Sumqayıtda gənclər narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirilib
Digər xəbərlər

Sumqayıtda gənclər narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirilib

Noyabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Sumqayıt şəhər təşkilatında "Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov çıxışında narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğunu deyib. Bildirilib ki, cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. O qeyd edib ki, Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Diqqətə çatdırılıb ki, gənclərin belə vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı keçirilməlidir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının birinci müavini, ŞİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Teymur Səmədov narkomaniya ilə mübarizədə milli qanunvericiliyin rolundan bəhs edib. T.Səmədov qeyd edib ki, hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş fərman imzalayıb. 1999-cu ildə isə Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Qanun qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyev isə bu istiqamətdə bir neçə dövlət proqramı təsdiq edib.

Tədbirdə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Anar Əliyev və idarənin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşı, polis mayoru Azər Bağırov çıxış edərək narkomaniyaya qarşı mübarizə tədbirlərindən danışıb, gənclərin bu zərərli vərdişin qarşısının alınmasında rolundan bəhs ediblər.

Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov slaydlar vasitəsilə məlumatlar təqdim edib. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir

Daha sonra tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.

AZƏRTAC