İctimai modellə reallaşan ideyalar
Siyasət

İctimai modellə reallaşan ideyalar

XXI əsrin üçüncü onilliyindən tarixi keçmişimizə nəzər salanda izləri və xatirələri bu gün də həyatımızdan, yaddaşımızdan silinməyən ötən əsrdə baş verən hadisələrlə yanaşı, minillik tariximizin konturlarını da görmək olur. Yaşadığımız əsrin və minilliklərin davamı olmaqla onları genetik kodlarında yaşadanlar və əmanət kimi gələcək nəsillərə ötürənlər də insanlardır. Minillik köklər üzərində dayananların öz fəaliyyətini milli mənafe kontekstində qurması, şəxsi və ümumbəşəri mənafelərlə uzlaşdırması əsas funksiyalardan biridir. Yəni hər bir şəxsin emosiyadan özünüdərkə qədər yol keçməsinə ciddi ehtiyac var. Tarixin müxtəlif dönəmlərində "fərdi mən", "milli mən" və "ümumbəşəri mən" arasında münasibətlər bu və ya başqa şəkildə nizamlansa da, milli dövlətçiliyin olmaması ucbatından milli-mənəvi dəyərlərin qorunması çox çətinliklərlə üzləşir. Çünki təkcə əraziləri, maddi sərvətləri deyil, həmçinin milli ruhu, mənəvi dəyərləri qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yaxşı forması milli dövlətçilikdir. Milli dövlətçiliyin davamlı, kəsilməz bir proses olmasını təmin edən isə milli-mənəvi körpülərdir.

Ölkəmizin ərazisində dövlətçilik ənənələrinin dəfələrlə qırılmış və yenidən bərpa edilmiş qədim tarixi vardır. Milli dövlətçiliyimizin müstəqil dövlət qurumlarının birbaşa tarixi varislik olmadan fəaliyyət göstərdiyi məqamları böyük bir tarixi prosesin hissələridir. Bilavasitə tarixi varislik olmasa da, milli-mənəvi, mədəni varisliyin köməyi ilə (real, ya da virtual mənada) dövlətçilik ənənələri bütöv proses kimi yaşamaqda davam edir.

Dövlətçilik tarixində yaranan böyük fasilələr həmin ənənələrin yaşam hüququnun zəifləməsinə gətirib çıxarmışdır. Bu baxımdan da ulu öndər Heydər Əliyev dövlətçilik tariximizin kəsilməzliyinin təmini, ənənələrin qədim köklərinin üzə çıxarılması və müasir tariximizlə uzlaşdırılması üçün məqsədyönlü xidmətlər göstərdi. Müasir və müstəqil dövlət quruculuğunda qırılmaz əlaqələrin formalaşmasında yaxın keçmişimizi xüsusilə qeyd edən Heydər Əliyev yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə xalqa müraciətində demişdir: "Müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır".

Məlumdur ki, dövlətçiliyin inkişafı əsasən milli dövlət qurumlarının, dövlət başçılarının və milli-siyasi liderlərin fəaliyyətdə olduğu dövrlərlə sıx bağlıdır. Milli dövlətin olmadığı dönəmlərdə dövlətçilik ənənələri qismən də olsa, şifahi xalq ədəbiyyatı vasitəsilə yaşadılır. Bu baxımdan, 13 əsrdən artıq tarixə malik "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm abidənin dövlətçilik tariximizdəki rolu əvəzsiz olmaqla təsdiq edir ki, yaşadığımız ərazilərdə qədim və böyük bir mədəniyyət mövcud olmuşdur.

Azərbaycanda XX əsrin əvvəllərində milli dövlətimiz çox qısa müddətdə fəaliyyət göstərdiyindən dövlətçilik təfəkkürü və ənənələri formalaşa bilmədi. Əsrin sonunda isə dövlətçilik ənənələrinin və etnik-milli şüurun zəiflədiyi ölkəmiz yenidən müstəqillik qazandı. Dövlət işini ümumxalq işinə çevirmək, demokratikləşmə prosesinə və hüquqi islahatlara real milli-mənəvi zəmin hazırlamaq üçün çox mühüm işlər görüldü. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas qayəsini Ulu Öndər özü çox dəqiq müəyyənləşdirmişdir: "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir".

Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində əhalinin əksəriyyəti baş verən ictimai-siyasi prosesləri nəzəri səviyyədə duya bilmədiyindən onu qiymətləndirməkdə və optimal istiqamət seçməkdə ciddi problemlərlə üzləşirdi. Siyasi fəallıq olsa da, siyasi şüurluluq çatışmırdı. Psevdosiyasi meyilləri qızışdırmaq üçün daxildən, ən çoxu da xaricdən böyük təsirlərin olması adi vətəndaşlara da ziyan vururdu. “Vətən fədailəri”, millətə olan "sevgi"sinin qışqırmaqla tamamlandığını zənn edənlər əsrlərin və nəsillərin varisliyini təmin edə bilmədilər. Çünki vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil, bunun üçün dövlətçilik şüuru da tələb olunur. Dövlətçilik şüurunun, ənənələrinin yaranması üçün əhali xalqa, xalq millətə, sakinlər vətəndaşa çevrilməli, vətənpərvərlik duyğusu, Vətən anlamı milli mənə daxil olmalıdır. Xalqın taleyinə, ümummilli mənafelərə biganəlik olan yerdə dövlətçilik ənənələri yarana bilmir. Dövlətçilik əsasən mənəviyyatla bağlı olmaqla ümumvətən duyğusunu hər şeydən yüksək tutmaq vərdişi tələb edir. Ulu Öndərin təbirincə desək: "Adi vətəndaş da, əgər həqiqətən vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz".

