Azərbaycan haqlı, həm də güclü tərəfdir
Siyasət

Azərbaycan haqlı, həm də güclü tərəfdir

Yeni reallıqlar fonunda məğlub Ermənistanın məntiqsiz davranışları

"Mən həmişə sual edirəm ki, kimin kim olduğunu başa düşmək üçün onlara həqiqətən də bu müharibə lazım idi? Mən çalışırdım ki, başa salam, çalışırdım deyəm ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bizim səbrimiz tükənir, biz sizi məhv edəcəyik. Bu, mənim sitatımdır: "Müharibə başlasa, biz sizi məhv edəcəyik". Bu, cəsurluq və ya təbliğat əlaməti deyildi, bu reallıq idi. Biz nəyə qadir olduğumuzu bilirdik. Hətta onlara başqa ölkələr tərəfindən hərbi dəstək göstərilsəydi,- mən fiziki hərbi dəstəyi nəzərdə tuturam,- bu, bizi dayandırmayacaqdı. Bizim motivasiyamız var idi, biz belə davam etməkdənsə, ölməyə hazır idik...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib.

2020-ci il dekabrın 1-də Laçın rayonunun da dinc yolla Azərbaycana təhvil verilməsi qalibiyyətli İkinci Qarabağ müharibəsini sona çatdırdı, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş oldu. 30 ildən bəri "hərbi qüdrəti" ilə öyünən, Azərbaycanla güc yolu ilə danışan işğalçı Ermənistanın xalqımızın Zəfərlə başa çatdırdığı Vətən müharibəsində biabırçı məğlubiyyəti ilə Cənubi Qafqazda bu qlobal münaqişənin bitdiyini düşünmək olar. Lakin bu sonluq qan çanağına döndərdikləri Qafqazdan əllərini çəkmək istəməyən bəzi imperialist dairələri ciddi narahat edir.

Təcavüzkar Ermənistanın sonuncu rayonumuzu da tərk etməsi ilə 30 il ərzində məhz Laçın dəhlizi vasitəsilə bu ölkədən və xaricdən hərtərəfli dəstək alan və Qarabağ bölgəsində pozuculuq fəaliyyətilə məşğul olan erməni separatçı və terrorçu qruplaşmalarının sonuncu nəfəsliyi də bağlanmış oldu. Bununla da işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirildi və tarixə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adı ilə düşmüş mürəkkəb bir etnosiyasi qarşıdurma başa çatdı. Azərbaycanın nəyə nail olduğunu isə qısaca şəkildə belə qeyd etmək olar: Azərbaycan beynəlxalq güclər tərəfindən Cənubi Qafqaz ətrafında qurulmuş möhkəm bir siyasi oyun torunu dağıdaraq 30 il işğal altında qalmış ərazilərini azad etdi, özünün ərazi bütövlüyünü təmin etdi. 1 milyondan çox məcburi köçkünün öz doğma torpaqlarına qayıda bilməsi təmin edildi. Bölgədən kənar güc mərkəzlərinin siyasi oyununa aldanan acgöz və xain qonşu - Ermənistan ibrətamiz şəkildə cəzalandırıldı. Bu oyunun ssenari müəllifləri gözləmədikləri halda heç cür yol vermək istəmədikləri bir vəziyyətlə üz-üzə qaldılar. Belə ki, Cənubi Qafqazın gələcəyində Azərbaycanın maraqları baxımından mühüm rol oynaya biləcək Türkiyənin bu regionun siyasi həyatına girişi təmin olundu. Azərbaycan dünya miqyasında heyranlıq və rəğbət doğuran qeyri-adi tarixi bir uğura imza atdı: bölgədən kənar güclərin Cənubi Qafqaza hibrid müdaxiləsini aradan qaldırdı və bu, bölgədə sülhün və sabitliyin başlanğıcını qoydu. Münaqişənin başlanğıcında qurban roluna layiq görülmüş Azərbaycan ən böyük güc və söz sahiblərinin qurduğu məkrli bir siyasi oyundan 30 il sonra qalib kimi ayrıldı.

Keçmiş Dağlıq Qarabağ münaqişəsi 30 il ərzində dünyanın, xüsusilə Avropanın siyasi gündəmində dayanan ən uzunömürlü və həllinin heç də asan olmadığı iddia edilən münaqişə idi. Əslində, keçirilən yüksək səviyyəli görüşlərdən, müzakirələrdən, səsləndirilən bəyanatlardan belə başa düşülürdü ki, dünya birliyinin, ATƏT-in keçmiş Minsk qrupunun da məqsədi bölgədə sülhə nail olmaqdan ibarətdir. Ancaq nədənsə 28 il müddətində heç bir nəticə əldə edilmədi. Bu məsələ düz 30 ildən sonra həllini tapdı. Belə ki, münaqişə tərəfləri arasında 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı.

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı bəyanatla real sülhə doğru atılan addıma qarşı çıxmaq heç bir baxımdan məntiqli görünmür. Çünki bu Bəyanat sülhə nail olmaq istiqamətində 30 il ərzində qazanılmış ilk böyük nəticədir.

Müharibədən iki il vaxt keçməsinə baxmayaraq, məğlub Ermənistan hələ də sülh sazişini imzalamaqdan imtina edir, Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipə məhəl qoymur, bununla sülhü yox, təxribatı seçir. Bununla da regionda sülhün təmin olunmasının tərəfdarı olmadığını göstərir. Məğlub ölkə əslində yaxşı anlayır ki, dövlət kimi onun inkişafı, xalqının nicatı yalnız sülh müqaviləsinin bağlanmasından asılıdır.

Bəli, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçün yeni imkanlar yarandı və bu istiqamətdə müxtəlif formatların müzakirə edildiyi bir vaxtda bölgədə vəziyyəti gərginləşdirməyə yönələn müəyyən proseslər yaşanır. Bütün bunlara baxmayaraq, Azərbaycan bölgədə davamlı sülhün bərqərar olmasına çalışır və ölkəmizin bu istiqamətdəki fəaliyyəti də dünyanın sülhpərvər dövlətləri tərəfindən təqdir olunur. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən dəstəklənir. Belə ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyi dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilir, işğaldan azad etdiyimiz ərazilər üzərində suveren hüquqlarımızın bərpası beynəlxalq birlik tərəfindən tanınır, haqq işimizə əvvəlkindən daha çox dəstək verilir. Bütün bunlar isə Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir. Dövlət başçısının xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə yaratdığımız yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasını təmin etdi. Əlbəttə, burada düzgün aparılan informasiya siyasəti ilə yanaşı, həm də Azərbaycanın gücü də əsas rol oynadı. Azərbaycan haqlı tərəf olduğu kimi, həm də güclü tərəfdir. Bunun fonunda məğlub ölkə olan Ermənistanın məntiqsiz davranışı vaxtı uzatmaqdan başqa bir şey deyil.

Zümrüd QURBANQIZI,

"Respublika".