10 noyabr Bəyanatı imzalandıqdan sonra Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında baş verən hadisələr Ermənistanın xeyrinə çalışan mexanizm rolunu oynayır. Demək olar ki, hər gün erməni təxribatlarının baş verdiyinin şahidi oluruq.
Qeyri-qanuni erməni silahlı birləşmələrinin atəşkəsi pozması faktları Rusiya sülhməramlı kontingenti tərəfindən əngəllənmir, rəsmi hesabatlarına daxil edilmir. Sülhün bərqərar olması, təhlükəsizliyin təmini müddəaları kəskin şəkildə pozulur. Azərbaycanın mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən mütəmadi atəşə tutulur. Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinə, o cümlədən Ermənistan ərazisindən Kəlbəcər, Tovuz, Daşkəsən rayonlarına müxtəlif çaplı silahlardan atəşlər açılır.
Ötən il noyabrın 17-də isə qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Müdafiə Nazirliyi qeyd edib ki, qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının müharibə dövründə talan edilən təbii sərvətlərimizin monitorinqini aparmaları üçün yollandıqları suverən ərazilərimizə sülhməramlılar tərəfindən heç bir əsas göstərilmədən, buraxılmamaları etiraz aksiyalarının keçirilməsinə səbəb oldu.
Yaxın keçmişdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopterin Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərməsi aşkar məsuliyyətsizlik idi. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopterin xüsusi üsulla endirilərək zərərsizləşdirilməsinə baxmayaraq, erməni təxribatlarının ardı-arası kəsilmir.
Qanunsuz erməni silahlı dəstələrinin Laçın rayonunun Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində basdırdığı piyada əleyhinə mina sahəsinin aşkarlanmasına təəssüf ki, sülhməramlı kontingentin heç bir reaksiyası olmadı. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə aşkar edilən minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunub. Bütün bunlar Rusiyanın da, Ermənistanın da imzası olan üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır. Belə ki, Bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilərkən qanunsuz erməni silahlı qüvvələrinin paralel olaraq çıxarılması təmin edilməli idi. Uzun müddət keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur.
Rusiya sülhməramlıları neytral mövqe sərgiləməli və üçtərəfli Bəyanatın icra edilməsinə çalışmalıdır. Laçın yolu vasitəsilə silah və minaların daşınmasına nəzarət etdikləri ərazilərdən ordumuzun bölmələrinin atəşə tutulmasına imkan verilir. Bütün bunlar onu göstərir ki ermənilərin təxribatlarının qarşısı həm də sülhməramlılar tərəfindən qəti surətdə alınmalıdır.
Nurlan ABDALOV,
"Respublika".