Vətən idealı özünü dərk edən xalqda olur

Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız öz milli-mənəvi köklərinə qayıtmaqla milli mentalitetinə uyğun həyat tərzi qurmağa başladı. Bizə miras qalmış milli sərvətlərimizi qoruyub saxlamaq, dəyərləndirmək naminə müstəqil milli dövlətçiliyin varlığını bu yolda ən doğru nicat bildi.

Dövlətçiliyin təməl daşlarından biri milli fikir mövcudluğudur. Torpaq da, ərazi də o zaman vətən olur ki, o, milli ideyanın maddi təzahürlərinə çevrilsin. Milli anlam hər bir insana məxsus, spesifik xüsusiyyətləri əhatə etdiyindən daha korrektdir, yəni müəyyən adət-ənənələri, etnik-milli xüsusiyyətləri, milli dili ehtiva edir. Lakin riyaziyyatın, texnikanın, kompüterin dili isə qlobal mahiyyət daşıyır. Əvvəldə qeyd etdiyimiz "mən"lər arasında "fərdi mən" milli və ümumbəşəri mənləri ehtiva etdiyindən daha zəngindir. Milli və ümumbəşəri "mən"lər "fərdi mən"lə formalaşdırıldığından fərdlərin milli və ümumbəşəri meyarlara cavab verən ruhda yetişdirilməsi əsas şərtdir. Buna görə də mahiyyət etibarilə irrasional olan insanın mənəviyyatı önəmli olmaqla milli özünüdərk bu kontekstdə fərdi fəaliyyətin əsas elementinə çevrilir. Cəmiyyətin inkişafının təminatı üçün yaradılan təsisatlar, qaydalar da bu məqsədə xidmət edir. Kimliyimizi dünyaya çatdırmağın yeganə yolu da öz-özünü dərk etməkdir. Özünü dərk etməyən xalqın isə Vətən idealı ola bilməz.

Mütəfəkkirlər, görkəmli dövlət xadimləri, filosoflar həmişə insanlarda da, dövlətlərdə də mənəvi prinsipləri digər parametrlərdən üstün tutublar. Antik yunan filosofu Platon demişdir: "Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterlərindən yaranır".

Ölkəmizin, xalqımızın taleyinin ləyaqətlə gələcək nəsillərə ötürülməsi yolunda, genefondumuzun bel sütunu olan mənəvi sərvətlərimizin qorunması uğrunda həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Qeyri-maddi-mədəni irsimizə laqeydliyə son qoyulması üçün UNESCO qarşısında qaldırılan tələblər öz bəhrəsini verməkdədir. Bu istiqamətdə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması naminə gördüyü işlər, dünya mədəniyyətinə verdiyi töhfələr ölkəmizin bu günü və gələcəyi ilə yaşayan hər kəsə əsl nümunədir. Geniş mənada mənəviyyat məsələsi vətəndaşlıq, ləyaqət məsələsi olduğundan buna önəm verilməsinin nə qədər əhəmiyyətli olduğu bəlli olur.

Dünya elminə böyük töhfələr vermiş, planetimiz və kainat haqqında təsəvvürlərimizi dəyişdirən, nisbilik nəzəriyyəsi kimi fundamental kəşfi, empirik fərziyyələri və postulatları ilə bəşəriyyətə böyük xidmətlər göstərmiş A.Eynşteynin dedikləri bu yöndə çox maraqlıdır: "Bəşəriyyətin gələcəyi elmi tərəqqinin sabahından bir o qədər asılı deyil, insani əxlaqın və mənəviyyatın sabahkı mənzərəsindən asılıdır". Bu məqamda ümummilli lider Heydər Əliyevin - "İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır" fikrini yenidən xatırlayırıq və müasirləşən ölkəmizdə milli-mənəvi dəyərlərin nə qədər mühüm mahiyyət kəsb etdiyini, Ulu Öndərin buna verdiyi yüksək qiymətin bir daha şahidi oluruq. Xalqın taleyi və milli təhlükəsizlik üçün məsuliyyət daşıyan dövlət başçısının bu fikirləri söyləməkdə əsas məqsədi cəmiyyətdəki mənəvi boşluq meyillərini aradan qaldırmaq idi. Əsas məqam isə bəzən müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə yönləndirilən antimilli ictimai proseslərə elmi-nəzəri qiymət verməklə gənclərin tərbiyəsində təzahür edən bəzi neqativ halların aradan qaldırılması və tendensiyaya çevrilməməsi üçün ciddi tədbirlərin görülməsi idi.

