İyulun 11-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Almaniya ilə münasibətlərinin bugünkü inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən Milli Məclisin sədri ölkələrimizin həm ikitərəfli formatda, həm də Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlığından söz açıb. Avropa İttifaqı ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən Sahibə Qafarova Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.
O, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edərək, Prezident İlham Əliyevin cari ilin mart ayında Almaniyaya səfərinin nəticələrinin əhəmiyyətini vurğulayıb. Münasibətlərimizin möhkəm hüquqi bazaya söykəndiyini və Almaniyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğuna diqqət çəkib, ölkəmizdə yaradılmış əlverişli investisiya mühitindən söz açıb, Almaniyanın aparıcı şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib.
Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinin ağır nəticələrindən, mina terrorundan söz açan S.Qafarova bildirib ki, Azərbaycan işğaldan zərərçəkən tərəf olsa da, regionda uzunmüddətli sülhün əldə olunması üçün sülh təşəbbüsü ilə çıxış edir. Ermənistan tərəfi mövcud reallıqları nəzərə alaraq, Azərbaycanın bu təşəbbüsünü lazımınca dəyərləndirməlidir.
Dövlət naziri Tobias Lindner Almaniyanın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, ölkəsinin ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrlə yanaşı, parlament səviyyəsində də inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. T.Lindner hər iki ölkənin qanunverici orqanları arasındakı münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin və görüşlərin, təcrübə, həmçinin informasiya mübadiləsinin aparılmasının vacib olduğunu qeyd edib.
Almaniya rəsmisi Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpa olunmasının qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.