Dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşən, Pirdireyi və Qız qalası dağları ilə əhatə olunan bu şəhər ta yaranışından insanları cazibəsinə çəkən sirlərlə doludur. "Övliyalar şəhəri"nə mənəvi və ruhi zənginlik prizmasından baxanda da dünyada bənzəri az-az görünür. Elə yalnız Kələxana kəndinə yol almaq kifayətdir ki, bu möcüzənin şahidi olasınız. Müxtəlif ölçülü türbələr qarşında sirli mənzərə kimi açılacaq kənddə bir vaxtlar 7 övliyanın yaşadığı haqqında rəvayətlər bu gün də insanlar arasında dolaşmaqdadır. Bu türbələr də elə onların nişanələridir.
Belə abidələrdən biri də Göylər kəndində yerləşən Pir Mərdəkan Xanəgahıdır. Türbə XIII-XV əsrlərdə tiklib. Deyilənə görə, bu türbədə müqəddəs övliyalardan olan Seyid Mərdəkani dəfn edilib.
Seyid İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarı, M.Ə.Sabirin "Yeddi günbəz" qəbiristanlığındakı məqbərəsi, S.Ə.Şirvaninin "Şahxəndan" qəbiristanlığındakı məzarı və qəbirüstü abidəsi hələ də tarixin "yolçuluğunda"olmaqla turistlərə çox mətləblərdən "söz aça" bilər.
Şamaxıda şəhərin tarixi haqqında ətraflı məlumat verən, zəngin ekspozisiyası olan Tarix-Diyarşünaslıq Muzeyi mövcuddur. M.Ə.Sabirin Ev-Muzeyi, Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası da qonaqların maraqlarına səbəb ola biləcək məkanlardır.
XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VIII-XV əsrlərə aid Gülüstan qalası və ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) onları görənlərin yaddaşında unudulmaz səhifələrə çevrilir.
Narın Qala, Gülüstan və Buğurd qalalarının qalıqları... Bu maddi-mədəniyyət abidələrinin hamısı Azərbaycan insanının yaratdığı və gələcək nəsillərə əmanət etdiyi "daş məktublar"dır.
2013-cü ilin may ayında Qafqazın ən qədim müsəlman məbədi olan (VIII əsr) Şamaxı Cümə Məscidinin yenidənqurmadan sonra istifadəyə verilməsi, Şamaxı-Avaxıl yolunun yenidən qurulması da Şamaxıya turist axınına səbəb olacaq faktorlar sırasındadır.
Şamaxı rayonunda turistlərin marağına səbəb ola biləcək çoxlu sayda sənətkarlıq nümunələri vardır. Burada istehsal olunan ipəklər daim məşhur olmuşdur. Orta əsrlərdən başlayaraq Təbriz və Şamaxı xam ipək toxuculuğunun başlıca mərkəzləri kimi tanınmışdır. Digər sənət sahələrindən dabbaqlıq, misgərlik, dulusçuluq, dərzilik, zərgərlik, ağacişləmə, oyma sənəti, dəmirçilik və s. Şamaxıda yüksək səviyyədə inkişaf etmişdir. Bu sənətkarların yaratdıqları əl işləri suvenir kimi turistlərin ən çox sevdikləri hədiyyə olur.
Özünəməxsus mülayim iqlimi də bu yerləri ilin bütün fəsillərində turistlər üçün əlçatan və arzulanan məkan edir. Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb.
Mərkəzdən 12 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz və quru havası var. Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Naxaraxana yaxınlığındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqların suyu müalicəvi əhəmiyyəti ilə seçilir.
Rayon ərazisində bir neçə yerdə turistləri maraqlandıran palçıq vulkanlarına rast gəlmək olur. Bunlardan ən böyüyü Şamaxı-Dəmirçi yolunun 30-31-ci kilometrliyində yerləşir. Şamaxı-Çağan yolunun sonunda Ağsuçayın yatağında temperatur 38-390 C olan termal Çağan Bədosu yerləşir. Yüksək mineral tərkibli bu su müalicəvi xüsusiyyətlərə malikdir.
Şamaxı rayonu beynəlxalq və ölkə standartlarına cavab ver