Ləyaqət və ruh

Görkəmli dövlət xadimi, mahir siyasətçi və təcrübəli ölkə başçısı Ulu Öndərin mənəviyyata xüsusi önəm verməsinin əsas səbəbi XXI əsrin yeni meyarlar və mübarizə üsulları ilə səciyyələndiyini əvvəlcədən hiss etməsi idi. Doğrudan da yaşadığımız əsrdə istilanın yeni formulu mədəni-mənəvi sədləri keçmək, öz mənəvi prinsiplərini daha böyük ərazilərə yaymaqdan ibarətdir. Ona görə də tarixi şəxsiyyət Heydər Əliyev elə edirdi ki, başqaları da bizdən öyrənsin, yəni "ortaq məxrəc" prinsipi əsas götürülməklə hansı keyfiyyətlər üstündürsə, bəşəriyyət tərəfindən də onlar qəbul edilsin. Qloballaşma modelinə ən çox uyğun gələn də budur.

Bu fikirlərin səslənməsindən ötən təxmini 20 il ərzində Ulu Öndərin arzuladığı gənc nəslin yetişməsi üçün ictimai şüur düzgün istiqamətləndirilməklə gənclərin mənəviyyatının formalaşmasında ciddi işlər görüldü. Heydər Əliyevin milli ideologiyamızın əsas prinsipi kimi irəli sürdüyü "milliliklə ümumbəşəriliyin vəhdəti" ideyası Prezident İlham Əliyev tərəfindən siyasi varis kimi layiqincə reallaşdırılaraq maddiləşdirildi. Prezident özü bu barədə demişdir: “Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır... Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!”.

Azərbaycan Ordusunun, gənclərimizin, Silahlı Qüvvələrimizin qəhrəmanlığı, rəşadəti bu gün dünya hərb məktəbləri tərəfindən öyrənilir. İndi ölkəmiz bir çox keyfiyyətlərinə görə dünyada örnəkdir. Ərazilərimiz neft kəmərlərinin çəkilişi, Mərkəzi Asiyanın təbii sərvətlərinin Avropaya ötürülməsi baxımından çox strateji bir mövqe əldə edib. Bu gün Azərbaycan neft-qaz istehsal edən ölkədən Avropaya ixrac edən ölkəyə çevrilib, "yaşıl enerji"nin istehsalı və nəqli ilə məşğuldur. Bütün bunlar Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir.

Aparılan təqdirəlayiq işlər Azərbaycanı, Cənubi Qafqazı beynəlxalq miqyasda iqtisadi maraqların yönəldiyi əsas bölgələrdən birinə çevirmişdir. Amma vaxt var idi ki, əlimizdə heç bir təzyiq imkanı yox idi. Qarşı tərəf isə işğal etdikləri torpaqlarımıza istinad edərək onu özümüzə kompromis variant kimi təklif edirdi. Həmin dövrdə isə bizim əlimizdə beynəlxalq hüquq normalarına, haqq-ədalətə istinad etməkdən başqa heç bir vasitə yox idi. Beynəlxalq hüquq da işləmədiyindən, əlimizdə qalan yeganə vasitə haqlı olmağımız idi. Çox təəssüf ki, 30 il təcavüzün qurbanı təqsirkar, təcavüzkar isə sülh göyərçini kimi təqdim və təqdir olundu. Belə halların bu gün də davam etdiyinin yolverilməz və yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev MDB ölkələrinin dövlət təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri ilə görüşdə demişdir: "Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuz illik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı - bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur". Doğrudan da Azərbaycan bu gün də misli görünməmiş informasiya müharibəsi ilə üz-üzədir. Yeri gəlmişkən, qeyd edək ki, Vətən müharibəsi dövründə gedən informasiya mübarizəsində də ölkəmiz qalib oldu.

Hazırda güclər qeyri-bərabər olsa da, baş verənlər barədə həqiqətləri dünyaya çatdırmaq üçün müxtəlif platformalardan, beynəlxalq təşkilatlardan və digər formalardan geniş istifadə olunur. Qərb ölkələri, xüsusilə Fransa dünya üzrə media resurslarından istifadə etməklə öz ləyaqətlərini belə ayaqlar altına ataraq, var gücləri ilə Azərbaycana qarşı apardıqları iyrənc təxribat və yalançı kampaniya ilə ölkəmizi ittiham edirlər. Ermənilər Qərbdəki siyasi liderlərdən, senatorlardan, tabe olduqları mərkəzlərdən aldıqları təlimata uyğun iş aparır, bundan məharətlə istifadə edərək ictimai rəyi indi də öz istəklərinə uyğun formalaşdırmağa cəhd edirlər. Belə olan təqdirdə, "həqiqət onsuz da bizim tərəfimizdədir", - deməklə psevdoaktivlik göstərmək zamanı deyil.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uzaqgörənlik, praqmatizm, barışmaz prinsipiallıq və yenilməz iradə nümayiş etdirərək bizə maneə olan bütün güclərin müqavimətini sındırdı, dünyanı haqlı olduğumuza inandırmaqla tarixi missiyanı yerinə yetirdi. Qərb ölkələrinin və ABŞ-ın tutduğu mövqelər, üçtərəfli bəyanatla təsbit edilmiş, status-kvonun işğal dövründə olduğu kimi qeyri-müəyyən qalmasında maraqlı olduqlarına, verilən bəyanatlara baxmayaraq, strateji məqsədlərə uyğun qərarlar verən milli-siyasi lider Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da üzərinə götürdüyü, tarixi əhəmiyyət kəsb edən missiyanı ümummilli lider Heydər Əliyevin 100 illiyində çox böyük məharətlə başa çatdırdı.

