44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi qətiyyətli addımlar atır, danışıqlar çərçivəsində beynəlxalq konvensiyalara uyğun yanaşmalar sərgiləyir, regional balansın təmini üçün əlindən gələni edir.
Əfsuslar olsun ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu qəbul etməyən Ermənistan tərəfi bunu dünyaya Laçın yolunun bağlanması, Qarabağda yaşayan erməni sakinlərin "blokadası", "humanitar fəlakət" kimi qələmə verir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibinə ünvanladığı məktubda da bildirib ki, erməni əsilli sakinlərin daha çox ərzaq və digər məhsulla təchiz olunması üçün Ağdam-Xankəndi yolundan istifadə təklif edilib.
Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb: "Laçın sərhəd-buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən "blokada" kimi qiymətləndirilməsi əsassızdır". Qeyd olunub ki, Azərbaycanın sərhəd-keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib.
İkili yanaşmalar sərgiləyən güc dairələrinin Ermənistanı şirnikləndirməsi, təxribat məqsədli bu şouya dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin gərginləşməsinə səbəb olur. Misal olaraq, Ermənistan hakimiyyətinin hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırması, Laçın yolundakı özbaşınalığa BQXK-nın yardım etməsi, müxtəlif ölkələrdən olan səfirlərin və beynəlxalq simaların əraziyə cəlb edilməsini göstərmək olar. Müxtəlif manipulyasiyalara baxmayaraq, həqiqət budur ki, Ağdam-Xankəndi yolu Qarabağ iqtisadi rayonunda daxili şəbəkə və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhfə baxımından da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Bu, Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsini təchiz etməyin ən qısa yoludur. Sovet dövründə keçmiş Dağlıq Qarabağın təchizatı məhz bu yol vasitəsilə həyata keçirilir, onun Azərbaycan SSR-in qalan hissəsi və SSRİ-nin digər respublikaları ilə əlaqələri təmin edilirdi. 1970-ci illərin sonlarında Azərbaycan SSR hökuməti Qarabağa Bakı-Ağdam-Xankəndi dəmir yolunun tikintisini də başa çatdırdı və bu, bölgənin avtomobil rabitəsini tamamladı.
Qeyd edilməli olan digər bir məqam da Rusiya sülhməramlılarının məsələyə qeyri-obyektiv yanaşmasıdır. Suveren ərazilərimizdə müvəqqəti yerləşdirilən sülhməramlı kontingentin dəstəyilə separatçı qüvvələrin etiraz aksiyalarına başlamasının ən böyük səbəbi də Brüssel görüşündə müzakirə olunan Ağdam-Xankəndi yolunun istifadə olunması təklifi olub. Ermənilərin onlara təklif olunan yeni humanitar yoldan imtina etməsinin ən böyük səbəbi regionda yaranan yeni reallıqlarla barışmamasıdır. Onlar hələ də 2020-ci ildən əvvəlki dövrdə olduqlarını zənn edirlər. Separatçı rejim illərdir Qarabağdan Ermənistana və ya əks-istiqamətdə sorğu-sualsız hərəkət edib. İndi isə onların belə bir şansı olmadığından əllərində əsir saxladıqları erməni sakinlərindən siyasi məqsədlər üçün istifadə edirlər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məsələ ilə bağlı dəfələrlə qeyd edib ki, Ağdam-Əsgəran-Xankəndi yolu bütün lazımi yüklərin daşınması üçün açıqdır: "Ağdam-Əsgəran-Xankəndi yolu hazırdır, fəaliyyət göstərir və bütün lazımi yüklərin daşınması üçün açıqdır. Ağdamla Xankəndi arasında cəmi 23 km məsafə var. Diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə birlikdə yoldayıq və Əsgərana tərəf baxırıq. Azərbaycan divarlar yox, yollar çəkir!".
Ermənistanın xain planları bir-bir suya düşür. Artıq onların hay-həşirinə anti-Azərbaycan blokundan başqa heç kim reaksiya vermir. Bu çərçivədə işğaldan azad olunan ərazilərdə səfərdə olan Türkiyənin media nümayəndələri bölgədəki şoudan əyani xəbərdar oldular. Bu da öz növbəsində geniş kütlələrin hadisəyə obyektiv yanaşma sərgiləməsi üçün əsas rol oynayır. Avqustun 14-də media nümayəndələri Zəngilandan sonra Laçına gələrək əvvəlcə Laçın dövlət sərhəd-buraxılış məntəqəsinə baş çəkiblər. Ermənilərin dövlət sərhəd-buraxılış məntəqəsindən keçidini izləyən qonaqlar bütün prosedurlarla yaxından tanış olublar.
Digər tərəfdən, avqustun 16-da BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclası zamanı Ermənistanın rəzil duruma düşməsi buna əyani misaldır. Sözügedən iclasın baş tutmasından əvvəl Ermənistan tərəfi əsaslı nəticə əldə edəcəyini güman etsə də, iclas onların diplomatik müstəvidəki növbəti fiaskosu ilə nəticələndi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışaraq Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə beynəlxalq arenada əsaslı fikir formalaşdırdı. Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan Yaşar Əliyev bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sadiqliyini nümayiş etdirir.
Azərbaycan regional sabitlik və inkşaf üçün dayanıqlı sülh istəyir. Bu ilin sonuna doğru imzalanması nəzərdə tutulan sülh müqaviləsinin vaxtının uzadılması regional destabilliyi qoruyub saxlamaqla yanaşı, hayların bölgədə təxribatlar törətməsinə də zəmin yaradır. Odur ki, beynəlxalq hüquq aqressora qarşı adekvat tədbirlər görməli və Ermənistan tərəfi sülhə məcbur edilməlidir. Əks halda, səbir kasası artıq dolmaq üzrə olan Azərbaycan tərəfi Xankəndidəki xunta rejiminə və yeni müharibə iddiasında olan Ermənistan hakimiyyətinə qarşı əsaslı tədbirlər görəcək.
Nurlan ABDALOV,
"Respublika".