Azərbaycan daim insan hüquqları və humanizmi təbliğ edən siyasət yürüdür. Regionda sülhün və sabitliyin təmin edilməsi üçün hər vəchlə çalışır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Açıqlamada deyilir: "Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir".
Aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə edilib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesi illərdir münaqişələr, toqquşmalar görmüş Cənubi Qafqaz regionunda savaşın ağırlığı ilə yüklənmiş insanların ümidlərini artırır.
Sülhə gedən yol çox vaxt keçmiş çəkişmələrin qaranlığına qərq olsa da, eyni zamanda ortaq arzular daha yaxşı sabah üçün ona işıq salır.
Hər kəs istəyir ki, razılıq əldə edilsin, regionda sabitlik hökm sürsün. Xüsusən də əsrlərdir toqquşmalar məkanı olmuş Cənubi Qafqaz əhalisi diplomatiyanın və sözlərin gücünü tanklardan, silahlardan, raketlərdən daha üstün tutur. Artıq inkişafa, sabitliyə doğru yol açmaq üçün əla fürsət var. Hər iki tərəfin diplomatları danışıqlar masası arxasına toplaşarkən, təkcə öz ölkələrinin siyasətini deyil, həm də sabitliyə can atan saysız-hesabsız insanların istəklərini ifadə edirlər. Sülh sazişini imzalamağa hazırlaşanlar da bu nüansları nəzərə almalıdırlar. Sülh potensialı Azərbaycan və Ermənistan xalqları üçün daha parlaq gələcək vəd edir. Bu səbəblə də Ermənistan bu tarixi məsuliyyəti dərk etməli, buna uyğun qərar verməlidir.
Humanizm dəyərlərini əsas tutaraq və xoşməramlı addım kimi, Azərbaycan Respublikası 32 erməni hərbçini, Ermənistan Respublikası isə öz növbəsində, 2 azərbaycanlı hərbçini azad edib.
Beynəlxalq ictimaiyyət isə Azərbaycan və Ermənistan liderlərini barışıq yolunda atılan cəsarətli addımlara görə alqışlayıb. Türkiyə, Almaniya, ABŞ, Avropa İttifaqı kimi bir çox ölkə və beynəlxalq qurumlar siyasi dialoqda irəliləyişi təqdir edib. Ölkələr arasında birbaşa danışıqlar vasitəsilə hərbçilərin qarşılıqlı dəyişdirilməsi təşəbbüsü Prezident İlham Əliyevə aiddir. Bu, Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiq qalmasının, o cümlədən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti nümunəsidir.
Bütün bu atılan addımlar fonunda onu demək olar ki, ölkə başçımız hər bir vətəndaşının gələcəyini düşünür, hər bir azərbaycanlının rifahı üçün çalışır. Prezident İlham Əliyevin göstərdiyi humanizm nümunəsi, həm də bütün əsgərlərimizin onun üçün nə qədər qiymətli olduğunun sübutudur. Aydın şəkildə görünür ki, ölkə başçısı prezident seçiləndə hər bir azərbaycanlının Prezidenti olacağı ilə bağlı verdiyi sözlərinə sadiqdir. Keçmiş məcburi köçkün və qaçqınlara, şəhid ailələrinə və müharibə iştirakçılarına olan qayğı, diqqət də verilən sözlərin reallaşmasının təzahürüdür.
O da qeyd edilir ki, xoş niyyətin təzahürü kimi, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyib. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan və Ermənistan arasında danışıqların müsbət yönə doğru getməsi, razılaşmanın əldə edilməsi, həmçinin də ölkələrarası münasibətlərin tənzimlənməsi yeni bir reallığın yaranması deməkdir. Həm də bu, onun göstəricisidir ki, münasibətlərin normallaşmasında vasitəçilər olmadan aparılan danışıqlar daha faydalıdır. İki ölkənin gələcəyinə yalnız özləri qərar verə bilər. Bu gün qarşılıqlı güvən yaratmaq, əlaqələri normallaşdırmaq üçün fürsət yaranıb. Dünyanın bir çox yerindən müxtəlif ölkələrin də yaxından izlədiyi Cənubi Qafqazdakı proseslər, Azərbaycan və Ermənistan arasında sülh potensialı region üçün transformasiya, yenilənmə və inkişaf vəd edir.
Nurcan SÜLEYMANOVA,
"Respublika".