Bütün həyatını xalqımıza həsr etmiş, müasir Azərbaycan dövlətinin qurucusu və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan ulu öndər Heydər Əliyevin vaxtilə dediklərini xatırlayaq: "Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi... zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz. Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz!".

Bu ideyaların və bunlara bənzər digər bir çox ideyaların çağdaş günümüzün reallığı olması, dövrümüzdə baş verənlərlə həmahəng səslənməsi onun müəllifinin ruhunun da şad olmasına işarədir.

İntellektlərin mübarizəsi və ya intellektual müharibə

İntellekt ağıl, idrak, zehin, zəka, təfəkkür, bilik, elm, fəhm, təxəyyül, intuisiya kimi anlamların toplumunun fövqündə olmaqla onları tamamlayan yüksək səviyyəni nümayiş etdirir. İntellektin hakimiyyətlə birgə mövcudluğu, həmrəyliyi sayəsində cəmiyyətdə ciddi dəyişikliklər baş verir. İntellekt enerjisinin təcəssüm etdiyi liderlər o qədər parlaq, müstəqil və güclü şəxsiyyətlər olurlar ki, onların siyasət və psixologiyası bütöv ölkənin siyasət və psixologiyasına çevrilir. Nəticədə yüksəlişin energetizmi yaranır, xalq öz liderinə inanır və onun arxasınca gedir. Millətin böyüklüyü ilə iqtisadi inkişafa nail olan milli-siyasi liderin mövcudluğu öz bəhrəsini vermiş olur.

Üçüncü minilliyə Azərbaycan illərlə, əsrlərlə yığılıb qalmış problemlə və bu problemin həllinə yeni çağırış ümidləri ilə qədəm qoydu. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanın illərlə həll olunmamış Qarabağ kimi problemi olsa da, milli mənafeyini maksimum qoruya bilən, dövrünün və gələcəyin inkişaf meyillərini daha səmərəli nəzərə alan Ümummilli Lideri var idi.

Bu səbəbdən də yeni minillikdə çox ciddi dinamik dəyişikliklər baş verdi. Çünki Azərbaycanda iqtisadi-siyasi yüksəliş həmişə xalqa başçılıq edən bu və ya digər liderlə sıx bağlı olub. Kökləri çox qədim zamanlara gedib çıxan lider fenomeni də məhz bundan qaynaqlanır. Uğur qazanmaq üçün lider işgüzar, istedadlı, hərtərəfli dünyagörüşlü, geniş bilik dairəsinə malik, daxilən mütəşəkkil olmaqla vaxtı gələndə ekstraordinar qərarlar qəbul etməyi bacarmalıdır. Çoxəsrlik dövlətçilik ənənələri qərarlaşmış, milli xüsusiyyətləri ilə fərqlənən ölkəmizdə liderlik məfhumu öncəgörmə intuisiyası və hissetmə qabiliyyətini ehtiva etməklə respublika dövlət quruculuğu strukturunda xüsusi rol oynayır.

Xalqımızın tarixi, mənəvi sinkretikliyi, məxsusi mentaliteti, geosiyasi reallıqlardakı konstruktivliyi, sosial konteksti əlavə şansın varlığını diktə edir. Buna bəzən "101-ci şans" da deyirlər.

Tarixə bir nəzər: İkinci Dünya müharibəsindən sonra triumvirat - ABŞ, SSRİ və Çin Yaponiyanı ağır və faciəli vəziyyətə məruz qoymuşdu. Belə ki, ABŞ ölkənin ən böyük şəhərlərindən ikisinə (Naqasaki və Xirosima) atom bombası atmışdı, SSRİ ərazisinin bir hissəsini işğal etmişdi, Çinlə münasibətlərdə də çoxəsrlik gərginlik hökm sürürdü. Həmin dövrdə Avropa məntiqinə uyğun olmayan "Yeni texnologiya + məxsusi mənəviyyat" (yenə də mənəviyyat) tarixi düsturu - "101-ci şans" formulu ilə bütün yaponlar birləşdi. Bəzən də texnoloji millətçilik adlanan bu intellektual fenomen sayəsində bir güllə belə atılmadan, oyun qaydaları pozulmadan Yaponiya ona olmazın məşəqqətlər, iztirablar yaşadanlar, əzab-əziyyət gətirənlər üzərində qələbəsini təmin etdi. Təsadüfi deyil ki, yaponizm fenomeninin özü də sinkretizm əsasında yaradılıb. Yaponiya renessansının mənbəyi mənəviyyat məsələləri ilə yüksək keyfiyyətli məhsul anlayışının qovuşması idi. Bu isə yapon ruhunun ali təzahürü hesab edilməklə yüksək vətəndaşlıq nümunəsi sayılır.

