yetirmişdir.
Heydər Əliyev türk dünyasının problemlərini, onları yaxınlaşdırmaq yollarını yaxşı bilirdi. Ona görə də ulu öndər hesab edirdi ki, türk xalqlarının yaxınlaşması zəruridir və müstəqil türk dövlətləri başçılarının toplantıları bu istiqamətdə əhəmiyyətli rol oynaya bilər və oynamalıdır.
Bu günədək keçirilən türkdilli ölkələrin dövlət başçılarının Zirvə g&