Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər seçilməsi tarixi hadisə idi
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dördüncü kursunda oxuyurdum. Hərbi dərsləri başa vurub, Gəncə şəhərində "Yevlax yolu" deyilən hərbi hissədə üç aylıq təlim kurslarında iştirak edirdik. Heydər Əliyevin 1969-cu il 14 iyul plenumunda Azərbaycan KP MK-nın Büro üzvü və Birinci katibi seçilməsi xəbərini radioda eşidəndə yoldaşlarımın arasında bir canlanma əmələ gəldi. Hər kəsi bir sual düşündürürdü: Görəsən, respublikanın bundan sonrakı taleyi necə olacaq?
Uzaqgörən, müdrik ölkə başçısı 34 il ərzində öz zəngin təcrübəsi, yüksək intellekti, Azərbaycanın milli mədəniyyətinə və mənəviyyatına dərindən bələd olması sayəsində milli quruculuq siyasəti konsepsiyasını işləyib hazırlamış, onu dönmədən həyata keçirmişdir. Dahi rəhbər Azərbaycanı iqtisadi, mədəni intellektual cəhətdən dirçəltmək, qədim xalqını öz torpaqlarının və tarixi irsinin həqiqi sahibinə çevirmək yolunda mübarizəni ardıcıl şəkildə davam etdirmişdir. Ötən illər Azərbaycan iqtisadiyyatının, xalq təsərrüfatının, mənəviyyatının, ümumiyyətlə, elm, təhsil, səhiyyə və mədəniyyətinin sürətli inkişaf dövrü kimi yadda qalmışdır. Həmişə xalqın dili, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında dəyərli fikirlər söyləyən, əməli tədbirlər həyata keçirən Heydər Əliyev Azərbaycan tarixi və onun problemləri ilə daim maraqlanmış, bu mühüm sahənin öyrənilməsi, tədqiqi və təbliği məsələlərini ön plana çəkmişdir. Ötən əsrin 70-ci illərindən Azərbaycanda sağlam milliyyətçilik ideologiyasının yayılması, yeni elmi konsepsiyaların formalaşması, gərgin axtarışların aparılması bu dahi şəxsiyyətin bilavasitə rəhbərliyi ilə həyata keçirilmişdir. Heydər Əliyev Azərbaycanın ən çətin vaxtında rəhbərliyə irəli çəkilmiş və respublikanı nəinki iqtisadi gerilikdən çıxara bilmiş, habelə qısa vaxtda onun sürətli tərəqqisinə nail olmuşdur.
Mərkəzi Komitənin 1969-cu il avqust plenumunda Heydər Əliyev etdiyi çıxışında o zaman respublikanın sosial-iqtisadi vəziyyətinin necə ağır bir tənəzzüldə olduğunu açıq şəkildə bəyan etmişdi. Böyük şəxsiyyətin gücü onda idi ki, həmin dövrdə bu vəziyyəti düzgün qiymətləndirə bilmiş, obyektiv inkişaf qanunauyğunluqlarına əsaslanmış, milli xüsusiyyətləri nəzərə almış, cəmiyyətin sağlam qüvvələrinə arxalanaraq qətiyyətlə fəaliyyətə başlamışdı.
Heydər Əliyev idarəçiliyi dövründə Azərbaycanda nəhəng inşaat-tikinti işləri aparılmış, müasir sənayenin böyük tikintilərindən olan məişət kondisionerləri zavodu, ayaqqabı fabriki, "Azərelektroterm" və onlarla iri müəssisələr inşa edilmiş, Gəncə, Naxçıvan, Sumqayıt, Şirvan (Əli Bayramlı), Mingəçevir, Lənkəran, Şəki, Xaçmaz və s. şəhərlərdə 200-dən çox sənaye və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Azərbaycan pambıqçılıqda, çayçılıqda, tütünçülükdə, üzümçülükdə və başqa sahələrdə öncül yerlərə çıxmışdı.
XX əsrin 70-80-ci illərində elm və təhsilin inkişafına qayğının artırılması respublika hökumətinin diqqət mərkəzində duran ən ümdə vəzifələrdən biri idi. Heydər Əliyev özünəməxsus müdriklik və uzaqgörənliklə aydın dərk edirdi ki, elmi, təhsili inkişaf etməyən millətin ümumi tərəqqisini təmin etmək mümkün deyil. Ona görə də bu müdrik şəxsiyyətin respublika rəhbərliyinə gəlməsi ilə həmin sahələrin inkişafı dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi.
Həmin illərdə tədrisin keyfiyyətinə ictimai nəzarət gücləndirildi. Hamının yaxşı yadındadır ki, ötən əsrin 60-cı illərində Azərbaycan ali məktəblərində, xüsusilə tələbə qəbulu ilə əlaqədar yaranmış qeyri-sağlam meyillər ölkənin gələcəyi, milli intellektual potensialın inkişafı üçün təhlükələr yaradırdı. Ona görə də xalqın intellekt səviyyəsini yüksəltməyə çalışan Heydər Əliyevin təşəbbüsü və bilavasitə yaxından iştirakı ilə ali məktəblərə qəbul ümumrespublika səviyyəli mühüm tədbir xarakteri aldı. XX əsrin 70-ci illərində ilk dəfə olaraq SSRİ-nin yüksək səviyyəli elmi müəssisələrinə təhsil almaq üçün ildə min nəfərə qədər gənc oğlan və qız göndərildi. Bu, əslində yeni bir ali məktəb demək idi.