Azərbaycanın ruhuna yaxın olan bu uğur qazanmaq modelinə əsasən demək olar ki, bizim üçün "101-ci şans" tarixi şəxsiyyət və milli-siyasi lider faktorudur. Şəxsiyyətin, liderin intellekti isə onun konkret fəaliyyətində öz əksini tapmaqla həmişə yeni imkanlar, şanslar yaranmasında təzahür edir. Millət və ya xalq yalnız özünün, liderinin intellektual gücünə, qüvvəsinə və tarixi imkanlarına, şanslarına güvənəndə bütün sahələrdə qalib olur.

XX əsrin ortalarından təkamül yolu ilə öz inkişafının apogeyinə çatan müharibələr hazırda yeni meyarlar, yeni mübarizə üsulları ilə səciyyələnir. Müharibələrin formaları da, məzmunları da dəyişir, istilanın yeni formulu yaranır. Torpaq uğrunda müharibələr iqtisadi maraqlar, nəqliyyat dəhlizləri, öz mənəvi prinsiplərini daha böyük ərazilərə yaymaq uğrunda mübarizələrlə əvəzlənir. Həmçinin müasir dövrdə informasiyaya, elmi nəticələrə, biliklərə, intellektual resurslara nəzarət uğrunda mübarizənin get-gedə geniş vüsət alması "intellektual müharibə" deyilən situasiyanın yaranmasına gətirib çıxarır. Biliklərin, informasiyanın artım sürəti, ictimai statusu, qəbulu, emalı (təhlil və sintez) və ötürülməsi (istifadəsi) hakimiyyətin tarazlaşdırılmasında mühüm rol oynayır. Bu isə nəticə etibarilə biliyin, intellektual potensialın hakimiyyət demək olduğunu bir daha təsdiq edir. Liderlərin intellektual potensialının yüksək səviyyəsinin bütün sahələrdə mövcud olması xarici siyasət kursunun da kompleks şəkildə həyata keçirilməsinə imkan verir.

Ulu öndər Heydər Əliyevin dövründə də, indi də Ermənistanın xarici və daxili siyasətinin uğursuzluğa düçar olmasının əsas səbəbi iki ölkə liderlərinin intellekt səviyyələrinin kəskin fərqlənmələri və siyasət müstəvisindəki qeyri-bərabərliyidir. Bu fərq və təzad müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda, görüşlərdə daha kəskin hiss olunur. Münxen Təhlükəsizlik Konfransındakı panel müzakirələr zamanı beynəlxalq ictimaiyyət qarşısında qarşı tərəfin rüsvayçı vəziyyətə düşməsi, kəkələyə-kəkələyə yanlış fikirlər, sözlər söyləməsi, sonunda - “yox, üzr istəyirəm” deməklə gülüş hədəfinə çevrilməsi hamının xatirindədir. Hazırda bir çox Qərb ölkələri, Avropa Parlamentinin və bəzi beynəlxalq qurumların üzvləri bütün vasitələrlə bu "xüsusi çəki" - intellekt fərqini aradan qaldırmaq, nisbi də olsa, kvazitarazlıq yaratmaq üçün Ermənistan liderlərinə kor-koranə dini təəssübkeşliklə yanaşı, maksimum siyasi dəstək olmağa çalışırlar.

Bu isə mümkün deyil. Çünki intellekt əsasən həyatda qazanılan vərdişlər toplusu olmayıb, irsən, genetik-bioloji varisliklə ötürülən keyfiyyətlərdir. Və intellekt xüsusi siyasi təcrübə, ictimai-praktik fəaliyyətlə tamamlandıqda nəticə daha səmərəli olur. Yəni tez və qəti qərarlar qəbul etmək, məhdud vaxt ərzində öz fəhmi ilə düzgün yol seçmək asanlaşır. Qərbdəki bəzi beynəlxalq "arbitrlər" də unudurlar ki, Azərbaycan Prezidenti Şərqin dilini bildiyi kimi, Qərbin də dilini çox gözəl bilir və vəhdət ideyasından mahir ustalıqla yararlanır.

Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa müraciətində əksəriyyətin bütün keyfiyyətləri ilə hələ yaxşı tanımadığı İlham Əliyevi hamıdan yaxşı tanıdığı üçün demişdir: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyətdir".

Göründüyü kimi, Ümummilli Liderimiz ATAnın öz ÖVLADında dəyər verdiyi xarakterik xüsusiyyətlər sırasında intellekti ən öndə vurğulamışdır.

İdeya → Konsepsiya → Proqram və...

