Ölkə başçısının 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir
"Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Hüsnünə sığmayan gözəllikləri ilə adı dillərdə dolaşan, ecazkar təbiəti ilə şöhrəti aləmə yayılan Azərbaycanın baş tacı, Qarabağın döyünən ürəyi - qədim Şuşa. Dumanlı dağların qoynunda çağlayan İsa bulağı, igidlər oylağı Cıdır düzü ilə könülləri riqqətə gətirən vətənimin dilbər guşəsi. Qarabağın dağlıq hissəsində, sıx meşələrin, büllur kimi saf bulaqların əhatəsində, uca dağların zirvəsində yerləşən Qala şəhərim.
Milli-mənəvi dəyərlərimizi, musiqi ənənələrimizi özündə yaşadan, Azərbaycanın mədəniyyət mərkəzi sayılan Şuşa xalqımızın həyatında hər zaman özünəməxsus rol oynamışdır. Şuşa qalası mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək tarixin sərt sınaqlarından çıxmış, dəfələrlə xarici hücumlara, müdaxilələrə məruz qalmışdır. Lakin bu qədim qala şəhəri heç bir vaxt Azərbaycan ruhunu itirməmişdir. Milli memarlıq üslubu ilə seçilən, orta əsr şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan, üç əsrə yaxın yaşı olan Şuşa tarixi boyu zəngin inkişaf yolu keçmiş, yetirdiyi görkəmli şəxsiyyətlərlə xalqımızın ədəbi, mədəni, ictimai-siyasi mühitinin formalaşmasında, zənginləşməsində əvəzsiz rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər Şuşada yetişmiş, yaradıcılıqları ilə Azərbaycanın mədəniyyət salnaməsinə şanlı səhifələr yazmış, əvəzolunmaz ədəbiyyat və incəsənət nümunələri yaratmışlar.
Havasında, suyunda musiqi duyulan, şair, musiqiçi, memar, rəssam və ədiblər məskəni olan qədim Şuşa Qafqazın sənət məbədi adlanır. Saysız-hesabsız memarlıq inciləri, ədəbiyyat və incəsənət nümunələri ilə Azərbaycan muğamının beşiyi hesab olunan Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınır. "Şərqin konservatoriyası" adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin vətənidir.
2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Azərbaycanın muğam beşiyi, milli musiqimizin, poeziyamızın qədim abidəsi sayılan Şuşa bu gün bütün dünyanı heyrətə gətirəcək, aləmi heyran qoyacaq dərəcədə yenidən yaradılır. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin səfərindən sonra Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya Füzulidən yüksəkgərginlikli xətlər çəkildi, yarımstansiya tikildi, su xətləri yeniləndi. Şuşanın tarixi abidələrinin restavrasiyasına başlandı. Molla Pənah Vaqifın büstü və muzey-məqbərə kompleksi ilkin görkəminə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları oldu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyuldu. Üç məsciddə Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işlərinə başlandı. "Qarabağ" və "Xarıbülbül" otelləri istifadəyə verildi. Şuşanın Baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu. Bu gün həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdətində qurulur və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Üç əsrlik yaşı olan Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər əvəzsiz sənət nümunəsi olan Xan,