Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan "Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində" mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman), Qərbi Azərbaycan İcmasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Sonra Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi anılıb. Arxeoloq Qəhrəman Ağayev Quba soyqırımı məzarlığında aparılan ilkin araşdırmalar, həmin vaxt aşkarlanan dəhşətli faktlar barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırıb. Ziyarətçilər burada ermənilərin törətdikləri soyqırımı özündə əks etdirən sərgi ilə tanış olublar.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan konfransdan əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə hazırlanan "Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində" mövzusunda sərginin açılışı keçirilib.
Tədbirdə soyqırımı qurbanlarının, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, habelə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib ki, ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanır. Bu prosesin həyata keçirilməsi 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub.
Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əleyhinə yönəlmiş əməl olmaqla, ən ağır cinayət hesab edilir. Bu mənada ermənilər tərəfindən azərbaycanlılara qarşı kəskin milli, irqi, dini nifrət zəminində həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə günahsız insanın qəsdən və məqsədli şəkildə məhv edilməsi həmin bəşəri cinayətin məhz soyqırımı aktı olmasını təsdiqləyir.
BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır.
Buna görə də 1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı cinayəti kimi tövsif edilməlidir.
Ombudsman Səbinə Əliyeva bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın digər taleyüklü məsələləri ilə yanaşı, 31 Mart - azərbaycanlıların soyqırımı da ilk dəfə olaraq siyasi gündəmə gətirildi. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1998-ci il 26 mart tarixli Fərmana əsasən, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub, bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi şəkildə bəyan edilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzəsində bildirib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlərlə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-