Nahaq yerə deyilməyib: Dövlət fikirdən başlayır. Dəqiq desək, dövlət o zaman fəaliyyət göstərir ki, onun barəsində zahirən görüntü xarakteri daşımayan ilk ideyalar müşahidə olunsun. Məhz tarixi şəxsiyyətlər perspektivlər barədə mülahizələr yürüdür, müxtəlif metod və modellərlə gələcəyin cizgilərini aydın göstərir, öz fəaliyyətlərində isə müxtəlif əməli ideyaları əks etdirirlər. Onlar xalqın düşüncəsində mövcud olanları qabardaraq üzə çıxarır və ya həmin dövrdə dumanlı şəkildə dərk edilən ideyaların aydın və dəqiq ifadəsini tapır, yəni şüurlarda mövcud olan düşüncə və qayələri dəqiq formalaşmış ideya şəklində təqdim etməklə epoxanın ideyasına çevirirlər. Tarixi təcrübədən də belə qənaətə gəlmək olur ki, əgər hissələr tama xidmət edirsə, nə qədər məşəqqətli, əziyyətli və əngəlli olsa da, sonda ideya öz ictimai modelini tapır. İdeyalarını gerçəkləşdirmək tarixi şəxsiyyətlərə xas olan xüsusiyyətlərdəndir. Tarixdən bizə məlum olan nümunələrdən isə bəllidir ki, siyasi liderlərə, tarixi şəxsiyyətlərə məxsus ideyaların reallaşdırılması, yəni ideyanın maddiləşməsi prosesi bəzən baş vermir.

Dövlət quruculuğu, geosiyasi strategiyalar, iqtisadi, siyasi və mədəni-mənəvi inkişaf sahələrində ideyaların kimin tərəfindən davam etdirilməsi çox mühüm və qlobal mahiyyət kəsb edir. Elm, sənət, mülkiyyət sahələrindən fərqli olaraq dünyəvi xarakterli ideyalar müəllifləri ideyalarının öz ictimai modelini tapması üçün mütləq seçim edirlər. Bu isə artıq ideya müəllifinin sosial-mənəvi, ictimai-siyasi sferada əbədilik qazanması deməkdir.

Məhz tarixi şəxsiyyətlər perspektivlər barədə mülahizələr yürüdür, müxtəlif metod və modellərlə gələcəyin cizgilərini aydın göstərir, öz fəaliyyətlərində isə müxtəlif əməli ideyaları əks etdirirlər. Onlar xalqın düşüncəsində mövcud olanları qabardaraq üzə çıxarır və ya həmin dövrdə dumanlı şəkildə dərk edilən ideyaların aydın və dəqiq ifadəsini tapır, yəni şüurlarda mövcud olan düşüncə və qayələri dəqiq formalaşmış ideya şəklində təqdim etməklə epoxanın ideyasına çevirirlər. Tarixi təcrübədən də belə qənaətə gəlmək olur ki, əgər hissələr tama xidmət edirsə, nə qədər məşəqqətli, əziyyətli və əngəlli olsa da, sonda ideya öz ictimai modelini tapır. İdeyalarını gerçəkləşdirmək tarixi şəxsiyyətlərə xas olan xüsusiyyətlərdəndir.

İdeyalar kompleksi mahiyyətinə, qlobal əhəmiyyətinə və reallaşma müddətinə görə şərti qaydada bir ömrə sığan və sığmayan olmaqla iki qrupa ayrılır. İnsanın öz ideyalarını gerçəkləşdirməsi bir ömrə sığan ideyalar kimi xarakterizə olunur. Qeyd edək ki, ideyanın reallaşmasına və ya maddiləşməsinə bəzən hadisə də (ideya - reallıq keçidi) deyilir. Qlobal ideyaların, bir ömrə sığmayan uzunmüddətli hadisələrin maddiləşməsi prosesi də iki yolla mümkündür. Birincisi ideyalar müəllifin davamçıları, ardıcılları ilə ictimai prosesə çevrilərək yaşadılır. İkincisi isə ideyaların maddiləşməsi prosesi genetik-bioloji varisliklə həyata keçirilir. Bu da nəticə etibarilə davamçı mahiyyəti daşımaqla ictimai reallaşma prosesi yaradır. Tarixdə bu halların hər birinə aid kifayət qədər nümunələr mövcuddur. Hər iki halın bir yerdə cəmlənməsi, yəni həm genetik-bioloji, həm də davamçı kimi var olması isə unikal haldır.

Tarixi şəxsiyyətlərin, milli liderlərin ictimai prosesə çevrilən qlobal, böyük miqyaslı ideyalarının hər iki mənada ardıcılları və davamçıları tərəfindən yaşadılması mahiyyət etibarı ilə eyniyyət təşkil edir. Filosofların da təbirincə desək: İdeyalar öz ardıcıllarını tapması müqabilində yaşayır. İdeyaların ardıcıllarının şəxsində davam etdirilərək yaşaması ideya müəlliflərinə ölməzlik qazandırır. Bu baxımdan Ulu Öndərin daha böyük miqyaslı ideyaları - iqtisadi, quruculuq, dövlətçilik sahəsində geosiyasi strategiyalar, milli-mədəni amallar, ümumbəşəri ideallar - ictimai proseslərə çevrilərək ona əbədilik qazandırmışdır.

İdeya müəllifinin tamamlanmayan planlarının həyata keçirilməsi ardıcılı, davamçısı və ya varisi tərəfindən reallaşdırılır. Əyanilik üçün ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətinə diqqət edək: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Ümummilli Liderin - mənim siyasi varisim dediyi Prezident İlham Əliyevin hər iki keyfiyyəti (varis və ardıcılı) özündə əks etdirməsi tarixdə az rast gəlinən nadir hallardandır. Varislik əsasında edilən seçimlə ideyaların yaşadılması mədəni-mənəvi, genetik əlamətlərlə sıx bağlıdır. Məlumdur ki, hər hansı perspektivli inkişaf modeli bu və ya başqa formada xalqın simasını tarixi baxımdan formalaşdıran ənənələrlə, təfəkkürlə əlaqəlidir. Bu prizmadan yanaşsaq, deyə bilərik ki, Azərbaycan dövlətçiliyi öz başlanğıcını ailədən, daha dəqiq desək, çoxəsrlik etnik-sosial ənənələrdən alır. Məhz bu amillərin sıx birliyi sayəsində də imperiyaların, ittifaqların dağılmasına baxmayaraq, Azərbaycan cəmiyyəti fəaliyyətini davam etdirir.

İdeya müəllifinə əbədilik qazandıran, ardıcılının ictimai prosesə çevirdiyi ideyalardan biri də azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından deportasiya olunmasına hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlıdır. Belə ki, ilk dəfə 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ideya formalaşdırılmışdır. Fərmanda qeyd olunur ki, dövlət səviyyəsində mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində doğma ərazilərində yaşayan azərbaycanlılar kütləvi qətl və qırğınlara məruz qalmış, minlərlə tarixi-mədəni abidələrimiz və yaşayış məskənləri qarət olunub, dağıdılıb viran edilmişdir.

Azərbaycan xalqının tarixində ilk dəfə idi ki, əsrlərlə yaşanan etnik təmizləməyə, zorla köçürülmə və soyqırımlarına, işğala dövlət səviyyəsində, rəsmi münasibət bildirilirdi. Təkcə ötən əsrdə müxtəlif illərdə (1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991) dörd dəfə həyata keçirilən etnik təmizləmə, deportasiya 1991-ci ildə başa çatdırıldı. İndi vaxtilə azərbaycanlıların mütləq əksəriyyət təşkil etdiyi həmin ərazilərdə yalnız ermənilər yaşayır.

Qarşılıqlı analoqu olmayan bu haqsızlıq və cəzasızlıq XX əsrin sonu XXI əsrin əvvəllərində Ermənistanı Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazilərinə qarşı yeni iddialara, "yeni ərazilər uğrunda yeni müharibələrə", güc tətbiqinə, hərbi işğala və insanlıq əleyhinə digər cinayətlərə sövq etdi. 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-dakı Konstitusiya quruluşunun bərpası üçün lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan tarixi ədaləti bərqərar etməklə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Hazırda əsas hədəflərdən biri indiki Ermənistan ərazisindən zorla çıxarılmış, deportasiya edilmiş azərbaycanlıların öz doğma yurdlarına qayıtması və onların beynəlxalq aktlarla təsbit olunmuş hüquqlarının təmin edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların qayıdışına xüsusi önəm və əhəmiyyət verərək iştirak etdiyi beynəlxalq konfranslarda, simpoziumlarda, beyin mərkəzləri ilə müzakirələrdə, forumlarda bu məsələlərə dair çoxsaylı fikirlər və təkliflərlə çıxış edib. Onlardan bəzi nümunələrə diqqət edək: “Ermənistanın bugünkü ərazisində kökləri olan azərbaycanlılar qayıtmağı çox arzu edirlər... Ermənistan oradan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının təbii humanitar tələbatlarının qarşısını almalı deyil... Azərbaycanlıların Ermənistan ərazisinə qayıdışına gəldikdə, biz Ermənistandan da eyni yanaşmanı gözləyirik. Ən azı eyni addım atsınlar və həmçinin kəndlərimiz haqqında məlumatı əldə etmək üçün elektron reinteqrasiya portalını yaratsınlar”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə iki ölkə arasındakı sülh müqaviləsindən danışarkən "Ermənistan + ..." qruplaşmasının məntiqsiz arqumentlərinə baxmayaraq, Qərbi azərbaycanlılarla bağlı mövqeyimizin dəyişməz olduğunu bəyan edərək demişdir: "...vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada (sülh müqaviləsində - red.) təsbit edilməlidir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə iki ölkə arasındakı sülh müqaviləsindən danışarkən "Ermənistan + ..." qruplaşmasının məntiqsiz arqumentlərinə baxmayaraq, Qərbi azərbaycanlılarla bağlı mövqeyimizin dəyişməz olduğunu bəyan edərək demişdir: "...vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada (sülh müqaviləsində - red.) təsbit edilməlidir".

İdeya insanı və dünyanı hərəkət etdirən yeganə fikir axını olduğu üçün Qərbi Azərbaycana Qayıdış (QAQ) ideyası da Qərbi azərbaycanlıları vahid bir mərkəz, konseptual ideya ətrafında birləşməklə hərəkətə gətirdi. Cəmiyyətdə bu ideyaya mənəvi tələbat olduğundan dərhal təmərküzləşmə baş verdi. İdeyaların öz ictimai modelini tapması üçün də fəaliyyətə başlanıldı. Belə məqamda filosofların dediyi - "Tələbat ideyaların anası, fəaliyyət isə beşiyidir" formulu təsdiqini tapır.

Göründüyü kimi, Ulu Öndərin ikinci ali hakimiyyəti dövründə rasional rüşeym şəklində formalaşdırdığı qlobal bir ideya - Qərbi Azərbaycana Qayıdış Ümummilli Liderin siyasi varisi, ardıcılı  Prezident İlham Əliyev tərəfindən ictimai-siyasi prosesə çevrilərək reallaşma mərhələsinə qədəm qoyub. Yəni Qərbi Azərbaycana Qayıdış ideyası özünün ikinci mərhələsində - konsepsiya mərhələsindədir. Konsepsiya vasitəsilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri müəyyənləşdirilmişdir. Qayıdış Konsepsiyası (QK) indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya olunmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi haqqında sanballı və mühüm sənəddir. Bu baxımdan böyük haqsızlıqlara məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpası regional təhlükəsizliyin, davamlı sülhün bərqərar olunması kontekstində ən önəmli məsələlərdəndir.

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının (QAİ) inzibati binasında yaradılan şəraitlə tanış olan dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Görüş zamanı nitqində Qərbi Azərbaycanın tarixindən, Qərbi azərbaycanlıların faciələrindən, torpaqlarımızın işğalından və Vətən müharibəsindəki Qələbəmizdən ətraflı və faktlarla söhbət açdı. Ermənilərin bizim tarixi torpaqlara köçürüldüyündən danışdı. Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmasını, onların hüquqlarının bərpa edilməsini və doğma torpaqlarına qayıtmalarını qeyd edərək, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının da vacibliyini xüsusi vurğuladı: "Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur". Məhz “Heydər Əliyev İli”ndə Qayıdış Konsepsiyası sənədi Qərbi Azərbaycan İcması tərəfindən təsdiq edilib (26 yanvar 2023-cü il), 14 mart 2023-cü ildə isə BMT-nin əsas orqanları olan Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılıb.

QAQ ideyasının növbəti mərhələsi isə tam əminliklə demək olar ki, Qayıdış Proqramı olacaqdır. Hazırda Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramı uğurla icra olunur. Böyük Qayıdış Proqramının (BQP) birinci mərhələsinin - 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Hadisələrin inkişaf istiqaməti və tempi BQP-nin növbəti mərhələlərindən birinin Qərbi azərbaycanlıların qayıdışına həsr olunacağını deməyə əsas verir. İnanırıq ki, Qərbi azərbaycanlıların taleyinə biganə qalınmaması QAQ ideyasının öz ictimai modelini tapması, yəni ideyanın tam reallaşmasını, maddiləşməsinə qədər tələb olunan zamanı - hadisənin müddətini sona yaxınlaşdırır. Beləliklə, hadisənin müddəti - ideya-reallıq keçidləri tarixən belədir:

  • İdeyanın formalaşması (1997)
  • QK-nın təsdiqi (2023)
  • BQP-nin növbəti mərhələsi
  • və evə dönüş...

Belə vahid konseptual ideya cəmiyyəti ayrı-ayrı adamların fərqli ideyalarının xaotik toplusundan və qarşıdurmalardan xilas edir. Qərbi Azərbaycan İcması bu yöndə fəaliyyət göstərən müxtəlif qurumları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını, informasiya resurslarını bir yerə cəmlədi və məqsədyönlü şəkildə iş aparılır. Əsas hədəf isə Qərbi Azərbaycana Qayıdış - evə dönüşdür. Bu gün QAİ çoxlu sayda müxtəlif, bəzən də bir-birinə zidd olan, vahid istiqamətdə olmayan hadisələrin yeganə əqidə ətrafında cəmlənməsi üçün xüsusi proqramla fəaliyyət göstərir, necə deyərlər, ilkin olaraq eklektik sistemin yaradılmasına çalışılır. İstəklərimizə nail olmaq üçün hamımız əzmkarlıqla, fədakarlıqla və inadkarlıqla, usanmadan çalışmalıyıq ki, Qərbi azərbaycanlıların taleyinə biganə qalmamaqdan qaynaqlanın QAQ ideyası da digər ideyalar kimi münbit şəraitdə, uyğun vaxtda və məkanında reallaşdırılsın.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşündə söylədiyi sözləri ilə fikrimizə tamamlamaq istərdik: "... mən bir daha demək istəyirəm ki, biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq".

Hümbət MUSAYEV.